Everesti 10 dəfə fəth edən alpinist zirvədən enərkən öldü
Britaniyalı alpinist Noel Hanna Nepalın mərkəzindəki Annapurna Himalay dağ silsiləsindən enərkən ölüb.
Şimali İrlandiyadan olan 56 yaşlı idmançının ölümü barədə çərşənbə axşamı məlumat yayılıb.
Məlumata görə, Hanna aprelin 18-də dünyanın onuncu ən hündür zirvəsini - 8091 metrlik Annapurna dağını fəth etdikdən sonra dünyasını dəyişib. Əvvəllər dünyanın bütün ən yüksək zirvələrini fəth etmiş idmançının ölümünün dəqiq səbəbi barədə məlumat verilmir.
Qeyd edək ki, Hanna dünyanın ən yüksək zirvəsini - Everesti on dəfə fəth edib. 2018-ci ildə o, Pakistanın Kəşmir və Çinin Sincan-Uyğur Muxtar Bölgəsi sərhədindəki dünyanın ikinci ən yüksək zirvəsi olan Çoqori dağına qalxan ilk irlandiyalı alpinist olub.
Mənbə: TASS