Fransada nazir köməkçisinin “Playboy”a müsahibəsi qalmaqal yaratdı
Fransanın baş naziri Elizabet Born keçmiş dövlət katibi Marlen Şyappanı “Playboy” jurnalına müsahibə verməyə razılaşdığına görə qınayıb.
Məlumata görə, Born şəxsi zəngində Şyappaya onun müsahibəsinin hazırkı kontekstdə “heç də uyğun olmadığını” bildirib.
Hazırda iqtisadiyyat nazirinin köməkçisi olan Şyappa əvvəllər gender bərabərliyi və ayrı-seçkiliyə qarşı dövlət katibi vəzifəsində çalışıb. O, “Playboy”a qadın hüquqları ilə bağlı geniş müsahibə verib. Şyappa ilə söhbətin yer alacağı jurnalın nömrəsi aprelin 6-da işıq üzü görəcək.
“Qadınların öz bədənlərinə nəzarət etmək hüququ hər yerdə və hər zaman qorunmalıdır. Fransada qadınlar azaddır”, - eks dövlət katibi jurnala verdiyi müsahibəni şərh edərkən “Twitter” hesabında yazıb.
Şyappanı hakim İntibah Partiyasının parlament qrupu dəstəkləyib. Qrupun sözçüsü bəyan edib ki, qadın rəsmi jurnal üçün poza verməyib və öz müsahibədə ciddi mövzuları gündəmə gətirib.
Mənbə: lenta.ru