Mar 14

Almaniya Cənubi Qafqazda Azərbaycanı əsas tərəfdaş kimi görür - ŞƏRH

Almaniya Cənubi Qafqazda Azərbaycanı əsas tərəfdaş kimi görür və regionla bağlı siyasətini genişləndirmək əzmini nümayiş etdirir.

“Report” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya budəfəki işgüzar səfəri də bunu bir daha sübut etdi.

Əvvəllər Cənubi Qafqaz regionunda fəal olmayan və bu regionla bağlı siyasətini Rusiyanın üzərindən həyata keçirən Almaniya Avropanın və dünyanın aparıcı ölkələrindən biri kimi bu siyasətini yenidən nəzərdən keçirir və Azərbaycanı ciddi, vacib tərəfdaş qismində qiymətləndirir.

Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibli görüşlərdə də Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Olaf Şoltsun mövqeyində Azərbaycanla əlaqələri inkişafı etdirmək niyyəti açıq şəkildə bildirilib.

Frank-Valter Ştaynmayer dövləti başçısı ilə görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələr apararaq sülh müqaviləsinin imzalanacağına ümidvar olduğunu ifadə edib. Almaniya Prezidenti ölkəsinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin apardığı missiyaya dəstək verdiyini də qeyd edib, bu əsnada tezliklə Brüsseldə görüşün keçiriləcəyinə əmin olduğunu deyib:

“Şarl Mişelin missiyasına hər iki tərəfin etimadı var. Almaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”.

Prezident İlham Əliyev sülh müqaviləsinin imzalanmasının təşəbbüskarının Azərbaycan olduğunu vurğulayaraq, bu məqsədlə Azərbaycan tərəfindən 5 prinsip irəli sürüldüyünü əlavə edib:

“Hazırda sülh müqaviləsinin imzalanması istiqamətində tərəflər arasında təmaslar davam etdirilir”.

Prezident İlham Əliyev Azərbaycanın Şarl Mişelin təşəbbüsü ilə başladılmış Brüssel gündəliyinə sadiqliyini söyləyib:

“Brüssel platforması əsasında qəbul edilmiş bəyanatlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının əsasını təşkil edir”.

Almaniya dövlət başçısı ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha vurğulayıb və ümidvar olduğunu bildirib ki, tezliklə Brüsseldə Azərbaycan və Ermənistan dövlət başçıları arasında görüş keçiriləcək.

Kansler Olaf Şoltsun mövqeyi və görüşlər zamanı ifadə olunan fikirlər də göstərir ki, Almaniya Azərbaycanın əhəmiyyətini qəbul edir və vurğulayır. Şolts Almaniyanın Qarabağdakı vəziyyətdən narahat olduğunu vurğulayıb:

“Bizim üçün Azərbaycan və Ermənistan arasında uzunmüddətli münaqişənin sülh yolu ilə həll olunması vacibdir. Ümumi məqsədimiz insanların mənafeyi naminə tez bir zamanda davamlı həll yoluna nail olmaqdır. Bu həll Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həyata keçirilməlidir. Almaniya bu işdə öz dəstəyini verməyə hazırdır”.

Almaniya Kansleri vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması mümkün qədər tez baş verməlidir.

Prezident İlham Əliyev də Olaf Şoltsla görüşdə Ermənistanın şansı qaçırmayacağına ümid etdiyini deyib:

“Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, bu şansı Ermənistan qaçırmayacaq və nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaq”.

İlham Əliyevin Almaniyaya işgüzar səfəri iqtisadi əlaqələrin genişləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi baxımından da xüsusi önəm kəsb edir. Həm Kanslerlə görüşü, həm də Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə olduqca səmərəli müzakirələr aparması bunu bariz təcəssümüdür.

Bənzər xəbərlər

Gündəm

0.087536096572876