Lukaşenko ehtiyatda olan zabitlərin hərbi xidmətə çağrılması haqqında fərman imzaladı
Belarus Prezidenti Aleksandr Lukaşenko “Ehtiyatda olan zabitlərin hərbi xidmətə çağrılması haqqında” fərman imzalayıb.
Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat verib.
“Sənəddə 2023-cü ildə yaşı 27-dən az olan 230 nəfərə qədər kişi cinsindən vətəndaşın silahlı qüvvələrə çağrılması nəzərdə tutulur. Həmçinin hərbi kafedra və ya fakültələrdə ehtiyatda olan zabit hazırlığı ilə bağlı müvafiq proqramlar üzrə təhsil almış, zabit hərbi rütbəsi olan və ehtiyatda olan 20 nəfərədək şəxsin də sərhəd xidməti orqanlarına çağrılması qeyd olunub”, - deyə məlumatda bildirilir.
Mətbuat xidməti qeyd edib ki, bu fərmanın icrası silahlı qüvvələrdə zabit heyətinin komplektləşdirilməsi səviyyəsini yüksəltməyə və səfərbərlik ehtiyatının yüksək səviyyəli hazırlığını təmin etməyə imkan verəcək.
Məlumatda o da bildirilib ki, sərəncamda nəzərdə tutulmuş tədbirlər hər il respublikanın silahlı qüvvələrində planlı şəkildə keçirilir.
Mənbə: TASS