FHN Bakı Regional Mərkəzinin rəisi: “Göstərdik ki, hər zaman qardaş Türkiyənin yanındayıq”
“Fevralın 6-da dünyada əsrin ən böyük faciəsi baş verib. Güclü zəlzələ Kahramanmaraş başda olmaqla, 17 şəhərdə böyük dağıntılar törədib. Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin 760 nəfər şəxsi heyəti Türkiyəyə ezam olunub”.
APA-nın xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov bildirib.
Məhərrəm Həsənov deyib ki, Azərbaycan xilasediciləri tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilərək 17-i uşaq olmaqla, 53 nəfər canlı xilas edilib, 780 nəfərin isə cəsədi dağıntılar altından çıxarılıb: “Fevral ayının 6-dan bu günə qədər Kahramanmaraş, fevral ayının 6-dan martın 1-nə qədər Hatay şəhərində axtarış-xilasetmə işləri həyata keçirilib. Xilasedicilər qarşılarına qoyulan vəzifəni layiqincə yerinə yetirib”.
FHN Bakı Regional Mərkəzinin rəisi qeyd edib ki, bundan əvvəl FHN xilasedicilərinin bir qrupu Türkiyədən Azərbaycana qayıdıb: “Bu gün də növbəti qrup Azərbaycana qayıdıb. Biz Türkiyədə vəzifəmizi yerinə yetirərkən başda Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva olmaqla, o cümlədən nazir Kəmaləddin Heydərov tərəfindən bizə daim xüsusi diqqət ayrılıb. Azərbaycan mediasına da minnətdarlığımızı bildiririk, gördüyümüz işləri yüksək qiymətləndiriblər. Biz Azərbaycan xilasediciləri olaraq göstərdik ki, hər zaman qardaş Türkiyənin yanındayıq. İlk gündən biz zəlzələ bölgəsinə getdik, ən son da biz ayrıldıq. Allah bundan sonra bizi ən xoş günlərdə bərabər etsin”.