Feb 13

AYB-nin Qubadlı Regional Bölməsində yazıçı-publisist İlhamə Nasirin "İŞIQ" adlı kitabının təqdimatı keçirilib

AYB-nin Qubadlı Regional Bölməsində yazıçı-publisist İlhamə Nasirin "İŞIQ" adlı kitabının təqdimatı keçirilib

 

Tədbirdə elm xadimləri, yazıçı və şairlər, mətbuat nümayəndələri və oxucular iştirak etdilər.

Tədbiri giriş sözü ilə  AYB-nin Qubadlı Regional bölməsinin sədri Namiq Əliyev açaraq, yazıçı İlhamə Nasirin ədəbiyyata verdiyi töhfələrdən  və eyni zamanda bu bölmənin fəaliyyətində onun da böyük əməyi olmasından iştirakçılara geniş məlumat verdi.

Tədbirin aparıcısı tanınmış yazıçı, "Qobustan" jurnalının əməkdaşı Narıngül Nadir İlhamə Nasirin qələmə aldığı "İşıq" romanı barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Yazıçının bənzərsiz üslubundan, qeyri-adi; bədii-fəlsəfi düşüncələrindən danışdı.

Sonra söz iştirakçılara verildi.

AJB-nin Şərqi Zəngəzur Regional Təşkilatının sədri, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Bərgüşad” qəzetinin baş redaktoru Qafqaz Əvəz oğlu: İlhamə Nasirin əsərləri "Bərgüşad" qəzetində dəfələrlə çap olunub. Maraqlı, mənalı, oxucunu təsir altına salan yazıları adamı valeh edir. Bu yaxınlarda onun "Qulağıkəsiklər" hekayəsini oxudum. İlahi, İlhamə xanım vətəninə, millətinə xəyanət edənləri sətiraltı ifadələrlə elə ustalıqla göstərib ki, mən heyrət elədim. Bir sözlə, İlhamə Nasir bizim fəxrimizdir.

 Şair, yazıçı, tənqidçi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, Rafiq Yusifoğlu:  Hər yazıçı detallar üzərində əsər yarada bilmir. Mən bu istedadı İlhamə Nasirdə onun "Atamın çıçək qızı" hekayasini oxuyarkən gördüm.  Çox sevindim. Çünki bu bir tapıntıydı. Sonra İlhaməni şəxsən tanıyanda, onun bu istedadına təəccüblənmədim. Dostum Nasirin qızıymış. Mən İlhaməni hələ özü dünyaya gəlməmişdən öncə atasının gözlərində görmüşdüm. Atası Nasir yaşca məndən böyük olsa da möhkəm dostluğumuz vardı. Mən institutun birinci, o, isə beşinci kursunda oxuyurdu. Nasirin gözlərində həmişə qəribə bir parıltı görürdüm. Sən demə o parıltı bax bizim bu İlhamə imiş. İlhamə istedadlı olmaya bilməzdi. Çünkü o, Eldan Baxışın qucağında böyüyüb. Hələ əmisi Fazil Cəbrayılovu demirəm. Çox gözəl şair idi. Biz o vaxt onun şeirlərindən çox bəhrələnmişik.

Şair-publisist İlham Qəhrəman: Qubadlı yazarlar beşiyidir. Adaşım İlhamə xanım pis yaza bilməz. Düzdür, onun bu əsəri ilə hələ tanış deyiləm, amma əminəm ki, ürəyimcə olacaq.

"Zəngilanın səsi" qəzetinin baş redaktoru, şair-dramaturq Salam Cavadlı: Mən İlhamə xanımı illər öncə tanımışam. Daha doğrusu özünündən qabaq əsərlərini ilə tanış idim. Qələmə aldığı bütün əsərləri oxucunu təsir altına sala bilir. "Qırmızı darvaza" hekayəsini oxuyanda boğazım qəhərdən kilidləndi. İlahi, insan hissi; ağrı, acı, nisgil, həsrət sözlə necə ifadə oluna bilərmiş? Özümü gördüm o əsərdə. İlhamə Nasir sıradan bir yazıçı deyil.

AYB  Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin:  İllər öncə mənə Türkiyədəki ədəbi dərgilərin birindən zəng gəldi və İlhamə Nasiri soruşdular. "Sizdə belə bir istedadlı yazıçı var, onun əsərləri çox möhtəşəmdir" dedilər.  Tez girib internetdən araşdırdım. Yazdığı hekayələri oxudum. Həqiqətən hamısı bir-birindən gözəl, maraqlı, ustalıqla qələmə alınmış hekayələr idi. Çox sevindim. Bizim yazıçı xanımın səsi-sorağının xaricdən gəlməsinə çox qürrələndim. Elə o vaxtdan mən İlhamə xanımı izləyirəm.

Yazıçı-ssenarist Hafiz Ataxanlı: İlhamə Nasirin bir-neçə gün öncə AYB-nin “Natəvan” klubunda keçirilən kitab təqdimatında da iştirak etdim. Orda "İşıq" romanının ilk oxucusu kimi çıxış etdim. Roman o qədər səlist dillə, axıcı təhkiyə ilə yazılıb ki, su kimi içdim. Son vaxtlar oxuduğum ən maraqlı əsərdir. Hər bir cümləsi roman yüklüdür.  İşlənən bədii təsvir vasitələri olduqca maraqlıdır.Bu yazıçının uğurudur. Romana eyni zamanda bir ssenarist kimi yanaşdım. Əsərdə o qədər kadr-trop var ki, gözəl filmlər çəkib, ərsəyə gətirmək olar. Mən çox istiyərəm ki, bu əsər filmləşsin. Gəlin bu işə biganə qalmayaq. Çünki, belə əsrlər hər dəfə ələ düşmür. Mən bu kitab haqqında mütləq bir məqalə yazacağam.

Şair Mahir Cavadlı:  Bu kitab eyni zamanda bir tarixi sənəddir.  Tarix hər zaman ədəbiyyatda yaşayır. Tarixə söykənmiş belə bədii əsərlərə çox ehtiyac var.

Şair Mürvət Qədimoğlu:  Kitabın adı xüsusi ilə maraqlıdır; "İşıq". Qəhrəmanın adı və qələbəyə gedən yola düşən işıq. İlhamə xanım sadəcə əsər yazmayıb, həm də qələbəyə düşən işığı göstərib. Sonuncu cümləyə fikir verin. "Muradın baxışlarındakı işıqda tut ağacından asılmış yelləncəyin kölgəsi göründü". Təsəvvür edin, hələ Qubadlı işğal altında olarkən yazılan bu əsərdə qələbəyə bir işarə var. Ona görə deyirlər ki, əsl yazıçılarda öncədəngörmə qabiliyyəti olur. 

 Şair- pedaqoq Solmaz Cahangirova Laçınlı: İlhamə Nasir  Azərbaycan ədəbiyyatında məxsusi yeri olan yazıçılardan biridir. Əslində onun esseləri, hekayələri dərsliklərə salınası əsərlərdir. Bunun üçün bir araşdırmaçı pedaqoq kimi bəzi aidiyyatı şəxslərə müraciət etmişəm.  İnanıram ki, gələcəkdə İlhamənin özünəməxsus yaradıcılığından çox faydalanacaqlar. Yazıçılar həmişə öz əsərləri ilə yaddaşlarda qalar. 

  Qubadlı rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Müşkünaz Muradova: Kitabı oxudum, əsər məni öz təsirinə necə saldısa, bir müddət çıxa bilmədim. Hadisələr o qədər ustalıqla göstərilib ki, elə bil Qubadlının işğal günlərində yaşadıqlarımı yenidən yaşadım. Qaysaqlamış yaram yenidən qanadı. Oxuduqca "Allah sənə insaf versin, İlhamə!" dedim. Bu kitab İlhamə xanımın vətən ilə döyünən ürəyinin təcəssümüdür. Kitabda öz doğma yurd-yuvası haqqında düşüncələrinə, xatirələrinə də rast gəldim.

 Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli: Çağdaş Azərbaycan nəsrinin yaddaqalan imzasıyla seçilən yazıçı İlhamə Nasirin "İşıq" romanı bədii-estetik cəhətdən mükəmməl yerinə yetirilmişdir. Gerçəyi özündə əks etdirən tarixi hadisələrin çatdırılması, təbliği baxımdan da çox əhəmiyyətlidir. Yazıçı mükəmməl ədəbi priyomlardan məharətlə istifadə edərək, fərdi üslubundan irəli gələn gedişlərlə qəhrəmanın daxili yaşantısını, emosiyalarını, xarakterik cəhətlərini daim gərginlikdə saxlayan hadisələrin inkişaf axarında çatdıra bilir.  "İşıq" romanı bədii imkanlarıyla Qubadlı işğalının və erməni cinayətlərinin, həmçinin fars-molla rejimin mahiyyətinin açılması baxımından yüksək peşəkarlıqla yerinə yetirilmişdir.

 Ədalət Nicat, Asif Talıboğlu, Usta Fəxrəddin, Mədaxil Cavadlı, Xaqani Abbasəli, Mayıl Məmmədli, Əliyar Günəşoğlu, Qazi İmadəddin Səlim, Arzu Göytürk, Gülvin Gülpinar, Şəfa Ağayeva, Səadət Salmanqızı və digər qonaqlar da müəllifi təbrik edib, ona yeni uğurlar arzuladılar.

Sonda yazıçı İlhamə Nasir tədbir iştirakçılarına, kitabın ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkür etdi və QRB-nin  bu təşəbbüsünü yüksək qiymətləndirdi. "Öncə Qubadlı Regional bölmənin yaradılmasında əməyi olan AYB-nin sədri, xalq yazıçısı  Anara, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova və bu bölməyə sədrlik edən Namiq Əliyevə minnətdaram. Belə tədbirlərin keçirilməsi həm də torpaq adamlarının görüşüdür. Heç olmasa torpaqlarımıza qayıdana qədər belə görüşlər lazımdır.  Mən hər zaman qəlbimdə bir nisgillə yaşamışam. Və bu nisgil mənə öz əhatəsindən kənara çıxmağa imkan verməyib.  Amma indi çox rahatam, bir qalib kimi qürur hissi keçirirəm. Qələbəni bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə və qəhrəman Ordumuza təşəkkür edirəm. İnanıram ki, bundan sonra qələmimdən nisgili təmizləyib yeni-yeni əsərlər yazacağam. Sağlıq olsun!".

"Mozalan" jurnalının redaktoru Aynurə Ulduz

Bənzər xəbərlər

Gündəm

0.031341075897217