Həyat bahasına başa gələn səhvlər: Bakı sakinlərinin zəlzələdən qorxmaq üçün səbəbləri - FOTO
“2019-cu ilə qədər aparılan inşaat işlərində Respublika Seysmoloji Xidmət Mərkəzinə müraciət olunurdu. İndi belə müraciətlər almırıq”.
Bunu ötən gün keçirilən mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O qeyd edib ki, müraciətlər olanda mərkəzin əməkdaşları tikiləcək binaların yerinin seysmoloji balını müəyyən edib, rəy verirdilər. Təəssüf ki, bir neçə ildir, reaksiya verən yoxdur.
Türkiyədə fevralın 6-da baş verən dən sonra sosial şəbəkələrdə sakinlər paylaşımlar edirlər. Bəziləri binaların keyfiyyətsiz materiallardan inşa edildiyini, bəziləri isə konstruksiyaya müdaxilə olunduğunu deyirlər. Sakinlər pula görə ustaların ucuz materiallara üz tutduqlarını, bu səbəbdən də binanın zəlzələdən tamam yararsız hala düşdüyünü qeyd ediblər.
Bəs görəsən, Bakıda binalar inşa edilərkən Seysmoloji Xidmətə niyə müraciət edilmir? Paytaxt sakinlərinin təhlükəsizlik barədə qorxuları gerçəkləşə bilərmi? Binaların zəlzələyə davamlılığı üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı Mozalan.az-a açıqlama verən memar Muxtar Ərturanın sözlərinə görə, hər bir fərdi layihə üçün Seysmoloji Mərkəzə müraciət etməyə ehtiyac yoxdur:
“Bizim, əslində, Şəhərsalma və Tikinti Məcəlləmiz var. Məcəlləyə əsasən standartlaşdırma aparılır. İstənilən layihə hazırlanarkən onun konstruksiyası standartlara uyğunlaşdırılır. Orada bütün seysmoloji məsələlər nəzərə alınır. Bütün bunlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilən Şəhərsalma və Tikinti Məcəlləsində öz əksini tapır”.
Memar qeyd edib ki, standartlara uyğun layihə verilsə də, icrası zamanı nəzərəçarpacaq dərəcədə kobud nöqsanlar buraxılır:
“Problem Bakıda layihələr üzrə binalar tikilərkən standartlara riayət edilməməsidir. Bir sıra standartlara uyğun layihə verilib, təsdiq olunsa da, nəticədə icraçılar tərəfindən kobud nöqsanlar buraxılır. Yəni bina standartlara uyğun tikilmir”.
M.Ərturan əlavə edib ki, Bakıda keyfiyyətsiz binaların sayı həddən çoxdur:
“Bakı şəhəri üçün binaların hündürlüyü sovet dönəmindəkinə uyğun olmalıdır. Səkkiz-doqquz mərtəbəni keçməməlidir. O vaxt elə idi. Sonradan qanunlarda dəyişiklik edildi. Mərtəbə sayını qaldırdılar. Bu da təhlükə yaradır.
Layihələr düzgün qaydada verilir. İcraçı armaturun, dəmirin, digər inşaat materiallarının keyfiyyətini aşağı salır. Bu da faciəli hadisələrə gətirib çıxarır. Azərbaycanda böyük maqnitudalı zəlzələ olsa, fəlakət qurbanlarının sayı Türkiyədən də çox olacaq. Çünki Bakıda keyfiyyətsiz binaların sayı həddən çoxdur”.
Muxtar Ərturan Türkiyədə binaların yüngül konstruksiya ilə tikildiyini söyləyib:
“Türkiyədə baş verən hadisənin ən böyük səbəbi odur ki, onlar inşaat zamanı betona, armatura güc vermirlər. Binaları daha çox yüngül konstruksiyalarla tikməyə önəm verirlər. Tez tikib, satmağa çalışırlar. Dəmir-metal konstruksiyalı binalara böyük zərurət var. Belə binalar 7-8 bal gücündə olan zəlzələlərə dözümlüdür. Etmirlər burada. Həddən ziyadə böyük vəsait tələb edən layihədir. Bunu tətbiq etsələr, artıq əmlakın qiyməti qalxar”.
Seysmoloji Xidmət Mərkəzinin (RXSM) Mətbuat Xidmətinin rəhbəri Vüsalə Rafiqqızı 2019-cu ildən bəri tikinti ilə bağlı normativ sənədlərdən seysmik rəyin çıxarıldığını bildirib:
“2019-cu ilə qədər müraciətlər olurdu. Lakin həmin ildən sonra bu məsələ qanunvericilikdən çıxarılıb: yaşayış binalarına rəy verilməsi götürülüb. Tikilən yeni binalarla bağlı bizim xidmət rəy vermir. MTK-lar bizə müraciət etmirlər. Məsuliyyəti tikinti şirkətləri özləri daşıyırlar”.
V.Rafiqqızı əlavə edib ki, hər ərazinin öz relyefi, quruluşu var:
“Bakı şəhəri mürəkkəb quruluşa malikdir. Bir küçədə 8, digərində 7 ballıq zəlzələ təhlükəsi var. Həmin torpağın seysmikliyi qiymətləndirilməlidir ki, tikinti aparılsın. Fundamenti qurulmalı, bərkitmə işləri görülməlidir ki, davamlılıq olsun. Bal artdıqca bərkitmə işləri üçün xərclər də artır. Bu da tikinti aparanların üzərindədir. Tikinti zəlzələ təhlükəsinə uyğun aparılmalıdır”.
Vüsalə Rafiqqızı Türkiyədə baş verən zəlzələnin Azərbaycandakı ocaqlara təsirinin olmadığını əlavə edib:
“Ərazi seysmikdirsə, nə vaxtsa zəlzələ ola bilər. Ərazilərdə enerji toplanmır. Xırda-xırda olur. Heç kəs dəqiq deyə bilməz. Amma Türkiyədəkinin buradakı ocaqlara heç bir təsiri yoxdur”.
Nəzrin Vahid