Feb 07

Azərbaycanda quş qripinə qarşı aparılan monitorinqlərin nəticələri AÇIQLANDI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədi ilə keçirdiyi epizootoloji monitorinqlərin nəticələri açıqlayıb.

AQTA-dan Mozalan.az-a verilən məlumata görə, 23-27 yanvarda keçirilən monitorinqlərdə Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalarında və digər ərazilərdə vəhşi quşlara ümumi baxış keçirilib.

Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə 59 baş müxtəlif növ vəhşi quş ovlanıb və onlardan patoloji materiallar götürülüb. Bu müddətdə Bakı və Sumqayıt şəhərindəki, Abşeron, Lənkəran, Cəlilabad, Xaçmaz, Siyəzən, Salyan və Neftçala rayonlarındakı 9 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 90 baş quşdan, Bakı şəhəri, Şabran, Xızı, Salyan, Abşeron, Lənkəran, Ağcabədi, Xaçmaz, Astara və Neftçala rayonlarındakı ümumilikdə 179 ailə təsərrüfatlarında isə müxtəlif növ 537 baş ev quşundan laboratoriya müayinəsi üçün qan nümunələri götürülüb, quş damlarına ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.

Monitorinq zamanı vəhşi və ev quşlarından götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində yüksək patogen quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.

Monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında da müşahidələr aparılıb, xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.

Bənzər xəbərlər

Gündəm

0.037850856781006