Blinken: “İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantlar nəzərdən keçirilir”
“ABŞ hökuməti İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hərbi əməliyyatları istisna etmir”.
Bu barədə ABŞ Dövlət katibi Antoni Blinken “Al Arabiya”ya müsahibəsində deyib. O xatırladıb ki, İran hakimiyyətinin yayın sonunda beynəlxalq nüvə sazişinə qayıtmaq imkanı var idi, lakin onlar bundan imtina etdilər.
“İndi bizim diqqətimiz o vaxtdan bəri baş verən bir çox hadisələrə cəmlənib. O cümlədən gənclərin, xüsusən də qadınların öz əsas hüquqlarını müdafiə etmələri və bu xüsusda İran xalqına qarşı yönəlmiş dəhşətli repressiyalar da diqqətimizdədir. Eyni zamanda, İranın Ukraynaya qarşı müharibəsində Rusiyanı necə dəstəklədiyini, bu ölkəyə pilotsuz təyyarələr və digər silah sistemləri verdiyini də görürük”, - deyə Blinken qeyd edib.
Dövlət katibi bildirib ki, ABŞ İranın nüvə proqramı ilə bağlı beynəlxalq səviyyədə gərginliyin aradan qaldırılması üçün diplomatiyanın ən təsirli yol olduğuna əmindir.
“Diplomatiya hər zaman gündəmdədir. Lakin Prezident Bayden də açıq şəkildə bildirdi ki, biz İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlıyıq və bunun baş verməməsi üçün bütün variantlar danışıqlar masasında qüvvədədir. Lakin diplomatiyaya daha çox üstünlük vermək istərdik”, - deyə o əlavə edib.
ABŞ-nin hərbi variantı nəzərdən keçirib-keçirmədiyi ilə bağlı suala cavabında Blinken qeyd edib ki, “bütün variantlar diqqətə alınır”.