Aug 09

 Futbol meydançalarının yerində kababxanalar tikilib-ASTARADA

Narkomaniya indi bir çox insanları narahat edən bəlalardan sayılır. Onlar bundan çıxış yolunu idmanda görürlər.

“Narkomanlıq nə üçün artır? Əsasən də gənclər arasında. Vaxtlarını səmərəli keçirtmək üçün yerlər yoxdur. Bu yerlərdən biri də idmandır. Milyonlarla pul xərcləyib idman kompleksləri inşa edilib. Amma, 100 mindən çox əhalisi olan Astara rayonunda münasib futbol meydançası yoxdur.”

Bu sözlərin müəllifi Astara şəhər 2 saylı orta məktəbin tarix müəllimi Tarif Əliyev-dir. O, sözünə davam edir:

“Məktəblərin idman və futbol meydançaları yararsız vəziyyətdədir”

“Astara İdman Olmpiya Kompleksi, boks mərkəzi var. İdmana marağı məktəblərdə oyadardılar. İndi məktəblərin idman və futbol meydançaları yararsız vəziyyətdədir. İşlədiyim Astara şəhər 2 saylı məktəbi əsaslı təmir etdilər, onun futbol meydançasını yaddan çıxartdılar. Rayonda idman məktəbi var. Orada heç bir şərait yoxdur. Nə istilik sistemi, nə də duşu işləyir.”

Tarif Əliyev hesab edir ki, bunun kökündə idmana və gənclərə biganəlik durur:

“Astara şəhərində böyük futbol meydançası istəyirik”

“Neçə illərdir rayonun gəncləri deyirlər ki, Astara şəhərində böyük futbol meydançası istəyirik. Yaxın keçmişimizdə iri kəndlərdə futbol meydançaları olub. Yox olmuş futbol meydançaların yerində kababxanalar, yeməkxanalar, nə bilim nələr tikilib. İstəyirik ki, gənclərimiz asudə vaxtlarını idmana sərf etsinlər. Mən həm də Müsavat Partiyasının rayon təşkilatının sədriyəm. Bir təşkilat olaraq təkliflərimizi, iradlarımızı rayon icra hakimiyyətinə göndərmişik.”

Astara şəhər sakini Nəcməddin Məmmədov da narahtlığını gizlətmir:

“Teatr yox, idman yox,... ”

“Mən özüm futbolçu olmuşam. İnsanlar axın-axın futbola baxmağa gələrdilər. Gənclərin ən çox maraq gösərdiyi idman növü futboldur. O vaxtları narkomanların sayı da az olub. Gənc indi hara getsin? Özləri villa tikməklə, oğurluq etməklə məşguldurlar. Teatr yox, idman yox, futbol, voleybol meydançası yox, bu gənc hara getsin? Ən böyük məsuliyyət rəsmilərin üzərinə düşür.”

Astara İdman məktəbinin futbol üzrə müəllimi Etibar Axundov isə bunları deyib:

“ Bizdə Olumpiya İdman Kompleksi pulludur. Uşaqlardan pul toplayıb saat hesabı ilə orda oynayırıq. Orada da böyük futbol meydançası yoxdur, kiçik meydançadır. İnanın ki, futbol meydançası məsələsi bizim yaralı yerimizdir. Astara şəhərinin kənarında olan Rüdəkənar kəndində futbol meydançası var, yararsızdır. Oranı ot basıb. Meydançaya əl gəzdirilməlidir...”

“ Bu torpağı ələ keçirtmək üçün növbəyə durublar”

İranla sərhəddə yerləşən Rüdəkənar kəndindəyik. Futbol meydanaçsı bu kəndin sonunda yerləşir. Oranı ot, qanqal basıb. Meydança yararsız vəziyyətdədir. Yaxınlıqda yaşayan kənd sakini Namiq Mirzəyevin deməsinə görə, bu yeri ələ keçirtmək üçün növbəyə durublar:

“Bir iş adamı buranı ələ keçirtmişdi. Şikayət elədim, gəldilər, baxdılar, iş adamını burdan çıxartdılar. Bu torpağı ələ keçirtmək üçün növbəyə durublar. Meydança yararsızdır. Təmizləyirəm. Məftillə əhatəyə alınıb. Özüm təmir edirəm. Təmanasız edirəm. Belə vəziyyətdə gəlib burda futbol oynayırlar. Şəhərdən aralıda olsa da tamaşaçılar çox olur. İndi narkomanlıq böyük bəlaya çevrilib. Gənclərimiz boğulur. Onları qurtarmaq lazımdır.Bunn üçün də futbol, voleybol, idman var. Maraq göstərirlər.”

Astara Rayon Gənclər və İdman idarəsinin rəisi Ərçə Əliyev isə rayonda idman sahəsində uğurların olduğunu deyir:

“Astara Olimpiya İdman Kompleksi məhdud məsuliyyətli cəmiyyətdir, nazirliyin balansındadır. Orada bir çox xidmətlət pulludur. Uşaqlarda sərbəst güləş pulsuzdur. Müasir tipli futbol meydançasının inşa edilməsi ilə bağlı məsələ həmişə diqqətdə olub.Plana da salmışdılar. Kəndlərdə sadə tipli futbol meydançaları var. ”

“Buna baxmayaraq idmanda uğurlarımız var ”

Onun deməsinə görə, Təngərud, Suparibağ, Artipa, Şiyəkəran, Pensər kənd məktəblərinin həyətlərində futbol meydançaları var :

“Durub deyəsən ki, meydançalarda hər şey qaydasındadır, yox. Pandemiya dövründə məhdudiyyətlər var. Ona görə idmanla aktiv məşğul olmaq mümkün deyil. Buna baxmayaraq idmanda uğurlarımız var. İldə 130,150 medalımız olur. Sərbəst güləş, boks, futbol idman növlərində uğurlarımız çox olub. İdmançılar yarışda iştirak etmək üçün yoxlamadan keçməlidirlər. Həkmin rəyi olmaldır. Söhbət 18 yaşdan yuxarı olan gənclərdən gedir. Biz narkomaniya ilə bağlı 20 tədbir keçirtmişik.”

Astara Təhsil Şöbəsinin əməkdaşı Seyran Novruzov da onların ünvanına deyilən iradlarla razılaşmır:

““Futbol meydançası yoxdur” demək düz deyil”

“İdman və futbol meydançaları əksər məktəblərdə var. Demirəm bütün təchizatları var, amma meydançalar fəaliyyət göstərir. Meydançalar orta vəziyyətdədir. “Futbol meydançası yoxdur” demək düz deyil.”

“Pandemiya gəldi, bu iş müvəqqəti dayandırıldı ”

Astara Rayon İcra Hakimiyyəti başcısının birinci müavini Allahverən Mahmudov da deyir ki, böyük futbol meydançasının tikilməsi gündəlikdə durur. Onun sözlərinə görə, bundan ötrü icra hakmiyyəti başcısı iki il bundan əvvəl Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına da müraciət etmişdi:

“Bunun üçün Rudəkənar kəndində yer də ayırdılar. Qanunla müəyyən edilmiş qaydada torpaq alınmalı idi. Pandemiya gəldi, bu iş müvəqqəti dayandırıldı. Təxirə salınıb. Amma planda böyük futbol meydançasının tikilməsi var. Gənclərimiz Olumpiya İdman Kompleksində məşğul olurlar. Orada hər bir şərait var. Buna baxamayaraq rayona standartlara uyğun futbol meydançası vacibdir.”

Bənzər xəbərlər

Gündəm

0.028990030288696