Təhsil Nazirliyi adından DƏLƏDUZLUQ... - "Bu da açıq-aşkar görünür..."
Təhsil Nazirliyinin adına sosial şəbəkələrdə səhifə açıb, övladlarının sinfini dəyişmək istəyən valideynləri aldadırlar. Belə ki, səhifəni idarə edən şəxslər valideynlərdən dövlət rüsumu adı ilə qanunsuz pul istəyirlər. İnstaqramda 3 mindən çox izləyicisi olan ''Təhsil nazirliyi'' adlı səhifəni idarə edənlər valideynləri aldatmaqla məşğuldurlar. Belə bir problemlə qarşılaşan valideynlərdən biri həmin şəxslə yazışmalarını ''Xəzər Xəbər''in vatsap nömrəsinə göndərib. Həmin valideyn övladını təhsil aldığı məktəbdə sinfini dəyişmək üçün ''Təhsil nazirliyi'' adlı səhifəyə yazıb. Səhifəni idarə edən şəxs bunun mümkün olduğunu, ancaq bu məqsədlə göndərilən hesab nömrəsinə dövlət rüsumu adı ilə 467 manat ödənməli olduğunu qeyd edib. Valideyn qarşı tərəfə bu əməlin qanunsuz olduğunu bildirdikdə isə həmin şəxs məbləğin rəhbərlik tərəfindən müəyyənləşdirildiyini qeyd edib.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən təhsil eksperti Kamran Əsədov vurğulayıb ki, təhsil sistemi artıq ciddi şəkildə elektronlaşıb. Onun sözlərinə görə, bəzi hallarda təhsil sistemində göstərilən xidmətlərin elektronlaşması valideynlər üçün müəyyən çətinliklər yaradır:
"İstər birinci sinfə şagird qəbulu, istərsə də şagirdlərin yerdəyişməsi və digər proseslər Təhsil Nazirliyi tərəfindən elektronlaşdırılıb. Burda isə əsas məqsəd şəffaflığın təmin edilməsidir. Lakin elektronlaşma valideynlərdə müəyyən qədər çətinliklər yaradır və nəticədə onlar bu xidmətlərin göstərilməsi üçün kimlərəsə müraciət edir. Təbii ki, burada iki məsələ var. Birincisi, Təhsil Nazirliyinin adından pul yığılma, yəni etibardan sui-istifadə halları, ikincisi isə kimlərsə bu elektron xidmətləri ödənişli əsaslarla göstərir. Yəni belə deyək ki, hansısa tədris mərkəzi və şəxslər valideynin yerinə hər hansı bir xidməti ödənişli əsaslarla göstərir. Burada hər hansı qanuni məsələ yoxdur. Amma sırf pulun qarşılığında hansısa müsbət xidmətin göstərilməsinə dair vədin verilməsi isə artıq ciddi şəkildə qanun pozuntusudur. Yəni Təhsil Nazirliyinin adından pul yığmaq və şagirdi sinifə qəbul etdirmək yalan vəddir. Həmçinin, "pul ver, övladını başqa məktəbə və ya sinfə keçirim" kimi məsələlər də ciddi qanun pozuntusudur. Qeyd edim ki, Təhsil Nazirliyinin elektron xidmətlərə keçməsi təhsil sistemində korrupsiyanın, rüşvətin, əsassız tələblərin ciddi şəkildə aradan qaldırılmasına gətirib çıxarıb. Biz bu günləri əminliklə deyə bilərik ki, istər şagirdlərin birinci sinfə qəbulu, istərsə də şagirdlərin yerdəyişməsi kimi məsələlər tamamilə hər hansı bir müdaxilə olmadan, şəffaf və obyektiv şəkildə həyata keçirilir. Bir çoxları burda valideynin etibarından sui-istifadə edir. Guya ki, şəffaf deyil və ancaq kənar müdaxilə ilə bu mümkündür. Hər kəs birmənalı şəkildə bilməlidir ki, Azərbaycanda şagirdlərin birinci sinfə qəbulu, bir məktəbdən digər məktəbə, yaxud da bir sinifdən digər sinfə yerdəyişməsi tamamilə ödənişsizdir. Bunlar elektron qaydada həyata keçirilir və buna görə də kimlərəsə pul verilməməlidir".
K.Əsədov qeyd edib ki, Təhsil Nazirliyinin elektron sistemlərində yalnız dövlət rüsumu olan diplomların tanınması məsələsi var:
"O da 250 manatdır. Bu da açıq-aşkar görünür. Yəni siz pulu fərdlərə deyil, banka ödəyirsiniz. Bu günləri Təhsil Nazirliyində elektron xidmətlər tamamilə şəffaf olaraq həyata keçirilir. Hər hansısa bir şəxsin burda üstünlüyü və təsir imkanı yoxdur. Nəzərə alaq ki, bu gün ölkədə hamının kompüterə və internetə çıxış imkanı yoxdur. Hər kəs bu platformalardan istifadə edə bilmir. Bu platformalardan istifadə edə bilmədiyi üçün valideynlərin bu vəziyyətindən kimlərsə istifadə edir. Ona görə də hesab edirəm ki, mütəmadi olaraq elektron xidmətlərin göstərilməsi üçün vətəndaşa dəstək mərkəzləri yaradılmalıdır. Bunun sayəsində hər hansı bir elektron xidməti yerinə yetirə bilməyən vətəndaşlara köməklik edilmiş olar".