Rəsmilərin qazın bahalaşması ilə bağlı QAZLI YALANLARI... - Hədəfdə əhalinin 70-80 faizidir...
İyunun 30-da Tarif (Qiymət) Şurası SOCAR-ın müraciəti əsasında əhaliyə satılan təbi qazın qiymətini bahalaşdırıb. Nəticədə iyulun 1-dən etibarən 1 kubmetr təbii qazın qiyməti əhali üçün istehlak həcmindən asılı olaraq 5 qəpikdən 15 qəpiyədək artıb. Belə ki, indiyədək əhali üçün təbii qazın satış tarifləri – illik istehlak həcminin 2200 m3-dək (2200 m3 daxil) olan hissəsi üçün 1 kubmetri 10 qəpik, illik istehlak həcminin 2200 m3-dən çox olan hissəsi üçün 1 kubmetri 20 qəpik idi.
Tarif Şurasının yeni qərarı ilə istehlak həcmi kateqoriyasının sayı 3-ə çatdırılıb. 1 kubmetri 10 qəpik olan 2200 m3-dək olan hissə 1000 m3 azaldılaraq 1200 m3-ə endirilib. 1200 m3-dək (1200 m3 daxil) olan hissə üçün tarif 1 kubmetri 10 qəpik, istehlak edilən qazın 1200 – 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kubmetri 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 1 kubmetri 25 qəpik müəyyənləşdirilib.
Tarif Şurası deyib ki, əhali abonentlərinin təxminən 51%-i (5 milyon nəfər) illik 1200 m3-dək təbii qaz istehlak edir, həmçinin, xərclərinin artmaması üçün əhali qənaətcil istilik sistemlərindən istifadə etməlidir.
Bundan başqa, sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb. Həmçinin, elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla, 12 qəpikdən 13 qəpiyə dəyişdirilib. “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi isə 20 qəpikdən 13 qəpiyə endirilib.
Sıxılmış təbii qazdan istifadə edən ictimai nəqliyyat vasitələri üçün də tariflər 20 qəpikdən 13 qəpiyə düşürülüb. Digər sahələrdə (ticarət, xidmət və s.) rentabelli fəaliyyət təbii qazın tarifindən daha az asılı olduğu üçün tariflər 5 qəpik artırılıb.
Tarif Şurası yaxın xaric üzrə əhaliyə satılan təbii qaz tarifləri ilə müqayisə də aparıb. İddia edib ki, 2020-ci ildə Ankarada (Türkiyə) qaz orta hesabla 32 qəpik, Kiyevdə (Ukrayna) 32,6 qəpik təşkil edib. “Hazırda qiymət Ankarada 32-40 qəpik, Kiyevdə isə 54 qəpik səviyyəsindədir. Yeni müəyyənləşdirilmiş tariflər bəzi ölkələrin tarifləri ilə müqayisədə yenə aşağıdır. Belə ki, 1 kubmetr təbii qazın tarifi əhali üzrə Gürcüstanda 19,7 – 29,5 qəpik, Belarusda 9,2 – 34,2 qəpik, Rusiyada 11,9 – 16,5 qəpik arasında dəyişir”, – deyə məlumatda qeyd olunur.
İqtisadçı ekspert Rövşən Ağayev “Press Klub”a şərhində bildirdi ki, Tarif Şurasının qiymət artımı istehlakçıların 75-80 fazini əhatə edəcək:
“Əvvəla, 1200 kubadək istehlakı olan 51% abonent heç də iddia edildiyi kimi, 5 milyon nəfər əhali demək deyil. Aşağı istehlakı olan abonentlərdə əhalinin daha az hissəsi yaşayır. O səbəbdən ki, bu kateqoriya kiçik ölçülü evlərdir. Məsələn, rəsmi statistikaya görə, ölkədə mövcud olan bütün mənzillərin (2,2 milyon mənzil) 1 milyonu və ya 45%-i 1 və 2 otaqlı mənzillərdir. Yəni mənzil fondunun az qala yarısını təşkil edən 1-2 otaqlı mənzillərdə əhalinin yarısının yaşaması real deyil. Rəsmi əsaslandırma sənədində istifadə olunan fakt etibarlı və dəqiq olmalıdır. Yaxşı olar ki, həmin 51% abonentin real olaraq neçə ailə üzvündən ibarət olması, ümumi qaz istehlakının neçə faizinin onların payına düşməsi ilə bağlı dəqiq faktlardan istifadə edilsin. Digər tərəfdən, aşağı istehlak kateqoriyasına düşən abonentlərin heç də hamısında yaşayış yoxdur. Xüsusilə də Bakı, Xırdalan kimi yerlərdə yeni tikilən binalarda sayğaclar qoyulsa da, xeyli sayda mənzil boşdur. Amma statistikada bu mənzillərin sahibləri aşağı istehlak kateqoriyasında sayı artırır”.
R. Ağayev hesab edir ki, SOCAR-ın xarici ölkələrlə apardığı müqayisə də uğursuzdur və doğru deyil:
“Çünki Ukrayna, Gürcüstan, Türkiyə və Belarus qaz istehsalçıları deyillər və onu xaricdən alırlar. Ona görə, bu ölkələrdə mavi yanacağın qiyməti həmişə yüksək olur. Fikir verin, özləri istehsalçı olan ölkələrdə, məsələn, Rusiyada qiymət Azərbaycandan yüksək deyil, orta qiymətə uyğundur”.
Ekspertin sözlərinə görə, “Azəriqaz”ın isə ayrıca hesabatı yoxdur. Əgər olsaydı, satışların maya dəyəri və satışlardan əldə olunan gəlirlər hesabına ümumi mənfəəti, müxtəlif xərc növləri və əməliyyat zərərinin ümumi həcmi, eləcə də zərəri formalaşdıran xərc maddələri barədə məlumatları görmək mümkün olardı:
“Yalnız görünən odur ki, hər 1000 kubmetr qazın istehsal maya dəyəri 70 manatı ötmür ki, bu da əhaliyə satılan qiymətdən əhəmiyyətli dərəcədə aşağıdır. Güman ki, zərər qaz nəqli sistemində yaranır. Aydındır ki, qaz təsərrüfatı dövlət büdcəsindən hər il böyük subsidiya alır. Amma nə qədər alır? Niyə ictimaiyyət şəffaf şəkildə bunları görə bilməməlidir – eləcə də zərəri yaradan xərc maddələrini?..”
R.Ağayev Neft Şirkətinin “tarif dəyişikliyi nəticəsində qaz hasilatı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacağı, büdcədə sərbəstləşən vəsaitin sosial yönümlü tədbirlərə yönəldiləcəyi” barədə rəyini də şərh etdi. O qeyd etdi ki, qazlaşma və bu sektora qoyulan vəsait indiyə qədər dövlət büdcəsi hesabına yatırılıb:
“SOCAR buna görə büdcədən külli miqdarda investisiya xərci alıb. Əlbəttə, şirkətin kifayət qədər böyük investisiya və sosial yönümlü xərcləri var. Belə çıxır ki, bundan sonra büdcədən vəsait cəlb edilməyəcək və SOCAR investisiya xərclərini özü çəkəcək. Normal beynəlxalq standartlara görə, investisiya xərcləri heç vaxt maya dəyərinin üzərinə gəlmir, tədricən satılan yanacaqdan əldə olunan gəlirdən formalaşır”.
R.Ağayev qaz təsərrüfatında zərərin büdcədən qarşılanması ilə bağlı əsaslandırmanın yetərli arqument və faktlarla göstərilmədiyini söylədi:
“Əvvəla, qaz təsərrüfatının maliyyə fəaliyyəti ilə bağlı ətraflı maliyyə hesabatları yoxdur. Məsələn, “Azərsu”nun timsalında məlum oldu ki, zərərin şişməsinin fundamental səbəblərindən biri aktivlərin dəyərsizləşməsi və əsas vəsaitlərin amortizasiyası xərclərinin həddən artıq nəhəng məbləğ təşkil etməsidir. Bir sıra peşəkar auditorlar da bu xərc maddələrinin bəzi hallarda subyektiv amillər səbəbindən şişirdilməsi, nəticədə isə zərərin böyüdülməsi üçün münbit imkanlar açdığını qeyd edirlər”.
İqtisadçı hesab edir ki, indiki halda qaz nəqli təsərrüfatını təcili olaraq dövlətsizləşdirmək lazımdır: “Dövlətdən fərqli olaraq, özəl subyekt investisiya xərclərini daha şəffaf idarə edəcək, mənfəət qazanmaq üçün daha effektiv xərcləyəcək, nəticədə zərərini üfürüb, şişirdərək vətəndaşın cibinə yükləməyəcək”.
İqtisadçı hesab edir ki, bütün hallarda bu qərar pandemiyadan zərər görmüş əhalinin sosial-iqtisadi vəziyyətini daha da ağırlaşdıracaq:
“Xüsusən, kəndlərdə yaşayan əhali üçün böyük həcmdə yanacaq xərcləri yaranacaq. Nəzərə alın ki, əhalinin 47 fazinin yaşadğı kəndlərdə evlər böyükdür və əksəriyyəti istilik tutumli deyil. Qiymətlərin təxminən iki dəfə artırılması onlar üçün arzuolunmaz vəziyyət yaradacaq”. //pressklub.az//