Jun 23

“Əsas məsələ kreditlərin verilməsi yox, onun necə qaytarılmasıdır” - AKTUAL

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı fərman imzalayıb. Fərmanda qeyd olunur ki, Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 7 üzvdən ibarət Himayəçilik Şurası yaradılır, cari rəhbərliyi 3 üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir. Fondun fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına həyata keçiriləcək.

Fondun gələcək fəaliyyət istiqamətləri ilə bağlı danışan təhsil naziri Emin Əmrullayev bildirib ki, Təhsil Tələbə Kredit Fondunun kredit vermə meyarları iki istiqamətdə olacaq. Birinci qrup, yəni sosial həssas ailələrdən olan tələbələrin maddi və sosial vəziyyəti əsas götürüləcək. İkinci qrup, yəni öz hesabına təhsil alan tələbələrə kreditlər verilən zaman isə tələbələrin akademik göstəriciləri nəzərə alınacaq: “Daha sonra isə Fondun maliyyə imkanları nəzərə alınaraq digər tələbələrə də kreditlər verilə bilər. Lakin əsas məqsəd ondan ibarətdir ki, təhsilin keyfiyyəti də artırılsın. Bu baxımdan əgər tələbənin akademik göstəriciləri yüksəkdirsə, ilk növbədə onlara kredit veriləcək”.

Nazirin sözlərinə görə, həm dövlət, həm də özəl universitetlərdə oxuyan tələbələr Təhsil Tələbə Kredit Fondunun imkanlarından faydalana biləcək: “Harada oxumağı tələbə özü seçir. Fəaliyyət üçün lisenziyası olan hər bir universitetdə oxuyan tələbələr Fondun imkanlarından faydalana biləcəklər”.

Kanadanın Vaterloo Universitetinin Riyaziyyat və Biznes Proqramları direktoru, professor, həmyerlimiz İlham Axundov AYNA-ya şərhində deyib ki, Təhsil Tələbə Krediti Fondunun yaradılması müsbət addımdır: “Beynəlxalq təcrübədə bundan geniş istifadə edilir. Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bütün dövlətlərində bu təcrübə var. Hər şey maliyyələşdirmə mexanizmlərinin necə olacağından asılıdır. İlk növbədə bununla bağlı dərin araşdırılma aparılmalıdır. Müəyyən olunmalıdır ki, ölkə üzrə tələbələrin neçə faizi ehtiyac meyarlarına cavab verir. Məhz bundan sonra maliyyələşdirmə mexanizmləri işə düşməlidir. Hər hansı ciddi araşdırma aparmadan, yalnız müəyyən sosial qruplara bölərək kreditlərin ayrılması sonda ciddi problemlərə gətirə bilər. Kredit bəzən insanlar üçün cəlbedici olsa da, sonradan onun ödənilməsində ciddi çətinliklər ortaya çıxır. Bunun üçün mütləq şəkildə sosioloji sorğular aparılmalıdır”.

“Misal üçün, Kanadada bununla bağlı sorğu aparılıb. Məlum olub ki, tələbələrin 51 faizinin kredit götürməyə ehtiyacı var. Əksər tələbələr bu kreditləri götürən zaman gələcək ödəniş məsələlərinə bir o qədər də ciddi fikir vermirlər. Geri ödənişlər necə olacaq? Hansı qaydalarla tənzimlənəcək? Və ən əsası, bu kreditləri ödəyə bilməyən zaman onları hansı aqibət gözləyir? Məsul qurum – Təhsil Nazirliyi bütün bu məsələlərə aydınlıq gətirməlidir. Bütün bu sualların cavabları indidən verilməlidir. Əks halda kredit borcları və qeyri-stabil əmək bazarı şəraitində tələbələrin bunu ödəyə bilməyəcəkləri təhlükəsi yarana bilər. Bu da öz növbəsində sosial durumu onsuz da çətin olan tələbələr üçün ciddi risklər yaradacaq”, - deyə professor vurğulayıb.

Axundovun sözlərinə görə, təhsil sahəsində komleks islahatların həyata keçirilməsi günün tələbidir: “Dəfələrlə qeyd etdiyim fikrin üzərinə qayıdaraq yenidən bildirmək istəyirəm ki, qarşıdakı 10 ildə əmək bazarında çox ciddi dəyişikliklər olacaq. Demək olar ki, bu, əmək bazarının yarıdan çoxunu əhatə edəcək. Bu səbəbdən təhsil sahəsində ciddi islahatlar aparmaq, yeni peşələrin yaranmasına hazırlığı təmin etmək məqsədilə ciddi addımlar atılmalıdır”.

Təhsil eksperti, Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri Kamran Əsədov AYNA-ya açıqlamasında qeyd edib ki, 2013-cü ildə qəbul edilmiş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda bu Fondun yaradılması nəzərdə tutulub: “Lakin ötən 8 il müddətində təəssüf ki, bu Fond yaradılmadı. Son illərdə kifayət qədər tələbə təhsil haqlarını ödəyə bilmədiyinə görə təhsilini yarımçıq qoyub. Nəzərə alsaq ki, bu gün Azərbaycanda ali təhsilli insanların sayı yetərli deyil, bu, çox ciddi bir problemdir. Gec də olsa, belə bir addımın atılması müsbət hadisədir”.

“Hazırda Azərbaycanın 51 ali təhsil müəssisəsində 182 min tələbə təhsil alır ki, onların 110 mini ödənişli əsaslarladır. Təbii ki, onların arasında müəyyən kateqoriyalı tələbələr var ki, onların təhsil haqlarını dövlət ödəyir. Lakin müəyyən qismi də var ki, təhsil haqlarını ödəməkdə çətinlik çəkir. Bu mənada Fondun yaradılması ali təhsilin əlçatanlığının təmin edilməsi baxımından zəruridir”, - deyə mütəxəssis söyləyib.

O, əlavə edib ki, ölkə vətəndaşlarının yalnız 17 faizi ali təhsillidir: “Bu, kifayət qədər aşağı göstəricidir. Bir çox hallarda vətəndaşlar ödəniş haqlarını ödəyə bilmədiklərinə görə, ali təhsilini yarımçıq saxlamaq məcburiyyətində qalırlar. Məhz bu Fond imkan verəcək ki, maddi səbəblərdən təhsilin yarımçıq qoyulması halları ya tam aradan qalxsın, ya da xeyli azalsın”.

Əsədov bir məqama da diqqət çəkiv: “Kreditlər necə və hansı formada geri qaytarılacaq? Təhsil Xidmətləri Araşdırma Mərkəzi olaraq apardığımız araşdırma zamanı bəlli oldu ki, təkcə bakalavr pilləsi üzrə Azərbaycanın ali təhsil müəssisələrinə hər il 44-47 min nəfər arası tələbə qəbul olunur. Orta ixtisas və peşə məktəblərinə qəbul olunan tələbələrin də sayı az deyil. Dörd ildən sonra isə onların yalnız 42 faizi işləyə bilir. Yəni, faydalılıq və keyfiyyət əmsalı 50 faizin altındadır. Hesab edirəm ki, hər bir kredit götürən şəxslə müqavilə imzalanmalıdır. Həmin müqavilədə hər bir kredit götürən məzunun ali məktəbi və hərbi xidməti başa vurduqdan sonra ya öz hesabına, ya da Dövlət Məşğulluq Xidmətinin təklif etdiyi işlərdə çalışması öz əksini tapmalıdır”.

“Bununla da öhdəlik götürməlidir ki, 20 il müddətində təhsil kreditlərini geri qaytaracaq. Bu zaman rəqəmlər yüksək olmamalı və onun öz ehtiyacları da nəzərə alınmalıdır. Yüksək nəticə göstərən tələbələrə faizsiz kreditlər verilməlidir. Bu məsələdə biz dünya təcrübəsinə istinad etməliyik. Lakin metal dəyərləri və məsuliyyət məsələsini nəzərə alaraq bunu həyata keçirməliyik. Bu, baş verərsə, Azərbaycan təhsili keyfiyyətcə yeni mərhələyə adlayacaq”, - deyə ekspert fikrini yekunlaşdırıb.

Bənzər xəbərlər

Gündəm

0.025974988937378