Jun 01

Hökumətin ehtişam və dəbdəbə eşqi bitmir - İlin-günün bu vaxtı... bu qədər xərc...

Pandemiya yaratdığı sosial-iqtisadi gərginlik ölkədə həyat səviyyəsini daha da aşağı salıb. Əhalinin gəlirləri azalıb, xidmət sektorunda, turizmdə bir çox iş yerləri bağlanıb, ticarət zəifləyib. Bu tənəzzülü qismən rəsmi statistika da etiraf edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar ayı ilə müqayisədə 2021-ci ilin yanvar ayında əhalinin gəlirləri nominal ifadədə 1,3 faiz azalaraq təxminən 4 milyard manat təşkil edib.

Sosial-iqtisadi vəziyyətin pisləşməsi təkcə pandemiyanın yaratdığı problemlərlə bağlı deyil. Karantin rejiminin qüvvədə olduğu ötən il yarımda hökumətin biznesə, sahibkarlığa dəstəyi elan olunan səviyyədə olmayıb. Bu məqsədlə 3.5 milyard manat ayrıldığı bəyan edilsə də, hesablamalara görə, hökumətin bu istiqamətdə bütün xərcləri 600 milyon manatdan bir qədər artıqdır. Nəticədə özəl sektorda çalışan yüz minlrələ muzdlu işçi, xırda sahibkarlar ciddi məhrumiyyətlərlə üzləşib. Sosial qurumlar onların problemlərinin azaldılması istiqamətində olduqca az iş görüblər. Gəliri tamamilə kəsilənlərin təxminən üçdə birinə 190 manat birdəfəlik ödəniş edilib ki, bu vəsaitin verilməsi də pandemiya dövründə müntəzəm xarakter daşımayıb və çoxsaylı şikayətlərlə yadda qalıb. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSM) yaratdığı elektron portala təxminən 2,2 milyon müraciətin cəmi 600 mini müsbət cavablandırılıb. Daha sonra izah olunmadan müraciətlərin qəbulu, emal olunması dayandırılıb. Əksinə, bu müddətdə aztəminatlı ailələr sosial qurumların yaratdığı daha böyük bir problemlə üzləşiblər.

ƏƏSM saxta pensiya və müavinətlərin, əlillik qruplarının ləğv edilməsi kampaniyasına start verib. Nəticədə on minlərlə vətəndaşın müavinəti kəslilib, əlilliyi ləğv edilib. Onların təkrar müraciətlərinə isə müxtəlif bəhanələrlə, süni şəkildə yaradılan bürokratik əngəllərlə baxılmır. Qarabağ əlilləri, xəstəlik və peşə fəaliyyəti zamanı əlil olanlar, anadangəlmə əlillər və bu kateqoriyadan olan əngəlli vətəndaşlar ağır sosial məhrumiyyətlərə məruz qalıb. Dövlət qurumları onların sosial müdafiəsini başqa sosial dəstək alətləri ilə gücləndirmək niyyətində deyillər.

Bu günlərdə hökumətin əsas prioriteti işğaldan azad edilən ərazilərin yenidən bərpa olunmasıdır. Rəsmi və qeyri-rəsmi şəkildə bəyan edilir ki, büdcə vəsaitləri bu istiqamətdə sərf olunduğuna görə, vətəndaşlar maddi problemləri anlayışla qarşılamalıdır. Çünki bəzi təsərrüfat hesablı dövlət şirkətlərində maaşlar gecikdirilir, əlavələr kəsilir, nəzərdə tutulan layihələrin maliyyələşdirilməsi dayandırılır.



Amma “pul yoxdur” izahatı o qədər də səmimi deyil, çünki dövlət qurumlarının israfçı layihələri, dəbdəbə eşqi qətiyyən azalmayıb. Məsələn, mayın 29-da Bakının Heydər Əliyev prospektində İqtisadiyyat Nazirliyinin yeni inzibatı binasının açılışı keçirilib. Mərasimdə dövlət başçısı İlham Əliyev də iştirak edib. 33 mərtəbəli göydələn Türkiyənin “Tekfen” şirkəti tərəfindən inşa olunub. Bina öncə Vergilər Nazirliyi üçün nəzərdə tutulmuşdu, lakin bu qurum İqtisadiyyat Nazirliyinə birləşdirilib.

Binanın hündürlüyü 168 metrdir, otaqların ümimi sahəsi 6500 kvadrat metrdən çoxdur. Binada ofis otaqları, fitnes klub, restoran, mehmanxana otaqları, konfrans zalları, kafeterilər yerləşir. Tikintiyə 2016-cı ildə başlanılmışdı. Qeyri-rəsmi məlumatlara görə, tikinti 94 milyon dollara başa gəlib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov prezidentə məruzə edib ki, yeni inzibati binada 772 əməkdaşın rahat və səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. “Burada müasir multimedia vasitələri ilə təchiz olunmuş, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, iş, iclas otaqları yaradılıb. Bina mərkəzi dairəvi özəyə bağlanmış, bir-birindən asılı olmayan beş kub formasında tikilidən, hər kub isə beş ofis mərtəbəsindən ibarətdir və sütunsuz açıq bağçalı terasla yuxarıdakı qonşu kubdan unikal formada ayrılır. Bundan əlavə, hər bir mərtəbə aşağıdakı növbəti mərtəbələrlə müqayisədə 1,2 dərəcə dönür və nəticədə ümumilikdə aşağıdan yuxarıya 40 dərəcəlik fırlanma effekti yaranır”, – deyə M. Cabbarov qeyd edib.

Nazir əlavə edib ki, tikintinin dizaynı 2020-ci ildə ABŞ-da “İnşaat Mühəndisliyində Mükəmməllik” və “Ləyaqət” mükafatlarına layiq görülüb.

Qeyd edək ki, bundan əvvəl də dövlət qurumları özləri üçün dəbdəbəli ofis binaları inşa edib. Məsələn, müharibədən yeni çıxmış, iqtisadi böhran məngənəsində olan ölkədə Mərkəzi Banka 218 milyon avro – 450 milyon manata yeni inzibati bina tikiləcək. İqtisadiyyat Nazirliyinin dəbdəbəli ofsinin yanında yer alacaq 37 mərtəbəli binanın tikinti sahəsi 33 200 m2, ümumi mərtəbə sahəsi 67 926 m2, hündürlüyü 160 metr olacaq. Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuata bildirmişdi ki, binanı büdcə hesabına deyil, MB-nın öz vəsaiti ilə tikəcəklər. Sanki bu yarım milyard manatın dövlətə və xalqa heç bir dəxli yoxdur…

Xatırladaq ki, İqtisadiyyat Nazirliyinə ofis binası tikən Türkiyənin “Tekfen” şirkəti Azərbaycanda bir çox layihələrin tenderlərini qazanıb. Məsələn, həmin şirkətin inşa etdiyi SOCAR-ın yeni inzibati binasının (“SOCAR Tower”) tikintisinə 414 milyon 237 min dollar xərclənib. Mayın əvvəlində rəhbəri Qorxmaz Hüseynovla vidalaşan “Azərsu” ASC isə 150 milyon dollarlıq binada yerləşir. Bu şirkətin ümumi zərəri 7 milyarddan artıqdır.

Dövlət Neft Fondunun 100 nəfərə çatmayan əməkdaşları da Bakının ən böyük və bahalı ofis binalarından birində əyləşiblər. Ümumi sahəsi 13 min kv. metr olan 23 mərtəbəli bina 84.916 milyon avroya başa gəlib.

Sonda qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ötən ildən davam edən qənaət siyasəti nəticəsində sosial xərclərdən – yəni əhalinin aztəminatlı hissəsi üçün nəzərdə tutulan vəsaitlərdən 750 milyon manat qənaət edildiyini açıqlamışdı…
 //PRESSKLUB.AZ//

 

Bənzər xəbərlər

Gündəm

0.02533483505249