Mar 23

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi “Human Rights Watch” təşkilatına etiraz etdi

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi "Human Rights Watch" təşkilatının Azərbaycanın guya hərbi əsirlərlə Cenevrə Konvensiyalarına uyğun rəftar olunmaması ilə bağlı iddialarına öz etiraz bəyanatını yayıb.

Komitədən Mozalan.Az-a daxil olan bəyanatda bildirib ki, adıçəkilən təşkilatın açıqladığı hesabat tam qərəzli və qeyri-obyektivdir:

"Təəssüflə bildiririk ki, təşkilat tərəfindən Azərbaycanın erməni əsirlərinə qarşı pis rəftar hallarının olduğunu iddia edən son hesabat qeyri-obyektivdir və heç bir həqiqəti əks etdirmir. Biz İşgəncələrə Qarşı Azərbaycan Komitəsi olaraq hələ birinci Qarabağ müharibəsindən bu günə qədər dəfələrlə Azərbaycana könüllü keçmiş ailələrlə, ağ bayraq qaldıraraq təslim olmuş, əsir düşmüş hərbi diversantlara və mülki şəxslərə saxlandıqları yerlərdə baş çəkmişik, onlarla təkbətək görüşlər keçirmişik, saxlanma şəraiti ilə və onlara qarşı rəftarla maraqlanmışıq. Qətiyyətlə bildiririk ki, həmin əsirlərlə Cenevrə Konvensiyasının tələblərinə tam uyğun qaydada davranılıb. Lakin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girov götürülən şəxslərə verilən işgəncələr, həmin şəxslərə qarşı sübuta yetirilmiş şərəf və ləyaqəti alçaldan davranış, işgəncə və cəza növlərinə görə onlarla cinayət işi açılsa da, bəzi beynəlxalq təşkilatlar bu faktlara göz yumur və yummaqdadır. Çox təəssüf ki, Ermənistan tərəfi dəfələrlə Azərbaycanlı əsirlərə qarşı qeyri insanı rəftar, işgəncə, şərəf və ləyaqəti alçaldan davranış və cəza növlərindən istifadə edib. Öz dədə-baba yurdlarını ziyarətə gedərkən erməni hərbçiləri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülərkən işgəncələrə məruz qalması barədə yayımlanan kadrlar, İkinci Qarabağ müharibəsi zamanı yaralanaraq ermənilər tərəfindən əsir götürülən hərbi qulluqçularımıza verilən işgəncələrlə bağlı erməni tərəfinin yaydıqları videogörüntülər nədənsə həmin qərəzli bəyanatlar yayan təşkilatalrın marağında deyil. Ermənilərin marağına xidmət edən bu cür təşkilatlar düşmənin cinayətlərini ört-basdır etməklə Azərbaycana qarşı şər-böhtan xarakterli məlumatlar yayaraq ölkəmizə qarşı təzyiqlər etmək istəyir".

Bəyanat ingilis və rus dillərinə tərcümə edilərək bütün beynəlxalq təşkilatlara ünvanlanacaq.

Bənzər xəbərlər

Gündəm

0.033595085144043