Mar 23

Hökumət kasıbları taksi sürücüsünə necə və niyə çevirir? – Qubad İbadoğlunun şərhi

“İctimai nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasının  pandemiya ilə birbaşa əlaqəsi yoxdur, bu, iqtisadi maraqlara xidmət edir”.
 
Bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu deyib. O bildirib ki, hazırda kütləvi işsizliyin mövcudluğu şəraitində taksi fəaliyyəti hər kəs üçün, hətta işləyərək aldığı maaşdan narazı olanlar üçün əlçatandır,  “iş yeri” və “qazanc” mənbəyidir:
 
“Odur ki, taksi xidməti Azərbaycanda yeganə rəqabətli bazardır, Azərbaycan hakimiyyəti orada monopoliya yaratmağa tələsmir. Çünki iş axtarmaqdan yorulan hər kəs  həyatda qalmağın yeganə yolunu maşın alıb və ya icarəyə götürüb, taksi xidməti göstərməkdə görür.
 
Diqqət edin, görün, nəticədə nələr baş verir: 
 
1. Ölkəyə avtomobil idxalı artır. Gömrük rüsumlarını, aksiz və əlavə dəyər vergisindən büdcəyə daxilolmalar çoxalır. Hakimiyyət də fikirləşir ki, əgər  avtomobil idxalı hər il artırsa, onda  idxal gömrük rüsumlarını, aksizləri bir az da  qaldırmaq lazımdır.
 
2. Hər gün müştəri axtarmaq adı ilə dayanmadan hərəkət edən sürücülər qazandıqlarının 90 faizini benzinə xərcləyir. SOCAR da təklif verir ki, benzinin qiyməti bahalaşdırmaq lazımdır, çünki tələbat ildən-ilə artır.
 
3. Taksi sürücüləri minik avtomobilləri ilə sərnişin daşınmaq üçün xüsusi razılıq (lisenziya), “fərqlənmə nişanı” almaq üçün “ASAN xidmət” mərkəzlərinə gedir, xidmət haqqı və rüsum ödəyir.
 
4. Taksi sürücüləri Yol Polislərinə cərimə ödəyib, onların planı doldurmasına töhfə verirlər.
 
5. 2021-ci ildə “Bakı Metropoliteni” QSC üçün dövlət büdcəsindən ayrılacaq 39,2 milyon manat vəsait xərcləməmiş qalır.
Nəhayət, işsizlər gündə 10-12 saat taksi xidməti göstərib,  idarə etdiyi maşının amortizasiya xərclərini nəzərə almadan qazandığı vəsaitlə benzin pulunu ödəyəndən sonra ona qalan qəpik-quruşla çörək alaraq evinə gedir, ailəliklə şükür edib, “dolanır””.
 
Ekspertin sözlərinə görə, taksi xidmətinin fəaliyyətinin  pandemiya dövründə stimullaşdırılması hakimiyyət üçün yalnız  qazanc deyil, həm də siyasi məsələsidir: “Taksi xidməti bu hakimiyyət üçün  artıq sosial sabitləşdirici funksiyaya çevrilib”.

 

Bənzər xəbərlər

Gündəm

0.038547992706299