Feb 10

Həbs olunan məmurların dövlətə vurduğu zərər: - “Oğurlanan pulun hamısını qaytara bilməyəcəklər”

Dövlət büdcəsini talayan məmurların həbs olunması cəmiyyət tərəfindən müsbət addım olaraq qarşılandı.

Korrupsioner məmurlar, dövlət büdcəsindən ayrılan vəsaitlərdə yeyintiyə yol verənlərdən artıq bir neçəsi həbs olunub. Bu qəbildən olan həbslərin davamlı olacağı da istisna deyil.

Bəs həbs olunan məmurların dövlətə vurduğu maddi zərər ödənilirmi? Bu proses necə tənzimlənir?

Qeyd edək ki, Azərbaycanın artıq belə təcrübəsi mövcuddur. “Rabitə işi” adlanan işdə təqsirləndirilən şəxslərdən iki nəfə -Beytulla Hüseynov və Məhəmməd Məmmədov dövlətə vurduğu zərəri məhkəmə prosesinin gedişatında ödədi.

Belə ki, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov dövlətə vurduğu və istintaq tərəfindən müəyyən edilmiş 10 milyon manat məbləğində pulu dövlət büdcəsinə geri qaytardı.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) Vüqar Səfərli də yol verdiyi nöqsanlar hesabına dövlətə vurduğu ziyanın 100 min manatını ödəyib.

Amma mənfi təcrübə də mövcuddur. Belə ki, Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin qanunsuz yolla mənimsəyərək ölkədən çıxardığı 15 milyard dollar geri qaytarılmadı. Cahangir Hacıyevə isə ümumilikdə 16 il 6 ay iş kəsildi.

Maliyyə məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, dövlətə dəymiş zərər onların əmlaklarının müsadirə olunması və ya razılaşma yolu ilə ödətdirilə bilər:

“Əgər onlar cinayət məsuliyyətinə cəlb olunsalar, nəzərə alsaq ki, onların işi koorrupsiya, iqdisadi, maliyyə cinayətləridir, məhkəmə hökmündə əmlaklarının müsadirəsi məsələsi də olmalıdır.

Bu çərçivədə onlara məxsus əmlak müsadirə olunacaq. Təəssüf ki, vəsaitlərin xeyli hissəsi onların adında deyil. Bu variant da var. Buna görə də adətən xarici praktikada müəyyən əqd bağlanılır. Təklif olunur ki, həmin məmur azadlıqdan məhrum edilmir, əvəzində isə dövlətə dəymiş zərər ödənilsin. Bizim qanunvericilik bunu qadağan etmir, əgər edirsə belə, qanunvericilikdə dəyişiklik etmək lazımdır”.

Cahangir Hacıyevin ölkədən çıxardığı 15 milyard dolların da geri qayıtmamasına toxunan Əkrəm Həsənov bildirib ki, ya ona belə bir əqd təklif olunmayıb, ya da o özü bundan boyun qaçırıb:

“Ona görə də həbs olundu. Əslində məmurları içəridə saxlamaq dövlətin marağında deyil. Əsas dövlətə dəymiş zərərin geri qaytarılmasıdır. Təklif edərdim ki, həmin məmurlar ümumiyyətlə, azadlıqdan məhrum edilməsinlər, dövlətdən oğurladıqları pulun xeyli hissəsini ödəsinlər. Aydındır ki, o pulun hamısını onsuz da qaytara bilməyəcəklər. Çünki həmin pulun xeyli hissəsi xərclənib, daşınmaz əmlaka yatırılıb, onun da qiyməti düşüb. Amma heç olmasa, çox hissəsini qaytarsınlar”.

Bənzər xəbərlər

Gündəm

0.035427808761597