Dec 10

Azərbaycanın Avropada təsir imkanları genişlənir - Şərh

"Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirən mühüm siyasi hadisə kimi yadda qaldı. Bu səfər təkcə ikitərəfli əməkdaşlığın genişlənməsi baxımından deyil, həm də Azərbaycan–Avropa İttifaqı münasibətlərinin dərinləşməsi fonunda strateji əhəmiyyət daşıyır. Tərəflər arasında imzalanan sənədlər və aparılan danışıqlar Slovakiya–Azərbaycan tərəfdaşlığını strateji səviyyəyə yüksəltmək üçün möhkəm baza formalaşdırır".

Bunu Ölkə az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat bildirib ki, bu səfər iki ölkə arasında uzunmüddətli əməkdaşlığın əsas konturlarını müəyyənləşdirdi: "Slovakiya Azərbaycanı etibarlı tərəfdaş və Cənubi Qafqazda sabitliyin təminatçısı kimi qəbul edir. Bakı ilə Bratislava arasında siyasi dialoq dərinləşir, qarşılıqlı etimad artır və bu fonda strateji tərəfdaşlıq münasibətlərinin qurulması artıq real perspektiv kimi görünür.
İkitərəfli əlaqələrin inkişafı yalnız enerji sahəsi ilə məhdudlaşmır; müdafiə sənayesi, nəqliyyat-logistika, ticarət, texnologiya və humanitar əməkdaşlıq sahələrində geniş imkanlar mövcuddur. Bu da Azərbaycanın Avropada tərəfdaş şəbəkəsini gücləndirməsinə və regional nüfuzunun daha da artmasına xidmət edir".

Deputat əlavə edib ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəyə çevrilib: "Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir ki, onların 8-i Avropa İttifaqının üzv dövlətləridir. Bu göstəricilər Azərbaycanın enerji xəritəsində strateji önəm daşıdığını və Avropanın diversifikasiya siyasətinə real töhfə verdiyini göstərir.

Slovakiya üçün də Azərbaycan qazının çox mühüm əhəmiyyəti var. Enerji şaxələndirməsi Bratislava üçün prioritet istiqamətlərdən biridir və Azərbaycanla əməkdaşlıq bu kontekstdə xüsusi dəyər kəsb edir. Gələcəkdə Slovakiyanın daha etibarlı və davamlı şəkildə Azərbaycan qazı ilə təchiz edilməsi üçün həm infrastruktur, həm də iqtisadi imkanlar mövcuddur. TAP, TANAP, Cənub Qaz Dəhlizi kimi mega-layihələr bu əməkdaşlığın genişlənməsi üçün mühüm platforma rolunu oynayır".

Deputat onunda qeyd edib ki, səfər çərçivəsində tərəflər enerji sahəsi ilə yanaşı digər strateji istiqamətlərdə də əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldilər: "Müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi və birgə layihələr, hərbi-texniki əməkdaşlıq üçün ciddi perspektivlər mövcuddur. Slovakiyanın sənaye potensialı, Azərbaycanın modernləşmə və istehsal xəttinin genişləndirilməsi siyasəti bu əməkdaşlığı real və praktik edir. Eyni zamanda Şərq–Qərb Orta Dəhlizi çərçivəsində logistika əməkdaşlığı böyük perspektivə malikdir. Slovakiya Avropanın mərkəzində yerləşən tranzit ölkə kimi, Azərbaycan isə Qafqazdan keçən əsas nəqliyyat qovşağı olaraq qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli mövqe tutur. Orta Dəhlizin potensialından daha səmərəli istifadəsi həm Azərbaycan, həm də Slovakiya üçün əlavə iqtisadi dividendlərə yol açır".

Deputat bildirib ki, Prezident İlham Əliyevin Slovakiyaya səfəri Azərbaycanın Avropa məkanında artan təsirinin növbəti göstəricisidir: "Avropanın enerji təhlükəsizliyi və nəqliyyat-logistik marşrutların diversifikasiyasında Azərbaycanın rolunun artması ölkəmizi regionda və beynəlxalq arenada mühüm aktora çevirir.

Bu səfər həm də Azərbaycanın yaratdığı yeni geosiyasi və geoiqtisadi reallıqların nəticəsidir. Regionda sülh prosesinin irəliləməsi, iqtisadi inkişafın sürətlənməsi və beynəlxalq tərəfdaşların ölkəmizə marağının artması Azərbaycanın mövqeyini daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin Slovakiyaya səfəri Azərbaycan–Slovakiya münasibətlərində yeni strateji səhifə açdı. Enerji, müdafiə sənayesi, nəqliyyat və digər sahələrdə əməkdaşlıq perspektivləri iki ölkə arasında tərəfdaşlığı daha da gücləndirəcək. Bu əlaqələr Azərbaycanın Avropada artan roluna, regional təsir imkanlarının genişlənməsinə və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək".

Mürtəza

Bənzər xəbərlər

Gündəm

0.020900964736938