ABŞ bu ölkə ilə ticarət sazişi üzrə danışıqları dayandırdı - SƏBƏB
ABŞ Kamboca ilə sərhəddəki vəziyyətə görə Tailandla ticarət sazişi üzrə danışıqları dayandırıb.
Mozalan.az xəbər verir ki, bu barədə EFE agentliyi Tailand Xarici İşlər Nazirliyinə istinadən xəbər verib.
Buna səbəb Banqkokun bu həftənin əvvəlində ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə oktyabrda imzalanmış və sərhəddəki qarşıdurmaya son qoymuş sülh sazişinin şərtlərinə əməl etməyi dayandırmasıdır.
XİN bəyan edib ki, ABŞ administrasiyasından danışıqların dayandırılması barədə məktub alıb. Məktubda qeyd olunub ki, Tailand sülh sazişinin şərtlərinə əməl etməyə qayıdana qədər ticarət danışıqları davam etdirilməyəcək. Sənəddə həmçinin Tailand və Kambocanın vəziyyəti tezliklə həll edəcəyinə ümid ifadə olunub.
Banqkok Vaşinqtonun qərarına təəssüfünü bildirib və vurğulayıb ki, təhlükəsizlik məsələlərini hər iki tərəf üçün maraq doğuran ticarət məsələləri ilə qarışdırmaq olmaz.
Xatırladaq ki, Tailand noyabrın 10-da sülh sazişinə əməl etməyi dayandırıb. Buna səbəb Tailand ordusunun bir əsgərinin mina partlayışı nəticəsində həlak olmasıdır. Banqkok həmin minanın sərhəddə yeni qoyulduğunu bəyan edib, Pnompen isə bunun əvvəlki qarşıdurmadan qaldığını açıqlayıb. Üç gün əvvəl Tailand-Kamboca sərhədində atışma baş verib, nəticədə Kamboca tərəfdən bir nəfər ölüb, üç nəfər yaralanıb.
Qeyd edək ki, Tailand və Kamboca sərhədində silahlı toqquşmalar iyulun 24-də başlayıb. İyulun 28-də Malayziyanın Baş naziri Ənvər İbrahim hər iki ölkənin atəşkəsə razılıq verdiyini açıqlayıb. Bundan əvvəl isə Kuala-Lumpurda ABŞ və Çin nümayəndələrinin də iştirak etdiyi danışıqlar keçirilib.
Tramp oktyabrın 26-da Malayziyada keçirilən Cənub-Şərqi Asiya dövlətləri sammiti çərçivəsində Tailand və Kamboca arasında sülh sazişinin imzalanma mərasimində iştirak edib.



















































