“Məcburi köçkünlərin Bakıda nə işi var?!” - deputat
Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə bildirib ki, bu il şəhid ailələri üçün daha böyük həcmdə evlərin verilməsi təmin edilməlidir. Ali Baş Komandan qeyd edib ki, Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına mənzillər təqdim ediləcək:
“Onu da bildirməliyəm ki, bundan sonra məcburi köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək. Bəzi layihələr davam edir, bəzi layihələr başa çatmaq üzrədir.
Bu yaxınlarda müşavirə keçirərkən mənə məlumat verildi ki, bütövlükdə keçmiş məcburi köçkünlərin 52 faizi şəhərlərdə məskunlaşıb. Həmin insanların böyük əksəriyyəti kənd yerlərindən didərgin salınıb, ancaq nədənsə məskunlaşma şəhərlərdə aparılıb. Əlbəttə ki, bu insanları yenə də rayon yerlərinə qaytarmaq üçün xüsusi proqram olmalıdır. Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir. Həm evlərlə təmin olunmuş köçkünlər, həm də bu günə qədər yataqxanalarda, yaxud da uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz real vəziyyəti bilək. Özümüz-özümüzü aldatmamalıyıq, real vəziyyəti bilməliyik. Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər - öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik. Mən tam əminəm ki, keçmiş köçkünlərin mütləq əksəriyyəti böyük həvəslə öz doğma torpaqlarına qayıdacaqlar. Buna nail olmaq üçün dövlət əlindən gələni əsirgəməyəcək”.
Məsələyə münasibət bildirən millət vəkili Aqil Abbas“Sherg.az”a söyləyib ki, məcburi köçkünlərimiz doğma torpaqlarına qayıdacaqlar. Dövlət vətəndaşlar üçün lazım olan hər cür şəraiti yaradacaq:
“Onlar azad edilən ərazilərə gedib, özləri üçün ev tikəcəklər, imkansız vətəndaşlara isə dövlət qayğı göstərəcək. Məcburi köçkünlərin Bakıda nə işi var? Azad edilən bütün rayonlarımızda infrasturuktur layihələri həyata keçiriləcək, yeni iş yerləri açılacaq. Vətəndaşların işlə təmin olunması üçün ciddi proqram layihələri hazırlanır.
Eyni zamanda kənd təsərrüfatı sahəsinin inkişafı üçün də dövlət mühüm işlər görməlidir . Ağdamda heyvandarlıq və digər kənd təsərrüfatı inkişaf edən sahələrdən biridir. Bu sahədə əlverişli imkanlar qurulduqdan sonra köçkünlərimiz qazanc əldə edə bilərlər”.
Deputat hesab edir ki, azad edilən rayonlardakı kənd təsərrüfatı yalnız geri qayıdan köçkünlərə verilməlidir:
“Hansısa bir monopolist Ağdam və ya başqa rayonlara buraxılımamalıdır. Bütün kənd torpaqları əhaliyə paylanmalıdır ki, vətəndaşlarımız özünüməşğulluq proqramlarına cəlb olunsun.
Onlar 2-3 il çalışsalar, öz evlərini tikə bilərlər. Ağdamın çoxlu sayda sənaye müəssisəsi, şərab zavodları olub. Dövlətimiz bu müəssisələri bərpa edib vətəndaşlara verməlidir.
Kimsə bu sahəyə investisiya yatırsa, həmin şəxslərdən 10 il vergi alınmamalıdır. Hətta bu şəxslərə faizsiz kredit verilməlidir”.