Zamanı dəyişdirən 8 satış dahisi
Satış sənəti, bəzilərinin düşündüyü kimi sadəcə məhsul təqdim etməkdən ibarət deyil. Bu, psixologiya, inandırma bacarığı və insan davranışını dərk etməyi tələb edən incə bir sənətdir. Dünyanın ən uğurlu satışçıları məhz bu keyfiyyətləri özlərində birləşdirərək həm şirkətlərini, həm də öz adlarını əfsanəyə çeviriblər.
Mozalan.az Valyuta.az-a istinadən bütün dövrlərin ən böyük 8 satış dahisini qeyd edir:
1. John H. Patterson - National Cash Register Company
Satış sənətinin banilərindən biri sayılan Patterson, “Patterson Metodu” adlı satış strategiyası ilə tarixə düşüb. O, satıcı ilə müştəri arasındakı qarşılıqlı əlaqəni əsas prinsip kimi qəbul edirdi. Həmçinin “Patterson’s Primer” adlı satış kitabı bu günə qədər bir çox mütəxəssis üçün təlim vəsaiti sayılır.
2. David Ogilvy - Ogilvy
Reklam aləminin “atası” kimi tanınan David Ogilvy, satışın əsasının dürüst və cəlbedici ünsiyyətdən keçdiyini vurğulayırdı. Onun fikrincə, satıcının işi məhsulu sadəcə tanıtmaq deyil, alıcıda onu almaq arzusu oyatmaqdır.
3. Mary Kay Ash - Mary Kay Cosmetics
Mary Kay qadınlara ilham verən, onları ön plana çıxaran satış modelinin yaradıcısıdır. “İnsanlara özlərini xüsusi hiss etdir” devizi ilə çıxış edən Kay, müştərilərin dəyərləndirildiyi bir biznes imperiyası qurdu. Onun uğur hekayəsi, motivasiyanın satışda necə böyük güc daşıdığını sübut edir.
4. Steve Jobs - Apple Inc.
Texnologiya dahisi Steve Jobs, yalnız məhsul satmırdı, o, vizyon satırdı. Apple brendini dünyaya təqdim edərkən hər təqdimatını bir şouya çevirir, insanlarda “bu məhsula sahib olmalıyam” hissi yaradırdı. Jobs satışda fərqlilik və duyğu yaratmağın simvolu oldu.
5. Joe Girard - Avtomobil Satıcısı
Guinness Rekordlar Kitabında dünyanın “ən uğurlu satışçısı” kimi tanınan Joe Girard, karyerası boyunca minlərlə avtomobil sataraq tarix yazıb. Onun prinsipi sadə idi: hər müştəri bir dostdur. Girard üçün heç bir “yox” cavabı son deyildi.
6. Ron Popeil - Ronco
Televiziya satışlarının kralı kimi tanınan Ron Popeil “Gecə yarısı reklamlarının atası” adlandırılırdı. Onun mətbəx alətləri hər evə girməsə də, “Popeil”in üslubu və təqdimat bacarığı onu satış dünyasının simvoluna çevirdi.
7. Donald Trump - The Trump Organization
Mübahisəli şəxsiyyət olsa da, Donald Trumpın satış və brend yaratma bacarığı danılmazdır. O, daşınmaz əmlakdan tutmuş televiziya şoularına qədər hər sahədə öz adını markaya çevirdi. Trump üçün satış sadəcə biznes deyildi həyat tərzi idi.
8. Joseph Ades - Küçə Satıcısı
Nyu-York küçələrində lüks kostyumla tərəvəz doğrama alətləri satan Joes Ades, sadə bir məhsulu sənətə çevirmişdi. O, London aksenti və cəlbedici danışıq tərzi ilə küçə satışlarını tamaşaya çevirir, “küçə satıcılığını” prestijli bir peşə halına gətirirdi.



















































