Alimlərdən iddia: Ayda trilyonlarla dollar dəyərində nadir metallar var

Yeni tədqiqat göstərib ki, Ay səthinin altında platin, palladium və rodium kimi ən dəyərli platin qrupuna aid metalların trilyonlarla dollar dəyərində ehtiyatları, eləcə də minerallarda saxlanılmış su mövcuddur.
Mozalan.az Valyuta.az-a istinadən xəbər verir ki, tədqiqatçılar hesablayıblar ki, diametri bir kilometrdən çox olan təxminən 6 min kraterdə platin qrupuna aid metallar ola bilər.
Onlardan 38 ən iri krater, mərkəzi zirvələrinə görə, ehtiyatların toplanma ehtimalı ən yüksək bölgələr sayılır.
Suyun mövcudluğu baxımından isə 3 minə yaxın kraterdə hidratlaşmış mineralların qalığı ola bilər, 20 ən böyük kraterdə isə su izləri xüsusilə aydın görünür.
Əgər bu məlumat təsdiqlənsə, Ay Günəş sistemində ən çox resurs potensialına malik obyektlərdən birinə çevrilə və faydalı qazıntıların kosmosda hasilatı sahəsində asteroidləri belə geridə qoya bilər.
Platin və ona bənzər metallar Yer üzərində çox nadir tapılır, lakin böyük iqtisadi və texnoloji dəyərə malikdir – onlar tibbdə, elektronika və zərgərlik sahəsində geniş istifadə olunur. Belə elementlərin yeni mənbələri Yer təbiətinə düşən ekoloji təzyiqi azalda bilər.
Lakin suyun mövcudluğu daha da önəmli ola bilər. Əgər Ayda həqiqətən su varsa, bu, astronavtların həyat təminatı, oksigen istehsalı və birbaşa orada raket yanacağı hazırlanması üçün böyük imkanlar açacaq.
Uzun müddət ərzində resursların asteroidlərdə hasil edilməsinin daha sərfəli olduğu düşünülürdü, lakin bu yanaşmanın bir çox çətinliyi var. Asteroidlər azdır, hərəkətləri çətindir və onların üzərinə eniş, eləcə də hasilat prosesi alimlər üçün çox mürəkkəbdir. Ay isə yaxın məsafədə yerləşir, sabit orbitdə fırlanır və yaxşı öyrənilib.
Növbəti mərhələdə alimlər hansı kraterlərin həqiqətən metal və su ehtiyatı saxladığını müəyyənləşdirməyi və bu resursların təhlükəsiz şəkildə hasil edilməsi yollarını araşdırmağı planlaşdırırlar. Bunun üçün bahalı missiyalar göndərilməzdən əvvəl orbitdən fəaliyyət göstərən sensorların istifadəsi təklif olunur.