Oct 20

Mirzoyan: Bakı ilə İrəvan arasında sülh regionda yeni iqtisadi imkanlar açır

Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması regionda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar yaradır.

Mozalan.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda regional təhlükəsizlik və regionlararası əlaqələr üzrə nazirlərin görüşündən əvvəl jurnalistlərə bildirib.

"Bu gün mən Avropa İttifaqı, Qara dəniz regionu və Mərkəzi Asiyadakı həmkarlarımla regionlararası əməkdaşlıq vasitəsilə dayanıqlılığı, təhlükəsizliyi və əlaqəni necə gücləndirəcəyimizi müzakirə edirəm", - nazir qeyd edib.

Mirzoyanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması, kommunikasiyaların yaxın vaxtlarda açılması, nəqliyyat infrastrukturunun yaradılması regionun inkişafı üçün yeni perspektivlər vəd edir.

"Bizim region Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm rol oynaya bilər. Mən bugünkü müzakirələri səbirsizliklə gözləyirəm", - o əlavə edib.

İclas Avropa Komissiyası, Avropa İttifaqına üzv dövlətlər, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Türkiyə, Ukrayna və Mərkəzi Asiya ölkələrinin nümayəndələrinin iştirakı ilə geniş tərkibdə keçirilir. Əsas diqqət Qara dəniz regionunda təhlükəsizlik məsələlərinə və Avropa ilə Asiya arasında nəqliyyat və enerji əlaqələrinin inkişafına yönəlib.(report)

Bənzər xəbərlər

Gündəm

0.021919012069702