Milyonlarla məktubu gecikdirdiyinə görə poçt şirkəti cərimələndi

“Royal Mail” illik birinci və ikinci dərəcəli poçt çatdırılma hədəflərini yerinə yetirmədiyi üçün Böyük Britaniyada milyonlarla məktubun gecikməsi və 21 milyon funt sterlinq cərimə ilə üzləşib. Bu barədə tənzimləyici qurum “Ofcom” məlumat yayıb.
Mozalan.az Valyuta.az-a istinadən xəbər verir ki, tənzimləyicinin açıqlamasına görə, 2024-2025-ci maliyyə ilində “Royal Mail” birinci dərəcəli poçtun cəmi 77 faizini, ikinci dərəcəli poçtun isə 92,5 faizini vaxtında çatdırıb. Şirkət müvafiq olaraq 93 və 98,5 faiz hədəflərinə çata bilməyib.
“Ofcom”un icra direktoru Yan Strohorn bildirib ki, bu nöqsanlar “davamlı” və “qəbuledilməz” xarakter daşıyır:“
"Müştərilər daha yaxşı xidmətə layiqdir. Milyonlarla vacib məktub gecikmə ilə çatır və insanlar markaya pul ödədikdə aldıqları xidmətlə uyğunluq görmürlər".
Şirkət nümayəndəsi isə “Ofcom”un qərarını qəbul etdiklərini və xidmət keyfiyyətini artırmaq üçün işləri davam etdirdiklərini deyib. “Royal Mail” universal xidmət üzrə dəyişikliklərin sınaqlarının “müsbət nəticə verdiyini” və bəzi bölgələrdə çatdırılmaların yaxşılaşdığını əlavə edib.
Tənzimləyici qurum şirkətə şənbə günləri ikinci dərəcəli məktubların çatdırılmasını dayandırmağa və xidməti digər günlərdə növbə ilə həyata keçirməyə icazə verib. Bu dəyişikliklər mərhələli şəkildə tətbiq olunacaq.
Bununla yanaşı, “Royal Mail” qarşıdan gələn Yeni il və Milad dövründə artan tələbi qarşılamaq üçün 20 min müvəqqəti işçi cəlb edəcək. Yeni vəzifələr poçt və çeşidləmə mərkəzləri üzrə bölüşdürüləcək.