Villası 15 milyona satışa çıxarıldı - FOTO

Məşhur amerikalı rejissor Devid Linçin uzun illər yaşadığı Los-Anceles təpələrindəki malikanəsi satışa çıxarılıb.
Mozalan.az xəbər verir ki, üç yaşayış evindən ibarət olan bu kompleksin qiyməti 15 milyon dollar təşkil edir. Villalardan biri tanınmış memar Lloyd Rayt tərəfindən layihələndirilib.
Linçin 35 ildən çox müddət ərzində yaşadığı bu mülk onun yaradıcılıq mərkəzinə çevrilib. "Lost Highway", "Mulholland Drive" və "Twin Peaks: The Return" kimi bir çox kult əsərlər burada ərsəyə gəlib. Bundan əlavə, rejissorun məşhur hava proqnozları da məhz bu evdən qeydə alınıb.
Məlumata görə, mülkün satışını "The Agency Beverly Hills" şirkətindən Mark Silver həyata keçirir. O, sosial şəbəkədə paylaşımında bu villanı "memarlıq irsinin, yaradıcılıq ruhunun və mədəniyyətin unikal qovuşması" adlandırıb.
Xatırladaq ki, Devid Linç 2025-ci ilin yanvarında, 78 yaşında vəfat edib. Onun Los-Ancelesdəki villası isə artıq "Linç üslubunun" bir simvoluna çevrilib.(valyuta.az)