VPN proqramları və onun təhlükəsi: - “Sizdən müxtəlif qovluqlara girməyə icazə istənilirsə...”
Sentyabrın 27-dən etibarən Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün Azərbaycan ərazisində internetin verilməsi məhdudlaşdırılıb. Müharibə şəraitində dezinformasiyaların yayılmasının qarşısının alınması üçün atılan bu addımdan sonra bəzi şəxslər sosial şəbəkələrə VPN proqramlarından istifadə edərək girirlər.
Mütəxəssislər isə bu proqramın təhlükəli olması ilə bağlı xəbərdarlıq edir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı mübarizə mərkəzi də mətbuata verdiyi açıqlamada SkyVPN adlanan tətbiqə sadəcə şəbəkə sazlamalarına icazənin lazım olduğu təqdirdə, şəxsin kamerasına, əlaqə vasitələrinə, telefon, təqvim, lokasiya və yaddaş kartından istifadəyə icazələrin istənilməsinə diqqət çəkib.
Bildirilib ki, bütün bunlar tətbiqin sadəcə VPN tətbiqi olmadığı və casusluq üçün də istifadə edildiyini isbat edir.
Bəs, doğrudanmı VPN proqramları təhlükəlidir? VPN açıq olanda telefonda nələri etmək olmaz?
Musavat.com-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, VPN proqramından istifadə edən zaman insanlar diqqətli olmalıdır:
“Sıravi istifadəçilər üçün xüsusi bir təhlükə yoxdur. Əgər sıravi istifadəçi maliyyə və biznes əməliyyatları aparmayacaqsa, açıqlanması düzgün olmayan informasiyalar işlətməyəcəksə, proqram təhlükə törətməyəcək.
VPN internetə girmək, hansısa informasiya münasibətləri qurmaq üçün sizinlə əlaqə qurmaq istədiyiniz şirkət arasında vasitəçidir, üçüncü şirkətdir. Məsələn, siz bankla bir iş görmək istəyirsiniz, həmişə bankla birbaşa çalışdığınız halda, indi üçüncü şirkət var, o, sizi bankla əlaqələndirir. Bu baxımdan risklər görünür. Elə VPN var ki, sizi birbaşa internetə qoşur. Amma elə VPN proqramı var ki, sizdən müxtəlif qovluqlara girməyə icazə istəyir. Əlavə informasiya istəyən VPN-lərdən uzaq durmaq lazımdır.
Lakin elementar təhlükəsizlik qaydalarına əməl olunarsa, VPN-dən istifadə etmək olar.
Dünyada populyar şirkətlər var ki, onlar illərdir ödənişli VPN proqramlarından istifadə edirlər. O VPN-lər güvənlidir. VPN-lərin tamamilə təhlükəli olduğunu demək yanlışdır. Ona qalsa, “Facebook”, “İnstagram” və digər proqramlar da təhlükəlidir. Ona görə tanınmış, ödənişli, güvənli VPN-lərdən istifadə etmək lazımdır”.
Aktiv sosial şəbəkə istifadəçisi olan, jurnalist Məhəmməd Türkmən bildirib ki, VPN proqramları tamamilə təhlükəsiz deyil:
“VPN istifadə edən zaman informasiyanı üçüncü şəxsə də ötürürsən. Sonra isə informasiya o şəxsdən daxil olmaq istədiyin mərkəzə gedir. VPN sənin bilgilərini, serverini dəyişir. Pulsuz olan bir şey təhlükəsiz ola bilməz. Pulsuz olan proqramların ya hansısa məqsədi var, ya da reklam xarakteri daşıyır. Tez-tez VPN proqramına qoşulma dayanır, istifadə edən şəxs yenidən qoşulan zaman isə digər şirkətlərin məhsullarının reklamı gəlir. Beləliklə, VPN şirkəti qazanc əldə edir. Bundan başqa proqram bank bilgilərinizi götürə bilər. Çünki telefonda “n” qədər şəxsi məlumatlarımız var. Bu proqramlar rahatlıqla o məlumatları götürə bilər. Təbii ki, söhbət proqramı qoşan zaman icazələr istəyən VPN-lərdən gedir.
Nəzərə alsaq ki, “Android” sistemli telefonlar açıq qutudur, proqramların içərisində bir çox bilgi, məlumat təhlükəsizliyi tam qorunmur, o zaman VPN daha təhlükəlidir”.
Musavat.com