Gəncə dəhlizi uğrunda NATO-Rusiya savaşı - TƏHLİL
Ermənistan Azərbaycanın enerji infrastrukturunu hədəfə alıb.
İyul ayından başlayaraq Tovuza edilən hücum, son günlər isə Gəncə və Mingəçevir şəhərlərinin intensiv raket atəşinə tutulması da Azərbaycanın enerji təhcizatı sisteminə zərbə vurmaq məqsədi daşıyır. Prezident İlham Əliyev də öz müsahibəsində Ermənistanın neft və qaz ixrac edən kəmərlərini, hətta Səngəçal terminalını vurmağa çalışdığını deyib.
Xarici ölkələrin Mingəçevirə səfəri zamanı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev xarici ölkələrin səfirlərini və diplomatlarını ermənilərin Mingəçevir İstilik Elektrik Stansiyasına atəş açması faktı ilə tanış edib.
Qeyd edək ki, bu yaxınlarda Ermənistan Bakı-Tiflis-Ceyhan neft kəmərini vurmağa çalışsa da atılan raket Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən havada məhv edilib.
Ümumiyyətlə, Azərbaycanın enerji infrastrukturu üçün ciddi təhlükə yaranıb. Əslində, ermənilərin bu planı Rusiyanın geosiyasi maraqlarına xidmət edir. Son günlər nə üçün məhz Gəncənin hədəf seçilməsi ilə bağlı ictimaiyyət arasında suallar səslənir. Bunun daha çox siyasi vahimə yaratmaq, qisas almaq məqsədilə edildiyinə dair məlumatlar üstünlük təşkil edir. Əlbəttə, qeyd edilən amil birmənalı şəkildə mövcuddur.
Lakin istər Tovuz döyüşlərinin istərsə də bu gün Gəncənin və Mingəçevirin atəşə tutulmasının arxasında çox ciddi geosiyasi faktorlar dayanır. Burada məqsəd enerji- kommunikasiya xətlərinin tranziti üçün mühüm rol oynayan “Gəncə dəhlizi”nin Rusiyanın nəzarətinə keçməsini təmin etməkdir. Tovuz döyüşləri zamanı Rusiya Ermənistanın əli ilə bu dəhlizi işğal edib Azərbaycanın beynəlxalq enerji bazarlarına çıxıxşını bağlamağa çalışsa da buna nail ola bilmədi.
Strateji əhəmiyyətə malik “Gəncə dəhlizi”nin qapanması son zamanlar Avropada və Türkiyədə öz enerji bazarlarını itirən Kreml üçün yeni nəfəslik aça bilər. Türkiyəyə təbii qaz ixracı beşinci yerə düşən Rusiya yaranmış geoiqtisadi vəziyyəti dəyişməyə çalışır. Ancaq Azərbaycan Avropaya öz qazını satmağa hazırlaşır. Azərbaycan “mavi yanacağı”nı Türkiyədən Avropaya daşıyacaq TAP boru kəməri artıq Türkiyə-Yunanıstan sərhədindən Cənubi İtaliyadakı terminala qədər təbii qazla doldurulub. Hazırda son hazırlıq işləri aparılır və noyabrın ortalarında TAP vasitəsilə İtaliyaya qaz tədarükü planlaşdırılır.
Bu baxımdan, “Gəncə dəhlizi” Avropanın enerji təminatında mühüm tranzit rolu oynamaqla yanaşı, Qərbin Mərkəzi və Cənubi-Şərqi Asiyaya çıxışını təmin edən mühüm nəqliyyat-kommunikasiya vasitəsidir. Qərbin Xəzər regionuna çıxışının qarşısını almaq və bu regiondan Avropaya qaz və neft ixracını dayandırmaq üçün Rusiya müəyyən planlar həyata keçirməyə çalışır.
Rusiyaya qarşı Qərbin sanksiyaları və ABŞ -ın “Şimal axını-2” Qaz kəmərinə sanksiya tətbiq etməsi, Azərbaycanın “mavi yanacağı”nın Avropa üçün əhəmiyyətini artırıb. “Cənubi Qaz” dəhlizi və onun əsas seqmentləri olan TANAP və TAP 2021-ci ildən başlayaraq Avropanın bazarında mühüm yer tutacaq. Bu da Rusiyanın Avropada enerji monopoliyasına əsas alternativ yaradır. Rusiyanın hərbi cəhətdən fəallaşmasının səbəblərini də burada axtarmaq lazımdır.
Bu səbəbdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığı zamanı da Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqe nümayiş etdirməyə və Qərbi enerji maraqlarını müdafiə etməyə çağırıb.
“Azərbaycan ərazilərini işğal edən Ermənistan, təbii qaz və neft boru kəmərlərinin nəqliyyat xətləri üzərində yerləşən Tovuz bölgəsindən sonra Gəncə şəhərinə hücum etməsi ilə Avropanın enerji təchizatını təhlükəyə atır”-prezident Ərdoğan belə deyib.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, beynəlxalq təşkilatlar, Avropa dövlətləri və ABŞ enerji maraqlarına yaranmış təhlükəyə hələ iyul ayında reaksiya verməli idi. Çünki Ermənistan tərəfindən Tovuz istiqamətinə edilən hərbi hücumlar birbaşa enerji dəhlizini təhlükə altına almışdı:
“Çünki Tovuzda hərbi əməliyyatların aparıldığı ərazidən 40 kilometr aralıda böyük bir enerji dəhlizi mövcuddur. Həmin istiqamətdə Qazıməmməd-Qardabani qaz kəməri keçir. Gürcüstanın daxili tələbatının təminatına yönələn bu kəmər Sovet dövründən fəaliyyət göstərir. Eyni zamanda, hərbi əməliyyatlar Bakı-Tiflis-Ərzurum qaz kəmərini və Cənub Qaz dəhlizini təhdid altına alır. Həmçinin, Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəmərinin, Bakı-Supsa neft kəmərinin mövcudluğuna təhlükə yaradır. Bundan başqa, Ermənistanın təcavüzü və raket zərbələri Bakı-Tiflis-Qars dəmir yolunu təhdid altına alır.
Yəni bütövlükdə həm enerji dəhlizini, həm də enerji-nəqliyyat dəhlizi üçün problem yaradır. Ona görə də Avropa ölkələri bu məsələyə hələ iyul ayında reaksiya verməli idi. Ona görə ki, Azərbaycanın ixrac potensialı yalnız enerji daşıyıcılarının dünya müştəri bazarlarına çıxarılmasından ibarət deyil.
Bizim ixrac imkanlarımızdan, həm Qazaxıstan, həm Türkmənistan, həm də Rusiya istifadə edir. Məsələn, “Lukoil” neft şirkətinin Xəzər şelfində hasil etdiyi neft həcmlərinin bir hissəsi Səngəçal terminal üzərindən Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəməri vasitəsilə dünya bazarlarına çıxarılır. Eyni zamanda, Qazaxıstan nefti Dübəndi terminal vasitəsilə Azərbaycanın ixrac güclərinə qoşulur.
Türkmənistanın “Çiyanlı” yatağından hasil olunmuş neft Bakı-Tiflis-Ceyhan neft kəməri vasitəsilə beynəlxalq bazarlara çıxarılır. Həm Türkmənistanın, həm Qazaxıstanın enerji daşıyıcıları, dizel yanacağı, karbomid, kükürd, digər baza yağları Azərbaycan üzərindən Gürcüstana və oradan Avropa bazarlarına daşınır. Yəni Xəzər regionunun enerji daşıyıcılarının böyük hissəsi Azərbaycan ərazisindən keçməklə dünyan bazarlarına çıxarılır. Ona görə də beynəlxalq birlik mütləq bu məsələyə reaksiya verməldir.
Qeyd edək ki, dünya ölkələrinin enerji təhlükəsizliyi ilə bağlı Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə Ermənistanın təcavüzü ucbatından təhlükə yaranıb. Ermənistan KİV-i iddia edir ki, Bakı-Tiflis-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizinə təhlükə yoxdur. Çünki həmin kəmərlər yerin altı ilə çəkilib. Halbuki, bunlar tamamilə yalandır. Adıçəkilən magistral kəmərlərin keçdiyi ərazilərdə boru xəttinin təhlükəsizliyni təmin edən optik kabellər mövcuddur.
Eyni zamanda, kəmərdə məhsulun sabit sürətini təmin edən qaz kompressor stansiyaları var. Bu stasiyalar yerin üstündədir və hava hücumundan tam sığortalanmayıb. Bu avadanlıqlar, aqreqatlar, məhsulun miqdarını ölçmə stansiyaları təhdid altına düşə bilər. Ona görə də hesab edirəm ki, ixrac kəmərlərinin səhmdarları bu məsələyə ciddi reaksiya veməlidir. Söhbət yalnız Azərbaycanın ixrac kəmərlərindən deyil, dünyanın enerji təhlükəsizliyindən gedir.
Ermənistan dəfələrlə bəyan edib ki, Mingəçevir İstilik Elektik Stansiyasını, Səngəçal terminalını vura bilərlər. Bu Ermənistanın təcavüzkar siyasətini birbaşa təsdiq edir. Beynəlxalq dairələr buna reaksiya veməlidir. Hətta NATO-nun nizamnaməsində enerji təhlükəsizliyi ilə bağlı xüsusi prosedur var. Orada göstərilir ki, NATO üzvləri olan ölkələrin enerji təhlükəsizliyi təhdid altına alınarsa, buna adekvart reaksiya verilməlidir. Həmin prosedur indi niyə işə salınmır?
Burada səhmdar olan və eyni zamanda NATO-nun üzvü olan dövlətlər var. Biz həmin müddəalardan istifadə etməliyik. 1991-ci ildən bəri Ermənistan dünya iqtisadiyyatı üçün elə bir meqalayihə ortaya qoya bilməyib. Amma Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təımin edilməsinə hesablanmış onlarla layihə həyata keçirib. Onu da qeyd edim ki, Bakı-Tiflis Ceyhan və Cənub Qaz Dəhlizi Avropa struktiularının birbaşa prioritet saydığı enerji layihələridir”.
Zəfər Vəliyevin sözlərinə görə, kəmərlərin keçdiyi ölkələr müqaviləyyə uyğun olaraq öz ərazisində onun təhlükəsizliyinə təminat verib:
“Həm Bakı-Tiflis-Ceyhan neft kəməri, həm Cənub Qaz Dəhlizi kəmərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyənin öhdəlikləri var. Azərbaycan ərazisində hər hansı ikinci bir dövlət ixrac kəmərlərinin təhlükəsizliyinə problem yaradarsa, müttəfiq dövlətlər buna reaksiya verir. Ermənistan Moskvada Azərbaycanla imzalanmış humanitar atəşkəs haqqında sazişin mürəkkəbi qurumamış razılaşmanı pozdu.
Ona görə də mən Azərbaycanın Xəzər şelfində fəaliyyət göstərən xarici şirkətləri, ilk növbədə BP-ni başa düşə bilmirəm. Bu şirkətlər nə üçün reaksiya vermir? Bu elə bir məsələdir ki, Dağlıq Qarabağda Ermənistan tərəfindən atəşkəsindən sonra dünyanın nüfuzlu ekspertləri bildirdi ki, müharibə Azərbaycan ərazisindən keçən enerji dəhlizlərini təhlükə altına alacaq. Yəni bu, dünyanın problemidir. Hər kəsə məlumdur ki, bu münaqişədə Rusiya Ermənistanın mövqeyini açıq şəkildə dəstəkləyir. Hesab edirəm ki, Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini bu məsələlərə cəlb etməlidir”.