Oct 14

“Rusiya başa düşür ki, Türkiyə Dağlıq Qarabağ müharibəsində de-fakto iştirakçıdır”

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşən Ermənistan XİN başçısı Z.Mnatsakanyan növbəti dəfə sərsəm açıqlamalar səsləndirib. Mnatsakanyan Dağlıq Qarabağın hazırda “təhdid altında” olduğunu uydurub. O, həmçinin “atəşkəsi yoxlama mexanimzlərindən” Azərbaycan tərəfinin imtina etdiyini deyib:“Bu təklifdən imtina edən Ermənistan tərəfi, yaxud hərbi xunta rejimi deyil. Ona görə də mən Ermənistanın və ya Qarabağın ünvanına hansısa ittihamları qəbul edə bilmərəm”. Mnatsakanyan bildirib ki, Ermənistan “Dağlıq Qarabağın” təhlükəsizliyinin qarantı olaraq qalır.
Ermənistan hakimiyyəti Gəncədə törətdiyi hərbi cinayətin məsuliyyətini daşımaq istəmir və ittihamları qəbul etmir. O, buna müxtəlif riyakarlıqla don geyindirməyə çalışır. Digər tərəfdən, hələ də cinayətkar rejimi “tərəf” olaraq adlandırır.

Baxmayaraq ki, 10 oktyabr humanitar atəşkəsi zamanı Azərbaycan öz şərtlərini elan etmişdi. Eyni zamanda, Dağlıq Qarabağı işğal etməsini pərdələmək üçün guya Ermənistanın “qarant ölkə” rolunda çıxış etdiyi yalanını yaymaqdan da geri durmur.

Maraqlıdır ki, üçtərəfli görüşdən bir neçə gün sonra Rusiya xarici işlər nazirinin ermənistanlı həmkarını Moskvaya çağırmaqda məqsədi nədir? Yəni artıq yetmiş yaşını haqlayan Lavrov Mnatsakayana deyəcəklərini unutmuşdu? Məsələ sırf yaşlılıqdadır? Ya, bəlkə, Mnatsakanyan “hədiyyə”lərini yaddan çıxarıb, götürüb?

BDU-nun Beynəlxalq münasibətlər kafedrasının professoru Ramiz Sevdimalıyev “Sherg.az”a açıqlamasında bildirib ki, bu, yaşlılılıq yox, “ağsaqqal”lıq ritorikası idi:

“Üçtərəfli görüş zamanı tərəflər arasında humanitar atəşkəs barədə razılıq əldə edildi. Amma danışıqlardan dərhal sonra Ermənistan xarici işlər naziri bildirdi ki, əsas məqsəd Dağlıq Qarabağı müstəqil respublika kimi tanıtmaqdır. Bu, danışıqlara ziddi idi. Üstəgəl, işğalçı Gəncəni, mülki əhalini hədəf almaqla Kremli qəzəbləndirdi. Üçtərəfli görüşün əsas mahiyyəti bundan ibarət idi ki, əgər müvqəqqəti humanitar atəşkəs zamanı münbit şərait yaranarsa, vasitəçilərin iştirakı və baza prinsipləri əsasında danışıqlar bərpa oluna bilər. Rəsmi İrəvan isə həm sərsəm iddiası, həm də Gəncəni vurmaqla görüşün təşəbbüskarı Rusiyaya hömətsizlik etdi. Kremlin ən azından qlobal “oyunçu” olduğunu nəzərə almaq lazım idi. İkinci bir tərəfdən isə bu dövlət BMT-in Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk qrupunun həmsədridir.

Həm də Ermənistanın təhlükəsizliyini, mövcudluğunu qoruyan ölkədir. Odur ki, Ermənistan bu qədər sayğısız davranmalı deyildi. Dünənki görüşün əsas məqsədi də Ermənistan tərəfinin “qulağını çəkmək” idi”.

R.Sevdimalıyevin fikrincə, Ermənistan beynəlxalq hüququn normalarını pozur:

“Qeyd edim ki, Ermənistan Gəncəni ballistik raketlə hədəfə almışdı. Bu silahın adi raketdən əsas fərqi hədəf dəqiqliyidir. Düşmən bilə-bilə, məqsədyönlü şəkildə mülki əhalini vurdu. Bu isə müharibə cinayətidir. Törədilən əmələ görə bütün məsuliyyəti Ermənistan hərbi-siyasi hakimiyyəti daşıyır. Üstəgəl, bu cür ağır silahlardan yalnız dövlət başçısının və ya müdafiə nazirinin əmri ilə istifadə olunur. Deməli, ballistik raketlərdən istifadə siyasi hakimiyyətin qərarıdır. Bu isə o deməkdir ki, düşmən könüllü şəkildə Dağlıq Qarabağdan çıxmaq istəmir”.

Professorun sözlərinə görə, Kreml Türkiyə faktoru ilə artıq barışır:

“Üçtərəfli görüşdən dərhal sonra Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıb. Ümumiyyətlə, dünənədək onlar arasında dörd dəfə telefon danışığı olub. Rusiya başa düşür ki, Türkiyə Dağlıq Qarabağ müharibəsində de-fakto iştirakçıdır. Eyni zamanda rəsmi Ankara ATƏT-in həmsədri olmasına rəğmən, Cənubi Qafqazda nüfuza malikdir. Qardaş ölkə dəfələrlə bəyan edib ki, Ermənistan ordusu Dağlıq Qarabağdan çıxmalıdır. Habelə Türkiyənin bizə dəstəyi və genişmiqyaslı hərbi əməliyyatlara üçüncü tərəfin qoşulacağı halda, məsələdə iştirakının təmin olunacağını deməsi Rusiyanı narahat edir. Lavrovla Çavuşoğlu arasında müntəzəm telefon danışıqlarının səbəbləri məhz bu sadaladıqlarımdır.

Politoloq hadisələrin gələcək inkişafı ilə bağlı proqnozlarını da verib:

“Ermənistandakı siyasi elita, o cümlədən Qarabağ klanı dağınıq vəziyyətdədir. Hər kəs gələcək hakimiyyət barədə düşünür. Bu, daxili vəziyyəti mürəkkəbləşdirir. Üstəgəl, Ermənistan ordusunda fərarilik artıb. Valideynlər narazıdırlar. Fəqət işğalçılar danışıqlar müddətindən istifadə edərək bir az toparlandılar. Təcavüzkar ölkə silahlanır. Ötən günlər ərzində Moskvadan İrəvana 24 təyyarə reysi olub. Əlbəttə, silah daşınır.

Hətta KİV-də yazıldığına görə, Ermənistan xarici işlər naziri Moskvadakı danışıqlardan sonra da təyyarədə özü ilə xeyli silah aparıb. Deməli, rəsmi İrəvan sülhə nə razıdır, nə hazır. Bizim yeganə yolumuz müharibədir. Həm tarixi həqiqətin, həm də beynəlxalq hüququn tərəfimizdə olduğunu nəzərə alsaq, ən yaxın zamanda torpaqlarımızı azad edəcəyimizə inana bilərik”.

Bənzər xəbərlər

Gündəm

0.035835981369019