Trampın xüsusi elçisi Suriya prezidenti ilə görüşdü

ABŞ-ın Türkiyədəki səfiri və Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak İstanbulda olan Suriya prezidenti Əhməd əş-Şaraa ilə görüşüb.
Mozalan.az xəbər verir ki, məlumatı səfir özünün X hesabında paylaşıb.
Görüş zamanı Barak qeyd edib ki, ABŞ-ın Suriyaya qarşı sanksiyalarının bu yaxınlarda ləğvi Vaşinqtonun regiondakı tərəfdaşlarına ölkəyə humanitar və maliyyə yardımı, eləcə də enerji resursları çatdırmağa imkan verəcək.
O vurğulayıb ki, Amerika administrasiyası Suriya hakimiyyətindən İŞİD-lə mübarizəni davam etdirəcəyini gözləyir:
“Mən həmçinin prezident Donald Trampın xarici terrorçu döyüşçülər, İŞİD-ə qarşı mübarizə tədbirləri, İsraillə əlaqələr, Suriyanın şimal-şərqindəki düşərgələr və saxlama mərkəzləri ilə bağlı qaldırdığı məsələlərdə təsirli addımlar atdığı üçün Əhməd əş-Şaraaya təşəkkür etdim”.
Qeyd edək ki, bu gün Əhməd əş-Şaraa Türkiyəyə qəfil səfərə gəlib. Səfərlə bağlı əvvəlcədən heç bir məlumat açıqlanmayıb. Suriya prezidenti Dolmabahçe sarayında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşüb.