“Onun tez-tez Milli Məclisə içkili gəldiyini danışırlar”
“Doğulduğum Şahbuz rayonunu - 30 minə yaxın seçicisi olan Şahbuz-Babək Seçki Dairəsini 15 ildir Siyavuş Novruzov kimi bir “deputat”ın təmsil etməsindən mən bu qədər xəcalət çəkirəmsə, indi görün, o elin-obanın qeyrətli ağsaqqlları, ziyalıları nə qədər utanır, xəcalət çəkirlər”.
Mozalan.az xəbər verir ki, bunu Ədalər Partiyasının sədr müavini Elxan Şükürlü deyib. O, bildirib ki, belə adamın təmsilçiliyindənsə, o dairəni bundan sonra elə 20 il də deputatsız - boş saxlamaq daha yaxşıdır:
“Məncə, Siyavuş Novruzovun ictimaiyyət üçün məlum olan və hələ çoxlarına da məlum olmayan əməllərinə qiymət verilməsi üçün təkcə YAP-ın töhməti və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tətbiqiylə kifayətlənilməməli, Milli Məclisin İntizam Komitəsində də mütləq baxılmalıdır. Çünki “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanun onun mandatının əlindən alınmasını tələb edir”.
E. Şükürlü bilməyənlərə həmin Qanunun 3.11-ci maddəsinin tələblərini bir daha xatırladıb:
“3.11.1. Deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli, öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməli, maraqlarının onun deputatlıq fəaliyyətinə təsir göstərməsinə şərait yaratmamalı, həmçinin səlahiyyət müddətində deputatlıq səlahiyyəti müddətindən sonrakı dövrlərdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədi ilə hər hansı bir hərəkət (hərəkətsizlik) etməməlidir. Deputat hər hansı maraqlı tərəflə ünsiyyət zamanı şəffaflıq və dürüstlük prinsiplərini rəhbər tutmalıdır.
3.11.2. Deputatın xidməti vəzifələrinin icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, həmin maraqlar barəsində Milli Məclisin İntizam komissiyasına məlumat verməli və İntizam komissiyasının rəyini öyrənməlidir. Deputat, Milli Məclisin İntizam komissiyasının rəyinə müvafiq olaraq, onun marağının yarandığı məsələ ilə bağlı çıxış etməkdən və ya səsvermədə iştirak etməkdən çəkinməlidir. Deputat maraqlar toqquşmasının həlli zamanı ictimai mənafeni həmişə öz maraqlarından üstün tutmalıdır...”.
“Yeri gəlmişkən, deputat həmkarları jurnalistlərə onun tez-tez Milli Məclis iclaslarına da içkili halda gəldiyini danışırlar. İndi görək, bu deputatlar 30 min seçiciyə hörmət qoymurlar-qoymurlar, heç olmasa, özlərinə hörmət qoymağı bacaracaqlarmı?!”.