Yunanıstanın BMT Təhlükəsizlik Şurasına sədrliyi başladı

May ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edən Yunanıstan fəaliyyət proqramını təqdim edib.
Mozalan.az xəbər verir ki, Yunanıstanın BMT-dəki daimi nümayəndəsi səfir Evangelos Sekeris ölkəsinin aylıq gündəliyini BMT-nin qərargah binasında jurnalistlərə açıqlayıb.
Səfir qeyd edib ki, Yunanıstanın sədrliyi dövründə iki əsas yüksək səviyyəli tədbir təşkil olunacaq ki, onlardan birincisi mayın 20-də keçiriləcək açıq debatdır. Tədbir “Qlobal sabitlik naminə beynəlxalq əməkdaşlıq vasitəsilə dəniz təhlükəsizliyinin gücləndirilməsi” mövzusuna həsr olunacaq. Bu debatda Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis sədrlik edəcək və BMT Baş katibi Antonio Quterreş əsas məruzəçi olacaq.
İkinci əsas tədbir isə mayın 22-də baş tutacaq və silahlı münaqişələrdə mülki şəxslərin müdafiəsinə həsr olunacaq illik debatdır. Yunanıstan bu tədbiri nazirlər səviyyəsində təşkil edəcək. Debata Yunanıstanın xarici işlər naziri Yorgos Yeropetritis sədrlik edəcək.
TŞ-nın may ayı üzrə gündəliyinə həmçinin, Livan, Bosniya və Herseqovina, Suriya, Yəmən və Liviya kimi aktual məsələlər daxildir. Eyni zamanda mayın 28-də Yaxın Şərqdəki vəziyyətlə bağlı aylıq debatın keçirilməsi planlaşdırılıb.
Bundan başqa, mayın 27-də Beynəlxalq Ədalət Məhkəməsində yeni hakimin seçilməsi üzrə səsvermə keçiriləcək. Ayın sonunda Cənubi Sudan üzrə sanksiyaların uzadılması və Şimali Koreyaya dair məsləhətləşmələr də nəzərdə tutulub.(Report)