Gürcüstan XİN: Rusiyanın bu hərəkəti suverenliyin pozulmasıdır

Rusiyanın Suxumi hava limanından istifadə etməsi suverenliyin pozulmasıdır.
Mozalan.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Rəsmi Tbilisi Rusiyanın işğal olunmuş Abxaziya bölgəsində yerləşən Suxumi hava limanından qeyri-qanuni istifadə etməsi və bölgədə hava nəqliyyatını bərpa etməsindən ciddi narahatlığını ifadə edib.
Nazirliyin məlumatına görə, 2025-ci il mayın 1-də Rusiya aviaşirkəti tərəfindən Suxumi hava limanına həyata keçirilən uçuş və hava limanının istismarı ilə bağlı qondarma rejimlə imzalanmış saziş Gürcüstanın suverenliyinin və ərazi bütövlüyünün, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, o cümlədən BMT Nizamnaməsinin və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Konvensiyasının kobud şəkildə pozulmasıdır.
Bəyanatda qeyd olunur ki, eyni tarixdə Rusiyadan Abxaziyaya dəmir yolu daşımalarının həyata keçirilməsi də narahatlıq doğurur.
“Gürcüstan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı beynəlxalq mexanizmləri işə salmağa davam edir. Rusiyanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş qanunsuz addımlarına beynəlxalq ictimaiyyət tərəfindən lazımi cavab verilməsini tələb edir. Həmçinin, Gürcüstan Rusiya Federasiyasını 2008-ci il 12 avqust tarixli atəşkəs razılaşmasına əməl etməyə çağırır”, – nazirliyin açıqlamasında vurğulanır.