Belarusda xalq necə yaşayır: Lukaşenkonun ölkəsinin iqtisadi imkanları
Avqustun 9-da keçirilən prezident seçkilərindən sonra Belarusda baş verən hadisələr dünya gündəminin əsas mövzularından biri olmaqda davam edir. Ölkə boyu seçkilərin saxtalaşdırılmasına qarşı baş qaldıran etirazların mərkəzində gənclərin və işçi kollektivlərinin dayanması isə seçkilərdə qalib elan olunan Aleksandr Lukaşenko başda olmaqla ölkənin hakim dairələrini ciddi narahat edib.
Məsələ burasındadır ki, etirazlar Belarus iqtisadiyyatında mühüm rol oynayan 3 sektor - aqrar, sənaye və İT sektorlarında daha güclü və təsirli xarakter alıb. Bütün ölkə boyu iri sənaye müəssisələrində tətillər başlanıb: Belarus metallurgiya zavodundan tutmuş, Minsk Traktor, Jabinsk şəkər zavodları, Jodino şəhərində yerləşən məşhur “BelAZ”a qədər bütüm iri müəssisələrdə tətillər başladılıb. Necə deyərlər, işçi-fəhlə qüvvəsi etirazlarda ən aktiv rollardan birini oynamaqdadır. Bu isə konkret müxalif qüvvənin, rəhbər təşkilatların olmadığı ölkələrdə demokratiya və hüquqlar uğrunda mübarizə üçün xarakterik olan haldır: çoxsaylı insanların toplaşdığı əməkçi kollektivləri daha tez fikir birliyi əldə edib, daha yüksək təşkilatlanma nümayiş etdirə bilirlər. Hətta Belarus kimi həmkarlar təşkilatlarının tamamən hakimiyyətə bağlı olduğu bir ölkədə belə əməkçi kollektivlərinin ümumxalq problemlərində öndə getməsi bu imkanlardan irəli gəlir.
Belarus orta səviyyədə inkişaf etmiş aqrar-sənaye ölkəsidir. Dünya Bankının 2019-cu ilin göstəricilərinə əsasən açıqladığı məlumata görə, adambaşına düşən Ümumi Daxili Məhsulun həcmi üzrə(19 min 943 dollar) Belarus dünya ölkələri arasında 114-cü yerdədir. Ölkənin kənd təsərrüfatı və maşınqayırma sənayesi orta səviyyədən də yüksək inkişafa malikdir. Bu sahələrdə istehsal olunan məhsulun böyük hissəsi xaricə ixrac olunur.
SSRİ dağılandan sonra Belarus maşınqayırma sənayesində nəinki mövcud potensialını qoruyub saxlaya bildi, həm də bir sıra istiqamətlərdə böyük irəliləyişlər də əldə etməyə nail oldu. 2000-ci illərdən etibarən ölkə rəhbərliyinin həyata keçirdiyi xüsusi proqramlar sayəsində maşınqayırma yenidən Belarus sənayesinin aparıcı sahəsinə çevrilib. Bu sahəyə xarici investisiyaları da cəlb etmək mümkün olub. Son illərdə Azərbaycanın Belarusdan idxalında mühüm yer tutan bir sıra maşınqayırma məhsulları məhz xarici investorlarla birlikdə istehsal olunur. Hazırda Belarusda maşınqayırma iqtisadiyyatın üçüncü ən böyük sahəsidir. Bu sahədə 350-dək müəssisə fəaliyyət göstərir. Hansı ki, bu müəssisələrin bir çoxu ölkədən kənarda yerləşir. Belarus maşınqayırma sənayesində aparıcı yer tutan avtomobilqayırmanın payı 29 faiz, traktor və kənd təsərrüfatı maşınqayırmasının payı 23 faiz təşkil edir. Bu gün Belarusda istehsal olunan avtomobillərin 80 faizdən yuxarısı xarici ölkələrə ixrac olunur. Maraqlıdır ki, Belarus maşınqayırması bu gün xammalın hamısını xaricdən - Ukrayna və Rusiyadan idxal edir.
Belarusda yüksək inkişaf etmiş sahələrdən biri də İT sektorudur. Bu sektor da seçkisonrası etirazlarda ciddi mövqe ortaya qoydu. Belə ki, İT sektorunda çalışan 500-dən çox direktor hakimiyyətə müraciət etdi. Onlar zorakılığı dərhal dayandırmağa, tutulanları buraxmağa və yeni, demokratik seçkilər keçirməyə çağırdılar. Xəbərdarlıq etdilər ki, vəziyyət dəyişməsə, mütəxəssislərin ölkədən kütləvi axını başlayacaq, sektorun inkişafı və investisiyalar dayanacaq, nəticədə bu sahədən büdcəyə vergi daxilolmaları da azalacaq.
Politoloq Şahin Cəfərlinin sözlərinə görə, Belarusda İT sektoru iqtisadiyyatda ən böyük paya sahib olan sahələrdəndir: “Bu sahədə təxminən 1500 şirkət fəaliyyət göstərir və 85 mindən çox adam çalışır. Belarus İT şirkətlərinin 50-dən çox ölkədə, o cümlədən ABŞ, Kanada və AB ölkələrində müştəriləri var. 2018-ci ildə bu sahənin 3,1 milyard dollar gəliri olub. İT sektorunun ÜDM-də payı 5,7 faizdir. Müqayisə üçün deyim ki, tikintinin payı 5,4 faiz, nəqliyyatın 5,8 faiz, kənd və meşə təsərrüfatının payı isə 6,4 faizdir”.
Belarusun əsas ticarət partnyoru Rusiyadır. Ölkə həmçinin mühüm hissəsi Rusiyadan olmaqla enerjidaşıyıcıların idxalından kəskin asılıdır. Bu asılılıq Belarusun Moskvaya xeyli miqdarda borcunun yığılmasına gətirib çıxarıb. Ölkənin Maliyyə Nazirliyinin, 1 may 2019-cu il tarixinə açıqladığı məlumata əsasən Rusiyaya xarici dövlətlərin 39.4 milyard dollar məbləğində borcu var. Bunun da 15.8 milyard dolları MDB ölkələrinin payına düşür. Və MDB ölkələrindən Rusiyaya ən çox borcu olan Belarusdur - 1 iyun 2019-cu il tarixinə 7.55 milyard dollar. İkinci yerdə Ukrayna 3,7 milyard dollarla, üçüncü yerdə bir milyard dollardan az məbləğlə Ermənistan, Gürcüstan və Moldova qərarlaşıb.
Belarusun Rusiyaya borcunun mühüm bir hissəsi təbii qaza görə yaranıb. Belə ki, Belarusun Rusiyadan aldığı qaza görə borcu 2020-ci il mayın sonundakı 165,6 milyon dollardan iyunun sonuna 273 milyon dollara çatıb. Bir ildən çoxdur ki, Rusiya borcları bağışlamağa tələsmir və kömək də vəd etmir. Bundan əlavə, 2010-cu ildən etibarən Belarus xarici borcun sürətli artımı problemi ilə üzləşib. Maliyyə Nazirliyinin bildirdiyinə görə, Belarusun dövlət borcu ilin birinci yarısında 17,5 faiz artaraq 52,6 milyard Belarus rubluna bərabər olub.
Pandemiyanın yaratdığı böhran Belarus hökumətini yenidən xarici maliyyə təşkilatlarına üz tutmağa vadar etdi. Ölkə beynəlxalq maliyyə təşkilatlarından koronavirus pandemiyası ilə mübarizə üçün 2,5 milyard dollara qədər dəstək almağa çalışır. Ölkənin baş nazirinin birinci müavini Dmitri Krutoyun sözlərinə görə, Belarusda xarici borc limiti ürəkaçan səviyyədədir: “Bizdə hazırda məqbul rəqəmlərdir. Xarici borc Avropa Birliyindəki orta səviyyədən ciddi şəkildə aşağıdır”.
Belarus hökuməti artıq dəstək üçün vəsaitlərin əldə olunması məqsədi ilə beynəlxalq qurumlarla danışıqlara başlayıb: “Beynəlxalq Valyuta Fondu ilə danışıqlara əsasən bizim kvota çərçivəsində 900 milyon dollar, Dünya Bankından 300 milyon dollar, Avropa İnvestisiya Bankından 300 milyon dollar ala bilərik. Bunlar çox yaxşı məbləğlərdir”.
Qeyd edək ki, Belarus Avropa Birliyindən də 60 milyon dollar yardım alıb. Ötən il ərzində Belarusun qızıl-valyuta ehtiyatlaı 2,2 milyard dollar artaraq 9,39 milyard dollara çatıb. Lakin yalnız mart ayında ehtiyatlar 11 faiz, yaxud 1 milyard dollar azalıb. İlin sonuna qədər hökumət ehtiyatların 7,3 milyard dollar həcmində qərarlaşacağını proqnozlaşdırır. Ölkənin aylıq idxalını 3,5 milyard dollar civarında olduğunu nəzərə aldıqda, ehtiyatların 2 aylıq idxalı maliyyələşdirməyə imkan verdiyini görərik ki, bu da dünya üzrə normal göstərici hesab olunur. Lakin il ərzində qaytarılmalı olan xarici dövlət borclarını da əlavə etdikdə, ehtiyatlar 1 aya güclə çata bilər.
Bu il ölkənin büdcə kəsiri də kəskin şəkildə artıb - 2020-ci ilin yanvar-iyun aylarında xərclər gəliri 1,8 milyard rubl həcmində üstələyib. 2020-ci il üçün Belarus büdcəsi 6 ildə ilk dəfə olaraq kəsirlə formalaşıb. Kəsirin 1 milyard rubldan artıq olmayacağı güman edilirdi.
Ötən il Belarusun ÜDM-i 63 milyard dollar təşkil edib. 2019-cu ildəki proqnozlaşdırmada ÜDM-in 2020-ci ildə 2,8 faiz artması nəzərdə tutulurdu. Lakin Rusiya ilə neft qiymətlərinə görə yaranan mübahisələr və bu ölkədən neft idxalının dayanması nəticəsində ilin ilk 2 ayında ÜDM-də 0,3 faiz azalma qeydə alınıb. Mart ayından etibarən başlanan koronavirus pandemiyası qlobal ticarət zəncirində kəskin fasilələrə səbəb oldu. Bu isə Belarusda ÜDM azalmasını sürətləndirdi. Ölkənin baş nazirinin açıqladığı məlumata görə, bu ilin birinci yarısında Belarusda ÜDM 1,7 faiz azalıb. Lakin iyun ayında qeydə alının 0,1 faizlik artım ilin yekununda ÜDM-in sabit qalacağına ümid yaradır. Lakin seçkilərsonrası baş qaldıran etirazların ölkəni və iqtisadiyyatı hara aparacağı bəlli deyil. Bu baxımdan, Belarusun ili hansı nəticələrlə yekunlaşdıracağını proqnozlaşdırmaq çox çətindir.(musavat.com)