Jun 30

Nəcməddin Sadıkovun karyera yüksəlişi və personası

Deputat Vahid Əhmədovun müdafiə naziri Zakir Həsənovu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovu Azərbaycan dilində normal danışa bilməməkdə tənqid etməsi hər iki general-polkovniklə bağlı müzakirələrə yol açdı. Deputatın tənqidindən bir qədər sonra onun xüsusilə Nəcməddin Sadıkovla bağlı dediklərinin heç də əsassız olmadığı elə Baş Qərargah rəisinin Gəncədə verdiyi bir neçə cümləlik raport zamanı ortaya çıxdı. Hörmətli general-polkovnik raportu ana dilimizdə səlis verə bilməkdə çətinlik çəkdi. Bu isə Nəcməddin Sadıkov personasını növbəti dəfə ictimai müzakirəyə çıxarmış oldu.

Sosial şəbəkələrdə belə iddialar da irəli sürüldü ki, Nəcməddin Sadıkov əslində Əbülfəz Elçibəy iqtidarının kadrı olub, onun karyerasında yüksəliş məhz həmin hakimiyyətin dövründən start götürüb. Bu iddianın nə dərəcədə düzgün olduğu barədə Elçibəy hakimiyyətinin yüksək vəzifədə olmuş təmsilçisinin fikirlərini təqdim etməzdən öncə Nəcməddin Sadıkov barədə Vikipediya məlumatlarını təqdim edirik:

Nəcməddin Hüseyn oğlu Sadıkov 1956-cı il mayın 24-də Dərbənd şəhərində anadan olub. Ailəsi bura Dərbənd rayonu Bilici qəsəbəsindən köç edib. 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər məktəbini bitirib. 1979-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində tağım, bölük, tabor komandiri və alay komandirinin müavini vəzifələrində xidmət edib. 1985-1988-ci illərdə Moskva şəhərindəki Frunze adına Hərbi Akademiyada təhsilini davam etdirib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini-Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin olunub. Nəcməddin Sadıkov xidməti dövründə çoxsaylı təltiflər alıb. 1995-ci ildə “Azərbaycan Bayrağı” ordeni, 2018-ci ildə “Rəşadət” ordeni alıb. 2011-ci ildə isə ona Dağıstanın Milli Qəhrəmanı fəxri adı verilib.

Bəs Nəcməddin Sadıkov həqiqətənmi Əbülfəz Elçibəy iqtidarının kadrı olub?

Elçibəy hakimiyyətinin dövlət katibi və baş naziri olmuş Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, ordu və ordu rəhbərliyi ilə bağlı məsələlərdə prinsip hərbi peşəkarlıq olmalıdır. Əlbəttə ki, silahlı qüvvələrə peşəkar milli kadrların, zabitlərin rəhbərlik etməsi də olduqca mühüm məsələlərdən biridir. Amma bütövlükdə cəmiyyətə aid edilən bir sıra kriteriyaların da avtomatik olaraq hərbi sahəyə, silahlı qüvvələrə aid edilməsinə də ehtiyatla yanaşmaq lazımdır: “Mən həmişə, ümumiyyətlə, Silahlı Qüvvələrə rəhbərlik edən şəxslər barədə ictimai rəydə müzakirələr aparılmasına da həssas yanaşılmasının tərəfdarı olmuşam. Çünki ölkənin təhlükəsizliyi və ordunun döyüş qabiliyyəti həmin şəxslərin əlindədir. Onların həmin vəzifəyə təyin olunması və azad edilməsi də Ali Baş Komandandan asılı olan məsələdir. Odur ki, bu məsələlərə ölkənin təhlükəsizlik maraqları nəzərə alınmaqla qiymət verilməlidir. Bu və ya digər hərbi vəzifəli şəxsi bu və ya digər siyasi qüvvənin kadrı olmaqda ittiham eləmək və bunu önə çəkməyi zərərli hesab edirəm. Konkret olaraq da Nəcməddin Sadıkov Xalq Cəbhəsi hakimiyyətə gəlməmişdən öncə Azərbaycan ordusunun sıralarına daxil olub. 1992-1993-cü illərdə bir sıra uğurlu döyüş əməliyyatlarında iştirak edib, eyni zamanda bizim üçün uğursuz, məğlubiyyətlə bitən bir sıra hərbi əməliyyatlarda da onun bir komandir kimi rolu məsələsi məlumdur. Nəcməddin Sadıkov artıq 27 ilə yaxındır Silahlı Qüvvələrin Baş Qərargah rəisidir. Bu müddət tam olaraq indiki hakimiyyətin dövrünə aiddir”.

P.Hüseyn xatırlatdı ki, Nəcməddin Sadıkov Rəhim Qazıyevin müdafiə naziri olduğu dövrdə briqada komandiri təyin olunub və Dranbon əməliyyatındakı uğurlu komandirliyinə görə ona Ali Baş Komandan, prezident Əbülfəz Elçibəy tərəfindən vaxtından əvvəl general-mayor rütbəsi verilib: “Amma Kəlbəcər rayonu işğal olunduqdan sonra Nəcməddin Sadıkov sərəncama götürülmüşdü. Hərbi təhqiqat həm də onun barəsində aparılırdı. 4 iyun hadisələri dövründə Nurəddin Sadıkov Baş Qərargah rəisi vəzifəsindən getdikdən sonra generalların içərisində bu vəzifəyə təyin olunması üçün adıçəkilən şəxslərdən biri də Nəcməddin Sadıkov idi. Lakin Elçibəy hakimiyyəti dövründə bu məsələ reallaşmadı. Onu Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə 1993-cü ilin 2 noyabrında Heydər Əliyev təyin etdi”.
“Yeni Müsavat”

Bənzər xəbərlər

Gündəm

0.027630090713501