Gəncədə 30 manata görə qətl törədən şəxsə 17 il həbs cəzası

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Yaqub Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Mozalan.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Yaqub Həsənov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2024-cü il yanvarın 25-də saat 22 radələrində Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Vasif Həsənovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1996-cı il təvəllüdlü Yaqub Həsənovun Gəncə şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı Vasif Həsənova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Yaqub Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və iş üzrə şübhəli şəxs qismində tutulub.
Məlumata görə, Vasif Həsənov Gəncədə kirayəyə xeyir-şər çadırı verməklə məşğul olub. Yaqub Həsənovun kirayə avadanlıqla bağlı mərhuma 230 manat məbləğində borcu yaranıb. Borcdan 200 manat ödənilsə də, 30 manat qalıb. Mübahisənin tərəflər arasında məhz bu səbəbdən düşdüyü və Vasif Həsənovun kəsici alətlə qətlə yetirildiyi iddia edilir.