Türkiyənin hərbi baza planı: Qərb niyə dəstəkləyir?
Türkiyə regionda və ölkə daxilində terrorun kökünü kəsməyə qərarlıdır. Məhz bu səbəbdən İraqın şimalında 3 yeni hərbi baza yaratmağı nəzərdə tutur. Bu bazalar Türkiyənin regionda daha kordinasiyalı antiterror əməliyyatı aparmasına şərait yaradacaq.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Türkiyənin İraqın şimalında 3 yeni hərbi baza yaratma istəyini şərh edərkən deyib. O bildirib ki, koronavirus pandemiyası bütün sahələrdə olduğu kimi, siyasi və hərbi sferada da ciddi boşluqlar yaradıb:
“Xüsusilə Yaxın Şərqdə aparılan antiterror əməliyyatları bu səbəbdən dayandırılmışdı. Bu vəziyyət isə regionda radikal terror qruplaşmalarının yenidən aktivləşməsinə şərait yaradıb. Təbii ki, bu hal ən çox Türkiyəni narahat edirdi. Çünki Türkiyə uzun illərdir həm ölkənin şərq vilayətlərində, həm də İraqın və Suriyanın şimalında antiterror əməliyyatları aparır. Bu mənada Türkiyə ilk növbədə ölkədə mövcud pandemiya ilə mübarizə apararaq, yoluxma sayında azalmaya nail oldu. Məhz bundan sonra yenidən antiterror əməliyyatlarına başladı. Türk ordusu İraqın şimalında PKK-ya qarşı keçirdiyi “Pəncə-Qartal” və “Pəncə-Qaplan” əməliyyatları zamanı 700 hədəfi məhv edib”.
Politoloq qeyd edib ki, Türkiyənin İraqın şimalında 3 hərbi baza yaratması region ölkələri və Qərbin təqdiri ilə qarşılanıb:
“Türkiyə İraqın şimalında 3 hərbi baza yaratmaqla bağlı artıq rəsmi Bağdadla razılığa gəlib. Qərb ölkələri mövcud pandemiya dövründə regionda sabitliyin, sülhün bərqərar olmasını istəyirlər. Yoluxma halının intensivliyini də nəzərə alaraq ən optimal variantda bu missiyanı türk ordusunun həyata keçirməsi daha məqbul sayılır. Digər tərəfdən regionda İran başda olmaqla, bir çox ölkələr Türkiyənin İraqın şimalında hərbi baza yaratmasının lehinədir. Çünki kürd terror qrupları bu gün təkcə Türkiyənin yox, regionun ümumi problemidir. Xüsusilə son illərdə İranda kürdlərin separatçılıq meyilləri alovlandırılır, hətta silah-sursatla dəstəklənir. Bu mənada İran Türkiyə ilə bu mövzuda əməkdaşlığa da hazırdır. Digər bir nüans isə ABŞ-ın son illərdə İraq və Suriyadan hərbçilərini geri çəkməsidir. ABŞ-ın regiondan geri çəkilməsi ciddi bir güc boşluğunun yaranması deməkdir. Türkiyə mövcud vəziyyəti nəzərə alaraq, bu boşluğu doldurmağa çalışır”.