Moskva-İrəvan münasibətləri uzun müddətə korlanıb -
İşğalçı siyasətə, Qarabağa görə onsuz da illərdir blokada vəziyyətində olan Ermənistan üstəlik də koronavirus pandemiyasının altını çəkir. Düşmən ölkədən gələn xəbərlər bu xüsusda durumun günbəgün daha kritik miqyas aldığına şübhə yeri saxlamır. Hakimiyyət isə bir yandan koronavirusla, digər yandan isə artan sosial narazılıqla necə mübarizə aparmağın yollarını axtarır. Nəticə isə yoxdur...
“Son bir gün ərzində Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı daha 335 nəfər artaraq 5606-ya, ölənlərin sayı 70-ə çatıb”. Bu məlumatı Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi yayıb.
Bu, indiyədək ölkədə qeydə alınmış ən yüksək, eyni zamanda bölgə üzrə rekord göstəricidir. Vəziyyətin kritik hədə çatması isə hökuməti hərəkətə gətirib. Baş nazir Nikol Paşinyan təcili toplantı çağırıb.
“Koronavirusla bağlı vəziyyətimiz pisdir. Dünən (srağagün - ”YM") gün ərzində üç ölüm hadisəsi, 335 yeni yoluxma halı qeydə alınıb. 70 ölüm var", - deyə ilk dəfə olaraq hökumətin iclasına tibbi maskada başlayan Paşinyan söyləyib. “Situasiya təsəvvür etdiyimizdən və edə biləcəyimizdən qat-qat ciddidir. Biz nəzarət həyata keçirmək üçün ən ciddi ölçülər götürməliyik”, - baş nazir bildirib.
Qeyd edək ki, martın 16-dan Ermənistanda fövqəladə rejim hökm sürür və iyunun 13-dək uzadılıb. Lakin belə radikal tədbir də yoluxma hallarını azaltmayıb. Düşmən ölkə əhali nisbəti və ərazi göstəricisi baxımından pandemiya ilə bağlı regionda “liderliyini” inamla saxlayır.
*****
Ermənistanın vəziyyətini qəlizləşdirən isə təkcə koronavirus pandemiyası deyil. Ölkədə gündən-günə ağırlaşan sosial-iqtisadi durum, Rusiyadan alınan təbii qazın qiymətində endirimlə bağlı hökumətin neçə vaxtdır göstərdiyi səylərin fiasko olması da hakimiyyətə qəzəbi artırıb. Qaz isə bəlli olduğu kimi, enerjidaşıyıcısıdır, ölkədəki SES-lər bu yanacaqla işləyir.
“Yeni Müsavat” xatırladır ki, Nikol Paşinyanın Moskvadan “qaz xahişi”nə prezident Vladimir Putin sərt cavab verib. Rusiya lideri deyib ki, “vahid qaz tarifi yalnız Avrasiya İqtisadi Birliyi çərçivəsində vahid büdcə və vahid vergi sisteminə malik vahid bazarın mövcud olacağı halda mümkündür, hələlik isə qazın qiyməti bazar azad konyunkturası əsasında formalaşmalıdır və bu, adi dünya praktikasıdır”.
Başqa sözlə, Ermənistana qaz endirimi olmayacaq, gözlənilmir. İşğalçı ölkədə isə Putinin bu sözləri SSRİ-ni bərpa eləmək planlarının tərkib hissəsi, hətta Rusiya tərəfdən Ermənistana qarşı “müstəmləkəçi siyasət” kimi qiymətləndirilib.
Onu da yada salaq ki, Ermənistanın bütün qaz şəbəkəsi Rusiyaya məxsus “Qazprom”un mülkiyyətindədir. Təbii qazın qiymətində endirim zərurəti isə indi həm də onunla bağlıdır ki, hazırda Ermənistanın pul-maliyyə məsələsində vəziyyəti heç vaxt olmadığı qədər pisdir. Bu fonda isə sosial etiraz dalğası günbəgün güclənməkdədir...
*****
İqtisadi xarakterli problemlər öz yerində, məsələ həmçinin ondadır ki, Paşinyanın hakimiyyətə gəlişi ilə İrəvan-Moskva münasibətləri heç cür normallaşa bilmir. Belə qənaət var ki, münasibətlər ciddi şəkildə və uzun müddətə korlanıb. Moskvanın İrəvana qəzəbi həm də bununla bağlıdır. Bunun nəticəsidir ki, hakimiyyətdə olduğu iki ildən çox zaman kəsiyində Nikol Paşinyan bircə dəfə olsun, Rusiyaya rəsmi səfər dəvəti almayıb.
“Rusiya hakimiyyətinin İrəvana qarşı inamsızlığı güclənir, qarşılıqlı münasibət daha da çətinləşir”. Bu məlumatı Ermənistanın “Past” qəzeti yayıb (Axar.az).
Qəzet son iki ildə Ermənistan-Rusiya münasibətlərinin qeyri-müəyyən olduğunu yazıb. “İşlər o həddə çatıb ki, indi xarici işlər naziri Zöhrab Mnatsakanyan və baş nazir Nikol Paşinyanın özü Rusiya ilə real problemlərin olması faktını etiraf edirlər. Lavrovun kəskin Qarabağ bəyanatı, Paşinyanın Moskvaya səfərindən imtina, qaz qiymətləri, Lavrovun zəngi və Köçəryanın həbsinin müzakirə edilməsi, eləcə də spiker Ararat Mirzoyanla Duma sədri Vyaçeslav Volodin arasında qalmaqallı telefon danışığı Moskvanın təzyiq etdiyinə açıq nümunədir”, - deyə erməni nəşri təşvişlə vurğulayıb.
Situasiyanın özəlliyi həm də ondadır ki, Paşinyanın “demokratik Ermənistan”ı bu iki ildə Qərbdə, Avropada da özünə qarşı etimad qazana bilməyib. Qərbin siyasi (demokratiya) və maliyyə paytaxtları hələ də “məxməri” baş naziri özününkü, doğma saya bilmir, ona görə ki, Ermənistan Rusiyanın orbitində, onun marioneti olaraq qalmaqda davam edir.
Bəzi siyasi təhlilçilərə görə, belə vəziyyət, yəni erməni diplomatiyasının həm Rusiya, həm də Qərb istiqamətində uğursuzluğu fonunda Bakı üçün - istər Rusiya, istərsə də Avropa ilə yaxşı münasibətlərdə olan və hazırda silahlı qüvvələri genişmiqyaslı hərbi təlimlər keçirən Azərbaycan üçün unikal fürsət yaradır. Qarabağ məsələsində kardinal dönüş ehtimalını deyirik...
“Yeni Müsavat”