Karib dənizində DƏHŞƏT: Köpəkbalığı ilə şəkil çəkdirmək cəhdi faciə ilə nəticələndi

Karib dənizində Providensiales adasının mərkəzində yerləşən Tompson-Kouv çimərliyində dəhşətli hadisə baş verib. Kanadadan olan 55 yaşlı turist qadın köpəkbalığı hücumuna məruz qalaraq hər iki əlini itirib. Faciə qadının tətilini keçirdiyi sahildən bir neçə metr məsafədə baş verib.
Mozalan.az bu barədə "Daily Mail"ə istinadən xəbər verir.
Bildirilir ki, sualtı aləmin gözəlliyinə heyran olan turist dəniz yırtıcısı ilə təmasda olmaq və onu kameraya çəkmək qərarına gəlib. Lakin bu məşum təşəbbüs kabusa çevrilib. Köpəkbalığı qadına bir göz qırpımında hücum edərək, ona ciddi xəsarətlər yetirib.
Hadisə şahidlərinin sözlərinə görə, qadının ölüm təhlükəsi ilə üzləşdiyini görən həyat yoldaşı inanılmaz cəsarət və fədakarlıq nümayiş etdirib, ətrafda fırlanaraq qadını yenidən dişləməyə cəhd edən yırtıcı balıqdan xanımını xilas etməyə çalışıb.
Buna baxmayaraq, turist qadın əllərindən və budundan ciddi xəsarətlər alıb. Həkimlər onun qolunun birini bilək nahiyəsindən, digərini isə dirsəkdən aşağı amputasiya etmək məcburiyyətində qalıblar.
Bununla belə, vaxtında göstərilən tibbi yardım sayəsində həkimlər zərərçəkmişin ayağını xilas edə biliblər.