Antarktidanın buzlarının əriməsi - Qədim vulkanların oyanmasına GİZLİ TƏHLÜKƏ
Antarktidada buzlaqların əriməsi daha tez-tez və geniş vulkan püskürmələrinə səbəb ola bilər.
Mozalan.az-ın verdiyi məlumata görə, bu barədə Braun Universiteti və Lixay Universitetindən olan amerikalı alimlər qrupu araşdırma aparıblar. Tədqiqat "Geochemistry, Geophysics, Geosystems" (GGG) elmi jurnalında dərc edilib.
Bildirilir ki, Antarktidanın nəhəng buz qalxanının altında təxminən 100 vulkan gizlənib, onların çoxu qərb sahili boyunca qruplaşıb. Onların əksəriyyəti buz təbəqəsinin altında bir neçə kilometr dərinlikdə yerləşir.
Yeni tədqiqatda mütəxəssislər buz itkisinin basdırılmış od dağlarına necə təsir etdiyini öyrənmək üçün 4000 kompüter simulyasiyası aparıblar.
Hesablamalara görə, buz qalxanlarının yükünün azalması səth altındakı maqmatik ocaqlara təzyiqi azaldır və sıxılmış maqmanın genişlənməsinə səbəb olur. Bu genişlənmə ərimiş süxurların ocaq divarlarına təzyiqini artırır.
Bəzi maqmatik ocaqlar, həmçinin adətən maqmada həll olan uçucu qazlarla doymuş olur. Maqma soyuduqca və süxur təzyiqi azaldıqca, bu qazlar məhluldan çıxır və maqmatik ocaqda təzyiqi artırır.
Buzaltı vulkanların püskürmələri səthə görünməyə bilər, lakin onlar buz örtüyünə təsir göstərir. Bu püskürmələrdən gələn istilik səthin dərin qatlarında buzun əriməsini gücləndirə və yuxarıdakı örtüyü zəiflədə bilər ki, bu da səth təzyiqinin azalması ilə yeni püskürmələr arasında əks əlaqə yarada bilər.
Mütəxəssislər vurğulayıblar ki, onların kəşf etdiyi proses yavaş gedir və yüzlərlə il çəkir.