Feb 09

ABŞ-ın bioloji silahı: koronavirus - Bu silah Rusiya və Çinə qarşı yönəlib

Çində kəskin ağciyər xəstəliklərinə səbəb olan koronovirusu Rusiya tərəfindən bioloji silah kimi qəbul olunur. ABŞ tərəfindən Çini zəiflətmək üçün istifadə olunan bu bioloji silahın Rusiyaya da tətbiq olunma ehtimalı var. ABŞ-ın hərbi sahə üzrə ən nüfuzlu nəşrlərindən biri olan “The National Interest”  Rusiyada Koronavirusu haqqında gedən müzakirələrin ümumi nəticəsinin məhz belə bir iddia ilə yekunlaşdığını vurğulayır.
 
Nəşr bildirir ki, Çində tüğyan edən bu virusun mənşəyi ilə bağlı dünya mediasında müxtəlif fərziyyələr irəli sürülməkdədir. Rusiyada isə getdikcə çox sayda siyasi şərhçi virusu ABŞ-ın bioloji silahı kimi dəyərləndirir. Onlar ona da əmindirlər ki, bu silah tezliklə Rusiyaya qarşı da yönələcək.
 
Rusiya prezidenti Vladimir Putin və rəsmi Kremlin açıqlamalarında  Çin hökumətinə açıq bir rəğbət vardı və qonşu ölkəyə kömək təklifləri də səslənirdi. Bununla yanaşı Rusiya özünü kifayət qədər təmkinli aparırdı.
 
Bəzi rus media şərhçiləri isə Kremlin təmkinli davranışından o qədər də məmnun deyil. Rusiya Müdafiə Nazirliyinin maliyyələşdirdiyi xəbər saytı olan “Zvezda” ötən ayın sonlarında "Koronavirus: Amerikanın Rusiya və Çinə qarşı bioloji müharibəsi" sərlövhəli bir məqalə nəşr etdi. Müəllif iddia etdi ki, bu virus Çin iqtisadiyyatına zərbə vurdu. Vaşinqton və Pekin arasında ticarətlə bağlı danışıqların son mərhələsi gedirdi və  sazişin imzalanması gözlənilirdi. Bu virusun yayılması rəsmi Pekinin danışıq masası arxasındakı mövqelərini  xeyli zəiflətdi.
 
“Zvezda” Avrasiya məkanında ABŞ-a məxsus bioloji tədqiqat laboratoriyalarının mövcudluğuna dair iddialar ortaya qoydu. Rusiyanın bu istiqamətdəki şübhələrindən bəhs edən qəzet yazıb ki, məlum olduğu kimi, ABŞ Bioloji Silahlar haqqında Cenevrə konvensiyasını 1975-ci ildə ratifikasiya edib. Lakin bioloji silahla bağlı tədqiqatlar davam etdi. Sovet İttifaqının dağılmasından sonra Gürcüstan, Ukrayna, Qazaxıstan, Azərbaycan və Özbəkistanda Amerikaya məxsus bio-laboratoriyalarının mövcudluğu təsdiqləndi. Qəzet iddia edir ki, Amerika tibbi cihazların hazırlanması adı altında əslində bio-laboratoriyalar yaradıb. Qəzet gürcü siyasətçi İqor Giorgadzenə istinadən yazır ki, ABŞ-ın Gürcüstandakı bio-laboratoriyasında gürcü vətəndaşları üzərində ölümcül sınaqlar keçirilib.  
 
Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinvovski Moskva radiostansiyasına müsahibəsində deyib ki, koronavirus Pentaqon və əczaçılıq şirkətləri tərəfindən ortaya qoyulub. Bu virus daha çox bir milli-etnik kimliyə hesablanıb.
 
“Zvezda”nın sözügedən məqaləsində bənzər arqumentləri siyasətçi İqor Nekulin də səsləndirib. Cənab Nikulin hesab edir ki, Uhan şəhəri hücum üçün seçilib. Orada  Pentaqon və CİA bio-eksperiment keçirir. Nikulinin sözlərinə görə, Pentaqon tərəfindən maliyyələşdirilən ABŞ-ın Avrasiyadakı laboratoriyaları Rusiya və Çini hədəf alıb. Bu virus yalnız müəyyən xalqlara qarşı yönəlib. Rus hərbi mütəxəssis Viktor Baranets bu fikirlərlə  razılaşır və deyir ki,  bu, bioloji müharibədir. Amerika əsas düşmənlərinə qarşı qlobal hökmranlıq uğrunda mübarizəsində bu silahdan istifadə edir.
 
Müəllif bildirir ki, Rusiyada Qərb təhlükəsi ilə bağlı ciddi narahatlıq var. Onlar hesab edir ki, Rusiya getdikcə daha çox NATO-ya meyllənən keçmiş Sovet ölkələri ilə əhatə olunur və NATO hər ötən gün Rusiya sərhədlərinə bir qədər də yaxınlaşır.
 

Bənzər xəbərlər

Gündəm

0.047804832458496