Jan 17

Mənzil qalmaqalında adı hallanan deputatla bağlı yeni faktlar - Kürəkəni sələmə pul verib

Elçin Əliyev bina tikilərkən yeznəsi Rauf Kərimova 300 min dollar pul verib
 
General Əliağa Hüseynovun adı hallanan mənzil qalmaqalı üzrə “Yeni Müsavat” redaksiyasına iş üzrə yeni sənədlər təqdim olunub. Mübahisə obyekti olan binadakı -Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 717-ci məhəllədə yaşayan, “Nəsimi -19” MMC-nin təsisçiləri olan sakinlər təqdim etdiyi istintaq sənədləri arasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində iş üzrə aparılan istintaq zamanı 14 iyun 2018-ci ildə sübutların qiymətləndirilməsi haqda qərar da var. Həmin qərarda “İdeal-V” MMC-nin faktiki rəhbəri Məmmədov İsa Əli oğlunun ifadəsinə istinadən Əliağa Hüseynovun kürəkəni Elçin Əliyevin bacısının əri olan Rauf Kərimova müxtəlif vaxtlarda faizə borc pul verdiyi qeyd olunub.
 
Bu qalmaqal haqda danışan sakinlər də demişdilər ki, Əliağa Hüseynov kürəkəni Elçin Əliyev sələmə pul verir: “Əliağa Hüseynovun kürəkəni Elçin Əliyev respublika səviyyəli sələmçidir. Elçin Əliyev bina tikilərkən yeznəsi Rauf Kərimova 300 min dollar pul verib. Sonra bu məbləğ faizlərlə birgə 2 milyona qədər artıb. Rauf Kərimov Elçin Əliyevin bacısının həyat yoldaşıdır. Məbləği qəsdən şişirdiblər. Rauf Kərimov da, hazırda həbsdə olan İsa Məmmədov da binanı inşa edən ”İdeal -V" MMC-nin sahibləri olub, şəriklərdir. Onlar Rauf Kərimovla birgə Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədəki binanı inşa ediblər. Rauf Kərimov qaynı Elçin Əliyevdən tikinti aparılan zaman 300 min dollar sələmə pul alıb, İsa Məmmədova da deyib ki, Elçinə formal olaraq 12 mənzilin sənədlərini verək. Belə də ediblər. İndi də Elçin Əliyev 12 il sonra məhkəməyə müraciət edib ki, mənzilləri geri verin. Bu uzun bir işdir, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. İstintaq nəticəyə gəlib ki, Elçin Əliyevə verilmiş müqavilələr saxtadır. Amma həmin müqavilələri Elçin Əliyevdən alıb ləğv etməyiblər”.
 
Elçin Əliyev isə “Yeni Müsavat”a sələmə pul verməsi ilə bağlı iddialara münasibəti bildirərkən bu sözləri demişdi. Sitat: “Əgər 1 nəfər çıxıb desə ki, mən Elçindən sələmə pul almışam, pul vermişəm, mən həmin mənzillərdən imtina edərəm. Ümumiyyətlə, mənə görə sələmə pul verən bu həyatda yaşamamalıdır!”
 
İş üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 14 iyun 2018-ci ildə tərtib olunan sübutların qiymətləndirilməsi haqda qərarında isə yazılır: “Qeyd edilən epizodla bağlı Məmmədov İsa Əli oğlu ifadəsində göstərmişdir ki, 2005-ci ildə isə “Alyans-Z” MTK ilə “İdeal-V” MMC-nın arasında podrat müqaviləsi bağlamış və “İdeal-V” MMC tərəfindən Bakı səhəri, D.Əliyeva küçəsi 717-ci məhəllədə 1 bloklu hündür mərtəbəli bina tikintisinə başlanmışdır. Bina 17 mərtəbəli, 60 mənzildən ibarət olmuşdur. Müqaviləyə görə 2.000.000 ABŞ dolları pul tərəfindən torpağın pulu kimi “Alyans-MTK-ya verilmişdir. Müqaviləyə əsasən bina yekunlaşdırılmalı, Mənzil Fonduna verilən 10 faiz, binanın tikintisi üçün çəkilmiş xərclər çıxılmalı və qalan gəlir “Alyans Z” MTK ilə “İdeal-V” MMC arasında bərabər qaydada bölünməsi razılaşdırılmışdır. Həmin ərəfədə “Alyans-Z” MTK tikintiyə pul qoymadıgına görə Aida Yeqanovadan 2.000.000 ABŞ dollar pul borc pul almış, əvəzində isə 2007-ci ilin avqust ayında onun adına 22 mənzil müqaviləsi vermişdir. Öz payına düşən 12 mənzili İsa arvadı Məmmədova Nailə Rəhim qızının adına sənədləşdirmişdir. Həmçinin Rauf Kərimov isə öz payına düşən mənzillərdən 12 mənzili qaynı Elçin Əliyevə və 4 mənzili öz adına sənədləşdirmişdir. 6 mənzilin dəyəri tərəfindən Mənzil Fonduna ödənilmişdir. Qalan 4 mənzil isə “İdeal-V” MMC-nın payına düşmüşdür, sonradan Aida Yeqanovadan aldığı 2.000.000 ABŞ dollan pulu qaytarmış, həmçinin onun adına yazılmış mənzillərin satqından əldə olunan pulu da gəlir kimi ona vermişdir. Binanın altında olan qeyri-yaşayış sahəsinin satışından əldə olunan pul  Rauf Kərimovla aralarında bərabər qaydada bölünməli olduğu halda sonuncu satışdan əldə olunan pulu tam olaraq götürmüşdür. Bununla bağlı Rauf Kərimovu məhkəməyə vermiş və onun xeyrinə qətnamə qəbul olunmuşdur. Hazırda Rauf Kərimovun ona 5.800.000 manat borcu vardır. Elçin Əliyevdən pul almamış, eşitdiyinə görə onunla Rauf Kərimovun arasında alaçaq-verəcək olmuşdur. 2012-ci ildə Rauf Kərimovla aralarında olan şəriklik bitirdiyi ərəfədə alacaq-verəcək məsələsində Elçin özü də iştirak etmişdir. Həmin söhbətlər Elçin Əliyevin Şüvəlan qəsəbəsində olan restoranında olmuşdur. Yekunda Rauf Kərimovun ona 3.500.000 ABŞ dolları borcu qalmış, Rauf Kərimov da həmin şəxslərin qarşısında 3 ay vaxt istəyərək pulu ödəyəcəyini demişdir. Şərtlərə əsasən 3 ay ərzində  həmin pul ona ödənildiyi təqdirdə evləri Elçin Əliyevə veriləcəyi, pul ödənmədiyi təqdirdə isə sonuncunun mənzilləri qaytaracağına razılaşmışlar. Lakin Rauf  Elçin Əliyevdən aldığı pulları ödədiyinə görə sonuncu pulunu ondan tələb etməyə başlamışdır. Həmin mənzillərin Elçinə heç bir aidiyyəti olmamışdır.
 
İş üzrə şahid Məmmədov İsa Əli oğlu ilə Kərimov Rauf Faiq oğhı arasında üzləşmə zamanı sonuncu şahid qismində verdiyi ifadəsini qismən dəyişərək İsa Məmmədovun üzünə qarşı Elçin Əliyevdən faiz qarşılığında 2005-ci ildə ilkin olaraq 300.000 ABŞ dolları borc pul, sonradan 800.000 ABŞ dolları qarşılığında əmlak, bundan əlavə isə 750.000 ABŞ dolları borc pul aldığını, 2 il ərzində Elçin Əliyevin verdiyi pullar faizlə birlikdə 2.000.000 ABŞ dollarına qalxdığı üçün 2007-ci isə İsa Məmmədovla şərikli olaraq Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində bir bloklu hündürmərtəbəli yaşayış binasının tikintisinə başladığı ərəfədə Elçin Əliyevdən aldığı borcun qarşılığında həmin binadan ona 12 mənzil verdiyini, mədaxil qəbzlərində hər iki firmanın möhürü olmadığı halda müqavilələrin etibarsız hesab olunduğunu, E.Əliyevin şirkətin kassasına nəqd pul ödəmədiyini, mənzillərin ona borc qarşılığında verildiyini bildirmişdir.
 
Cinayət işinə əlavə edilmiş  04 04.2007-ci il tarixli Çooxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 09,        10, 11,12,13,      14,15, nömrəli müqavilələrdən görünür ki, “İdeal-V” MMC-nin təsisçisi Məmmədov İsa Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində “Alyans-Z” MTK-nın sifarişi əsasında inşa etdiyi hündürmərtəbəli yaşayış binasının 37, 39, 38, 40, 41, 42, 43, 44 nömrəli mənzilləri Əliyeva Esmira Əliağa qızının adına, həmin tarixli 16, 17, 18 və 19 nömrəli müqavilələrlə isə 21, 22, 23, 24 nömrəli mənzilləri Hüseynova Elmira Ənvər qızının adına sənədləşdirilmişdir.
 
Göstərilən epizod üzrə toplanmış sübutlardan görünür ki, Əliyev Elçin Həsənağa oğlu bacısının əri Kərimov Rauf Faiq oğluna faiz qarşılığında 2005-2006-cı illərdə borc pul vermiş və sonuncu “İdeal-V” MMC ilə müştərək qaydada Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa olunan binanın 12 mənzilini aldığı borcun təminatı kimi qaynı Elçin Əliyevə vermişdir.
 
Xatırladaq ki, ötən il sentyabrın 17-də Nəsimi Rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə Əliağa Hüseynovun yaxınlarının mülkiyyət hüququnun tanınması ilə bağlı iddiasına baxılıb. Məhkəmə iddianı rədd edib və 12 nəfər sakinin xeyrinə qətnamə qəbul olunub. Hazırda Əliağa Hüseynovun həyat yoldaşı Elmira Hüseynova və qızı Esmira Əliyeva Nəsimi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriblər. Apelyasiya şikayətinə yanvarın 24-də Bakı Apelyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.

Bənzər xəbərlər

Gündəm

0.031960964202881