Jan 07

Qudalardan “doğulan” təlxəklər

Və ya biz niyə faciəmizə gülürük?

 

Son günlər ölkə gündəmini bir hadisə zəbt edib. Belə ki, Ağdaş rayonunda qoşulub qaçan qudalar, məmə yeyəndən, pəpə yeyənə qədər hər kəsin ağzına düşüb. Təbii ki, ölkədə baş verən hadisələrə "burnunu soxmayan", "mən siyasətə qarışmıram" deyib ölkədə baş verən heç bir ictimai-siyasi proseslərə vətəndaş mövqeyi sərgiləməyən, yaşamaq üçün yox, yemək üçün yaşayan adamların bu hadisəni məzhəkə obyektinə çevirməsi heç də təəccüblü deyil.

 

Niyə də təəccüblü olsun? Axı, azərbaycanlıların əksəriyyəti adətən hadisələrdən xəbərsiz ola-ola “Facebook”da status yazmaqla dividend qazanmağı xoşlayırlar. Bundan əlavə, bizim camaat mübhəm və məchul yerlibazlıq psixologiyası səbəbindən, bir-birlərini ən kritik məqamlarda vurmağa da hazırdırlar. Yetər ki, onlar, qarşı tərəfi “sındıra” bilsinlər.

 

Elə bu hadisə də həmin “qəhrəmanlar” üçün fürsət mənbəyinə çevrildi deyə, bu hadisəni məsxərəyə çevirərək həmin bölgə və sakinlərini ələ salmaqla məşğul oldular. Əslində, bu tip insanlar hadisələrin mənbəyini və mətbəxini bilmədən baş verən proseslərdə hansısa qeyri-müəyyən obraz yaratmağa çalışırlar.

 

Bir ağdaşlı kimi qeyd edim ki, qudalardan biri, yəni qızın atası əslən Şuşa rayonundandır və Ağdaşın sözügedən kəndində məcburi köçkün həyatı yaşayıb. Qudalar davamlı olaraq 4 il ərzində münasibətdə olublar. Doğrudur, qadının əri olmasa da, kişi evli olub. Nişanlı cütlük isə uzun zamandır bir-birlərini sevib, lakin valideynləri şəxsi münasibətlərinə görə, onların izdivacına müxtəlif səbəblərdən maneələr yaradıblar. 

 

İndi belə olan halda, neyləyək, bu “kişi”yə görə, bütün şuşalıları və şuşalıların timsalında bütün qarabağlıları, yaxud qadına görə, bütün ağdaşlıları ittiham edək, söyək, yaxud ələ salaq?

 

Əlbəttə, həyatda heç bir uğuru olmayan, bütün günü sosial şəbəkələrdə təlxəklik etməklə məşğul olan adamlar üçün bu, lağlağı obyektinə çevrilə bilər. Hətta onlar bu hadisədən özlərinə “layk” yığmaq üçün istifadə də edə bilərlər ki, əksərən belədir. Amma məsələnin daha ciddi tərəfinə baxmaq lazım deyilmi?

 

Əcəba, bu hadisə mövzunu məsxərəyə salanlar və həmin şəxslərə haqq qazandıranların başına gəlsəydi, necə reaksiya verərdilər, hansı addımları atardılar? Görəsən, onlar da bir zamanlar “azad seks anlayışı”nı təbliğ edib, lakin bakirə olmayan qızla evlənməyə pis baxan “sektor uşaqları” kimi fikir ortaya qoyardılar? Yoxsa, bu məsələni bu həddə gətirib çıxaranlar elə həmin düşüncədə olan “müasir” insanlardır?

 

Mən bir dəfə də olsun, nişanlı cütlüyün acınacaqlı durumu, gələcək taleyi barəsində fikir bildirən insanlara rast gəlmədim. Heç öz-özünüzdə fikirləşmisinizmi ki, belə bir mühitdə doğma nişanlısı tərəfindən tərk edilən qızın gələcəyi necə olacaq? Yaxud, “qeyrətsiz” damğası vurulan oğlan dost-tanış içində necə yaşayacaq?

 

Bu sualları özünüzə vermədiniz? Nə üçün məsələyə bu aspektdən yanaşmaq əvəzinə, hadisəni daha da yumorlaşdırmağa çalışırsınız? Yoxsa, nəticə çıxarmaq, çıxış yolu göstərmək üçün, ay məsxərəçilər, sizin də başınıza belə bir hadisə gəlməlidir?

 

Təəssüf! Təəssüf ki, bu cəmiyyət, hansı şəraitdə yaşamasından asılı olmayaraq, ancaq və ancaq gülməyə çalışır. Bəlkə də, onları belə bir mühitdə intihar həddinə çatdırmayan elə hər hadisədən gülüş mənbəyi tapmağa çalışmalarıdır. Bilmirəm, istənilən halda, kül olub başımıza!

Bənzər xəbərlər

Gündəm

0.015483140945435