Azərbaycanla sərhəddə böyük müharibə riski - TƏHLİL
2020-ci il girər-girməz, dünyanın siyasi gündəmi yenidən ABŞ-İran mövzusuna köklənib. Bağdad hava limanında SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) “Quds” briqadasının komandanı, general Qasım Süleymaninin ABŞ-ın pilotsuz döyüş təyyarəsinin raket zərbələri nəticəsində qətlə yetirilməsi iki dövlətin münasibətlərini heç vaxt olmadığı qədər gərginləşdirib. Hətta İran və ABŞ arasında açıq hərbi qarşıdurma və ya bölgədə yeni müharibə riski haqda danışılır, proqnozlar verilir.
Qeyd edək ki, İraqda və Suriyada gedən döyüşlərdə indiyədək bir neçə iranlı general həlak olub. Ancaq Süleymaninin ölümü qədər heç biri cənub qonşumuzda, daha doğrusu, onun siyasi-dini elitasında bunca qəzəb doğurmayıb, ölkədə matəm elan edilməyib. Əsas səbəb, fikrimizcə, İran silahlı qüvvələrinin ən böyük qoşunu sayılan (şəxsi heyəti 125 min nəfərə yaxındır), elitar və dini rəhbərliyə ən sadiq bir qurumunun, özü də “Qüds” briqadasının rəhbərinin nümayişkaranə formada aradan götürülməsidir.
Yəni bununla, faktiki, İranın qururuna, onun siyasi-dini rəhbərliyinin imicinə zərbə vurulub. İranın önünə “əlcək” atılıb.
Bu mənada Tehranın cavab reaksiyası qaçılmaz görünür. Bu cavab necə, hansı miqyasda olacaq? Hazırda beynəlxalq birliyi ilgiləndirən birinci sual budur. Çünki həmin cavabdan nəinki İraq və Suriyada, bütövlükdə Yaxın Şərqdə, hətta Azərbaycanın da daxil olduğu böyük bir bölgədə sülh və sabitliyin taleyi asılı ola bilər.
Vəziyyəti qəlizləşdirən detallardan biri də odur ki, ABŞ rəsmiləri general Süleymanini minlərlə amerikalının ölümündə birbaşa və ya dolaysıyıla əli olan terrorçu kimi qələmə verib. Prezident Donald Tramp isə öz tvitində yazıb ki, “Süleymani çoxdan öldürülməli idi”.
Yada salaq ki, ABŞ ötən il SEPAH-ı terrorçu təşkilatlar siyahısına salıb (Rusiya, Türkiyə, Avropa Birliyi, Çin, Azərbaycanın belə qərarları yoxdur). Öz növbəsində İran rəhbərliyi, o sırada xarici işlər naziri Məhəmməd Zərif generalın qətlini terror aktı adlandırıb. Təbii ki, bir-birini dövlət səviyyəsində terrorçuluqda, terrora dəstəkdə ittiham edən iki tərəf eyni dərəcədə haqlı ola bilməz...
Məsələdə Tehranın əlini “qızdıran” maraqlı detallardan biri odur ki, Rusiya və Fransa (Avropa Birliyi) ABŞ-ın həyata keçirdiyi aktı pisləyib. Qonşu Türkiyə də hadisədən narahatlıq ifadə edib, qanlı olayı bölgədə vəziyyəti daha da gərginləşdirəcək gəlişmə kimi qiymətləndirib. Başqa sözlə, rəsmi Tehran baş verən olayla bağlı qonşu və bəzi böyük dövlətlərdən siyasi dəstək almış kimi görünə, bunun sonucu olaraq özünü cavab aksiyası üçün daha inamlı hiss edə bilər. Ancaq İran dünyanın 1 nömrəli hərbi qüdrəti ilə açıq savaşa girərmi?
Çətin. Əvvəla, İran İslam Respublikasının iqtisadiyyatı məlum səbəblərdən hazırda ən ağır dövrünü yaşayır. Bu iqtisadiyyat ABŞ kimi iqtisadi və hərbi nəhənglə üzücü savaşa tab gətirə bilməz – İran hərbi cəhətcə nə qədər hazırlıqlı olsa belə.
İkincisi, ABŞ özü uzaqda olsa da, əli bölgədədir, burada – İranının qulağının dibində nəhəng hərbi arsenala sahibdir. O sırada İranla həmsərhəd (İraq), yaxud yaxın ölkələrdə - Suriyada, dənizlərdə böyük və modern hərbi kontingentə malikdir. Ümumiyyətlə, birbaşa toqquşma variantında Amerika qısa zamanda İran ətrafına daha böyük qüvvə cəmləyə, onu üzük qaşı kimi mühasirəyə ala bilər. ABŞ-ın bölgədəki 1 nömrəli müttəfiqi olan İsrailinin İrana münasibətini də bura əlavə etsək, Tehran üçün neqativ mənzərə bir az da aydın olar.
Bu və başqa səbəblərdən İranın ABŞ-la açıq savaş müstəvisinə gəlmək istəməyəcəyini söyləmək olar. Ehtimal ki, İran daha çox öz ərazisindən kənarda qisas aktı haqda düşünəcək və bunu da yəqin ki, oradakı özünə sadiq silahlı birləşmələr və ya təşkilat(lar) vasitəsilə həyata keçirməyə çalışacaq. Ayrı sözlə, veriləcək cavabın bölgədə ABŞ obyektlərinə və Vaşinqtonun regiondakı əsas müttəfiqi İsrailə qarşı lokal aktlar şəkildə olacağı ən ehtimallı görünür. Bu xüsusda İranın ali dini lideri ayətullah Əli Xamneyinin aşağıdakı xəbərdarlığı diqqət çəkir. Sitat: “Süleymaninin öldürülməsi Birləşmiş Ştatlara və İsrailə qarşı müqaviməti ikiqat qızışdıracaq”.
Ancaq Tehranın intiqam aktının və ya aktlarının tezliklə baş verəcəyi gözlənilən deyil. Nədən ki, ABŞ iranlı generalın ölümünü özünün İraqdakı səfirliyinə, bölgədəki dinc amerikalılara hücumlara cavab aksiyası kimi təqdim edib. Necə deyərlər, “hesab” indi bərabərdir. Başqa yandan, ABŞ və İsrail Süleymaninin ölümündən sonra öz hərbi və kəşfiyyat qüvvələrini daha hazırlıqlı vəziyyətə gətirib. Pentaqon hətta orduda ən yüksək döyüş hazırlığı vəziyyəti elan edib.
Əlbəttə ki, indi həm də əsəb müharibəsi gedir. Hər necə olsa da, ABŞ da İranla birbaşa hərbi qarşıdurmada maraqlı deyil. Vaşinqtonun əsas hədəfi İranda narazı xalqın əli ilə rejim dəyişikliyinə nail olmaqdır. İstənilən halda, növbəti hücum aktı ilə bağlı Tehran yəqin ki, daha ciddi götür-qoy etməli, iki dəfə düşünməli olacaq ki, ABŞ-ın növbəti cavabı daha böyük şok effekti yaratmasın və İran hakimiyyətinin daxili ictimai dayaqları yeni zərbə yeməsin. Paralel surətdə daxildə İran rejimi öz simasını qoruyub saxlaya bilsin. Məsələ ondadır ki, ABŞ-ın növbəti zərbələri indiki kimi “xalqın hakim rejim ətrafında daha da sıx birləşməsinə” gətirməyə də bilər. O səbəbdən ki, sosial-iqtisadi durumu ağır olan İran xalqına müharibə, lüzumsuz hərbi toqquşmalar yox, ilk növbədə çörək, iş yerləri, normal güzəran lazımdır.
Söz düşmüşkən, ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib ki, Vaşinqton İranın cavab tədbirləriinə də hazırdır. Bu, adicə təhdid deyil. Bu, ən əvvəl o anlama gəlir ki, ABŞ-ın budəfəki reaksiyası əvvəlkindən qat-qat sərt olacaq. İrana hərbi zərbə endirilməsi də istisna deyil...
Yaranmış vəziyyətdə Azərbaycan dövləti təbii ki, daha ölçülü-biçili siyasət yürütmək zorundadır. Ən azı ona görə ki, söhbət bizimlə həmsərhəd olan böyük və qonşu İrandan, orada yaşayan on milyonlarla soydaşımızın taleyindən gedir. Bu xüsusda Bakının tarazlı xarici siyasət kursu, Tehranla dost və qardaş münasibətləri saxlamaq və inkişaf etdirmək, eyni zamanda, ABŞ-la, Qərblə münasibətlərə kölgə salacaq addımlardan çəkinmək indi heç vaxt olmadığı qədər prioritet dəyərdədir. Ancaq “olacağa çarə yoxdur” deyirlər. Odur ki, fors-major vəziyyəti göz önünə alıb bəzi ön tədbirlər görməyə də dəyər...
“Yeni Müsavat”