Dec 03

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru BMT iclasında bəyanatla çıxış edib

Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov BMT-də afrikaəsilli şəxslərin hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyasında bəyanatla çıxış edib.

"Report"un ABŞ bürosu xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında afrikaəsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyası keçirilib. Bu tədbir afrikaəsilli xalqların hüquqlarının müdafiəsi və tarixi ədalətsizliklərin nəticələrinin aradan qaldırılması sahəsində ən əhəmiyyətli beynəlxalq platformalardan biri kimi tanınır.

Abbasov çıxışında iştirakçıları BTQ-nin fəaliyyəti və müstəmləkəçilik siyasəti əsarəti altında olan regionlara verdiyi dəstək, Afrika xalqları ilə əməkdaşlığı haqqında geniş məlumat verib. O, BTQ adından afrikalılar və afrikaəsilli insanların ədalət çağırışında həmrəyliyini dilə gətirib:

"Biz əsrlər boyu əsarət, müstəmləkəçilik və neokolonializmin dərin və hələ də davam edən təsirlərini aradan qaldırmaq üçün birləşmişik. Bu tarixi ədalətsizliklər böyük ziyana səbəb olub və bizim ədaləti bərpa etməyimiz çox vacibdir. Boneyr, Sen-Marten, Aruba, Kürasao, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis və Futuna, Mayot, Korsika, Qvadelupa, Martinik, Fransız Qvianası və Reyunyon kimi bir neçə bölgə müstəmləkəçiliyin uzunmüddətli mirasları ilə mübarizə aparmaqda davam edir. Bu ərazilər tarixi müstəmləkə hökmranlığından qaynaqlanan, onların inkişafına və öz müqəddəratını təyin etmələrinə mane olmaqda davam edən sosial-iqtisadi və siyasi problemlərlə üzləşirlər. BTQ bu regionların beynəlxalq təşkilatlara daxil edilməsini və təmsil olunmasının tərəfdarı kimi çıxış edərək, mütəmadi olaraq onların maraqlarını müdafiə etməkdə davam edir. Bu mənada biz çoxsaylı beynəlxalq və tematik konfranslar təşkil etmiş və qlobal qurumlara müraciətlərin hazırlanmasında mühüm dəstək göstərmişik. Bu təşəbbüslər bu icmaların hüquqlarının, istəklərinin və narahatlıqlarının qlobal arenada effektiv şəkildə təmsil olunmasını və həll olunmasını təmin etmək məqsədi daşıyır, onların adından uğurlu təbliğat və fəaliyyətə şərait yaradır. Biz hüquqi, mədəni, təhsil, iqtisadi və psixoloji elementləri özündə birləşdirən hərtərəfli qlobal təzminat çərçivəsinin yaradılmasını tələb edirik".

Onun sözlərinə görə, təzminatlar, ötən müddətdən asılı olmayaraq, təsirə məruz qalmış icmaların ədalət mühakiməsinə çıxışını təmin edən Roma Nizamnaməsi və Baş Assambleyanın 60/147 saylı qətnaməsi də daxil olmaqla, beynəlxalq insan hüquqları çərçivəsində tərtib edilməlidir:

"Təzminatlar, həmçinin, mədəni irsin və artefaktların qaytarılmasına, bərabərsizliyi davam etdirən hüquqi, iqtisadi və sosial sistemlərin islahatına da şamil edilməlidir".

Abbasov BTQ-nin afrikaəsilli şəxslərin hüquqlarının bərpası, ədalətli və davamlı reparativ çərçivəyə nail olmaq üçün hərtərəfli yanaşma təklif etdiyini qeyd edib:

"Təzminat üçün hüquqi baza yaratmaq, mədəni irsin qaytarılmasını müdafiə etmək və təcrid olunmuş icmaların səlahiyyətlərini gücləndirmək üçün iqtisadi təşəbbüslərlə yanaşı, təhsil islahatlarının da aparılmasını təşviq edirik. Biz, həmçinin, keçmiş ədalətsizliklərin qalıcı psixoloji təsirlərini aradan qaldırmaq üçün təzminat proqramları vasitəsilə zehni və emosional müalicə prosesini təşviq etmək məqsədi daşıyırıq. Bundan əlavə, biz müstəmləkəçilikdən təsirlənənlərin övladlarının üzləşdikləri davamlı bərabərsizlikləri aradan qaldıraraq, sistem dəyişikliyini təşviq edən bərpaedici tədbirlər planının həyata keçirilməsi üçün çağırış edirik. Təşkilatımız bərpaedici ədalət uğrunda qlobal hərəkata dəstək vermək öhdəliyini bir daha təsdiqləyir. Biz beynəlxalq forumlarda bu xalqların hüquqlarını müdafiə etməyə və ədalətli və davamlı təzminat prosesini təmin etmək üçün hökumətlər, vətəndaş cəmiyyəti ilə işləməyə davam edəcəyik. Biz keçmişin səhvlərini düzəltmək və hamı üçün daha ədalətli gələcək qurmaq üçün qətiyyətli fəaliyyətə çağırış edirik".

Bənzər xəbərlər

Gündəm

0.047347068786621