Yaponiyada supermarketə girən ayı üç gün sonra oradan çıxarıldı
Yaponiyanın şimal şəhəri Akitada polis və təcili yardım xidmətləri yerli supermarketlərdən birinə girən ayını üç gündən sonra tuta biliblər.
Mozalan.az-ın Yaponiya ictimai televiziyasına istinadən verdiyi məlumata görə, ayını supermarketin ərazisində qurulmuş sensor tələlər şəbəkəsi sayəsində tutmaq mümkün olub.
Ayı noyabrın 30-da yerli supermarketlərdən birinə girib və içəridə olan işçiyə hücum edib. Xəsarət alan kişi qaça bilib, onun həyatı üçün təhlükə yoxdur.
Yaponiyada, xüsusilə meşəlik və dağlıq ərazilərin yaxınlığındakı şəhərlərdə ayılar tez-tez yaşayış məntəqələrində görünür və bəzən insanlara hücum edirlər. Son bir ay ərzində Akitada ayılar yaşayış məntəqələrində bir neçə dəfə görünüb, yerli hakimiyyət orqanları sakinləri daim sayıq olmağa çağırır.