Dec 11

" Səyyad öz hakim statusundan istifadə edərək, məhkəmələr vasitəsilə obyekti sökdürmək istəyir"


Sahibkar Əliyev Eldar İsmayıl oğlu və Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Səyyad Qafari arasında məhkəmə çəkişməsi davam edir. Məhkəmə hakiminin keçmiş biznes şəriki prezident İlham Əliyevə şikayət ünvanlayıb:


"HÖRMƏTLİ CƏNAB PREZİDENT !


Yasamal rayon məhkəməsinin 27 iyul 2019-cu il tarixli qərardadından görünür ki, iddiaçı Qafari Seyran Ağali oğlu Əliyeva Kəmalə Misirxan qızına qarşı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 14 saylı ünvanda yerləşən 450 kv.m. torpaq sahəsinin öz istifadəsində olan 225 kv.m. hissəsində yerləşən tikilinin sökülməsi barədə iddia qaldırmışdır. Həmin obyekt Əliyeva Kəmalə Misirxan qızı ilə birgə nikah dövründə bilavasitə tərəfimdən inşa edildiyindən və bütün tikinti və inzibati xərclər mənim tərəfimdən çəkildiyindən, onun sökülməsi maraqlarıma toxunur və həmin mübahisə predmeti barədə Sizi məlumatlandırıb, bizə kömək etməyinizi xahiş edirəm.
Əliyeva Kəmalə Misirxan qızı ilə birgə nikahda olmuşam və həmin obyektin tikintisi bilavasitə iştirakım, təşkilatçılığım və rəhbərliyim ilə inşa edilmişdir. İndi isə keçmiş dostum və şərikim, hakim Səyyad Qafari həmin obyekti sökdürmək istəyir.
Obyektin tikintisi üçün sərf edilən əməyimə görə heç bir haqq almamışam. Mənim faktiki şərikim Qafari Səyyad Ağəli oğlu ilə dost münasibətlərində olduğumuza görə (hazırda həmin dost münasibətləri pozulub və ilkin olaraq Qafari Səyyad Ağəli oğlu öz qardaşının vasitəsilə Yasamal rayon məhkəməsində həmin obyektin sökülməsinə dair iddia qaldırıb) əməyimin pul ilə qiymətləndirilməsini, ümumi xərcə salınmasını istəməmişəm.
Şəxsi əməyimdən başqa həmin obyektin tikintisinə 546.230 (beş yüz qırx altı min iki yüz otuz) manat vəsait xərclənmişdir. Hər dəfə obyektin tikintisinə vəsait lazım olanda, Səyyada bildirirdim, o isə deyirdi ki, dost deyilik, sən xərclə, sonra mən sənə verərəm. Mən də ona inanmışdım. Lakin sonradan çəkilən xərcin yarı hissəsini ödəyərək, mənimlə bərabərləşməkdən yayındı. Bu zaman aldadıldığımı anladım. Həmin vəsait xərclənən zaman 1 ABŞ dollarının manata olan məzənnəsi 0,78 manat idi, hazırda isə 1.70 manatdır. Əgər mən də Qafari Səyyad Ağəli oğlu kimi haqsız və insafsız davranan olsaydım (belə ki, onun obyekti sökdürmək iddiası heç bir normaya sığmır) onda obyektin tkintisinə xərclənən vəsait kimi 1.000.000 (bir milyon) manatdan çox pulun ödənilməsi barədə iddia ilə çıxış edərdim. Lakin mən xərclənən ümumi məbləğin yarı hissəsini, yəni 273.115 (iki yüz yetmiş üç min yüz on beş) manatı, öz halal haqqımı tələb edirəm. Həmin məbləğin də 56.000 (əlli altı min) manat hissəsini Qafari Səyyad Ağəli oğlunun iş yoldaşı, onunla birlikdə Sumqayıt Apellyasiya məhkəməsində işləyən Mustafayev Yamil İsa oğlu tərəfindən mənə gətirilərək ödənilmişdir. Həmin məbləği çəkilən bütün xərcin yarı hissəsindən azaldanda, hazırda Səyyadın mənə 217.115 (iki yüz on yeddi min yüz on beş) manat borcu var. Qafari Səyyad obyekti öz qardaşı Kafari Seyran Ağaəli oğlunun adına rəsmiləşdirdiyindən, mən iddia ərizəmdə cavabdeh kimi Kafari Seyran Ağaəli oğlundan həmin məbləği tələb etmək məcburiyyətindəyəm. Amma bu o demək deyil ki, mən etiraf edirəm ki, Qafari Seyran mənim həmin obyekt üzrə şərikim olmuşdur. Cənab Prezident Sizə ünvanlanan müraciətlərimdə də bildirmişəm ki, mənim şərikim, əvvəllər ailəlikcə dostluq münasibətlərində olduğum Qafari Səyyad Ağaəli oğlu olmuşdur.
Tələb etdiyim 217.115 (iki yüz on yeddi min yüz on beş) manat tikinti və inzibati (razılaşdırmalar, rüsumlar, icazələr, müxtəlif şəxslər tərəfindın tapşırıq ilə görülən işlər və xidmətlər) xərclərin və 72.000 (yetmiş iki min) manat şəxsi əməyim və təşkilatçılıq haqqının, cəmi olaraq 289.115 (iki yüz səksən doqquz min yüz on beş) manat məbləğin açıqlaması mövcuddur. Bundan başqa Səyyad Qafarinin obyekti məhkəmə vasitəsilə sökdürmək planına qarşı, aşağıdakı razılaşmaları diqqətinizə çatdırıram.
1. Əliyeva Kəmalə Misirxan qızının müraciəti ilə Bakı şəhər, Yasamal rayon İcra Hakimiyyətinin 17.09.2013-cü il tarixili, 355 saylı sərəncamı ilə Yasamal rayonu, M.Seyidov küçəsi 14 saylı binanın yaxınlığında, razılaşdırılmış eskiz layihəyə uyğun şəkildə 450 kv.m. torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilmişdir.
2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Kəmalə Əliyevaya ünvanladığı 25/26-07433 saylı, 05.11.2013-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 14 ünvanda qeyri-yaşayış obyektinin tikintisi üçün tərtib olunmuş layihə “Tikinti-quraşdırma işləri aparılan zaman yanğın təhlükəsizliyi Qaydaları”nın tələblərinə uyğundur.
3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 17084 saylı, 09.12.2013-cü il tarixli müsbət rəyindən görünür ki, sifarişçi Əliyeva Kəmalə Misirxan qızının Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 14 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış binasının işçi layihəsi razılaşdırılmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya AA 065224 saylı, 26.08.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”ündən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 14 saylı binanın yaxınlığında, ümumi sahəsi 0,045 ha (450 kv.m.) olan dövlət torpaq sahəsi Əliyeva Kəmalə Misirxan qızının istifadəsində olmuşdur.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX, 0481971 saylı, 27.08.2014-cü il tarixli “Çıxarış”ından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 14 saylı binanın yaxınlığında, ümumi sahəsi 0,045 ha (450 kv.m.) olan torpaq sahəsi icarə hüququ əsasında əvvəllər birgə nikahımız olan Əliyeva Kəmalə Misirxan qızına məxsus olmuşdur.
6. Bakı şəhər İcra Hakimiyyətinin başçısı ilə imzalanan 20 aprel 2015-ci il tarixli, 1045 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 14 saylı binanın yaxınlığlında yerləşən, ümumi sahəsi 450 (dörd yüz əlli) kv.m olan torpaq sahəsi, Yasamal rayon İcra Hakimiyyəti başçısının 17.09.2013-cü il tarixli, 355 saylı sərəncamı ilə üzərində qeyri-yaşayış sahəsinin tikintisinə icazə verildiyindən, 99 (doxsan doqquz) il müddətinə, hər il üçün 835 (səkkiz yüz otuz beş) manat, 20 (iyirmi) qəpik icarə haqqı müqabilində Əliyeva Kəmalə Misirxan qızına icarəyə verilmişdir. İcarə haqqının ödənilməsi məqsədilə Əliyeva Kəmalə Misirxan qızı tərəfimdən hesab açılmış və hər il üçün icarə haqqı vergi orqanının müvafiq xəzinə hesabına ödənilmişdir. Həmin müqavilənin “1.3.”-cü bəndində göstərilmişdir ki, torpaq sahəsi qeyri-yaşayış binasının tikintisi üçün verilir.
7. “Azəri-SA” MMC ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu arasında imzalanan 30 sentyabr 2015-ci il tarixli müqavilənin predmetindən görünür ki, - “ “Sifarişçi” həvalə edir, “İcraçı” isə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 14 saylı ünvandakı binanın yanında inşa olunan, Əliyeva Kəmalə Misirxan qızına məxsus, zirzəmili, 3 (üç) mərtəbəli (+ mansard) ofis binasının tikintisində istifadə olunacaq tikinti materiallarının və konstruktiv elementlərin, betonun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün Azərbaycan Respublikasının qüvvədə olan standartlarına uyğun olaraq yoxlama – sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürür.
8. “Ayan-A Yaradıcılıq istehsalat” MMC-nin “müəllif nəzarəti” kitabından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 14 saylı binanın yanında yerləşən, Əliyeva Kəmalə Misirxan qızına məxsus ofis binası üzrə 18.10.2015-ci il tarixə “4-cü mərtəbə (10.90 səviyyə) monolit rigellərin örtük tavanın, lift şaxtasının, pilləkən qəfəsəsinin, sütunların armaturlanma işləri başa çatmaqda olmuşdur.
9. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun 37/36-03035 saylı, 18.05.2017-ci il tarixli məktubu və həmin məktuba əlavə edilən “Arayış”dan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 14 saylı binanın yanında yerləşən və Əliyeva Kəmalə Misirxan qızına məxsus olan ofis binası layihəyə uyğun inşa edilmişdir.

CƏNAB PREZİDENT !

Göründüyü kimi obyekt tam qanuni tikilmişdir. İndi isə Səyyad öz hakim statusundan istifadə edərək, məhkəmələr vasitəsilə obyekti sökdürmək istəyir ki, mənə zərər vursun və ya borclu olduğu məbləği ödəməkdən yayınsın.
Səyyadın hərəkətləri barədə Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına müraciətlər ünvanlasam da, məsələ obyektiv araşdırılmır və onun xeyrinə ört-basdır edilir. Belə ki, müxtəlif şəxslərlə olan görüşlərimdə mənə deyirlər ki, necə sübut edərsən ki, Səyyad Qafari sənin şərikindir? Mən audio və video yazılar təqdim edirəm, şahidlər gətirirəm, Səyyadla həcc ziyarətində olmuşam, oğlum bir neçə il onun yanında işləyib və s. olan faktlara heç kim baxmaq istəmir. Axı mən necə bu qədər yalan danışa bilərəm? Səyyad torpağı qardaşı Seyran Kafarinin adına rəsmiləşdirən zaman, Seyran özü heç notariusda iştirak etməyib. Bunu onun əvəzindən Səyyadın iş yoldaşı və dostu edib. İndi isə Seyran deyir ki, sənin şərikin mənəm. Mənim və Səyyadın telefonlarımız araşdırılsa, 2012-2014-cü illərdə bəlkə elə gün olub ki, 10 dəfə danışmışıq. Amma Seyranı mən həyatda cəmi bir neçə dəfə görmüşəm.

Hörmətli cənab Prezident İLHAM ƏLİYEV!

Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunu hakimlərə biznes fəaliyyəti ilə məşğul olmağı qadağan edir. Lakin Səyyad Qafari nəinki biznes ilə məşğul olmağını gizlətməklə, mənə zərər vurmaq istəyir, eyni zamanda məhkəmələrə təsir edərək bütün işi öz xeyrinə həll edir. Hazırda mən böyük bir hüquqşünas – hakim ailəsi ilə üz-üzə qalmışam.
Bir daha Sizdən xahiş edirəm ki, hakim Səyyad Qafarinin qeyri-qanuni hərəkətlərinin araşdırılması, onun mənə olan borcunun ödətdirilməsi və qanunsuz hərəkətlərinin qarşısının alınması barədə zəruri tapşırıqlarınızı verəsiniz.azerinfo.tv

Bənzər xəbərlər

Gündəm

0.11036396026611