Heyvansevərlər buldoq pişiklərinin Almaniyada qadağan olunmasını tələb edirlər
İtlərin buldoq cinsi bir neçə əsr əvvəl İngiltərədə ortaya çıxıb. Anatomiyasının özəlliklərinə görə bu itlər tez-tez boğulur, xoruldayır, soyuqdəymələrə tutulur, qızdırmaya həssas olur, tez yorulur, təngnəfəslikdən əziyyət çəkir. İndi damazlıqçılar bu növ pişikləri yetişdirməyə başlayıblar. Onlara "bully cat", yəni "öküz pişiyi" adı verilib.
Mozalan.az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.
Bu heyvanlar tüksüz sfenkslərə bənzəyir, lakin qısa ayaqları və qırışmış dəriləri ilə fərqlənirlər. "Bully cat" cinsi Böyük Britaniyada xüsusilə məşhurdur, bir çoxları sırf sosial şəbəkələrdə kontent üçün onları yetişdirirlər. Ancaq buldoqlar kimi "bulpişiklər" də sağlamlıq problemləri ilə üzləşirlər: bığlarının olmaması və ətraflarının qısalığı səbəbindən hərəkətləri məhduddur, xroniki dəri infeksiyalarından əziyyət çəkir, xəsarət və yanıqlara həssasdırlar. Onlar digər pişiklərlə müqayisədə daha qısa ömür sürürlər.
"İtlərin yetişdirilməsinin belə ekstremal üsullarını artıq görmüşük. İndi deyəsən, sosial şəbəkələrdə "bəyənmələr" üçün insanlar pişikləri də eyni şəkildə istismar edirlər. "Bulpişiklər" heyvanların rifahı nöqteyi-nəzərindən bir fəlakətdir. Bu cür yetişdirmə amansızdır", - Böyük Britaniyanın "Naturewatch Foundation" heyvanları mühafizə təşkilatı bildirib.
Alman Heyvanları Mühafizə Birliyi britaniyalı həmkarlarını dəstəkləyib. Onlar hesab edirlər ki, Heyvanların Mühafizəsi Aktının "11b" maddəsinə əsasən, Almaniyada "bulpişiklər" qadağan edilməlidir. Həmin bənddə qeyd olunub ki, Almaniyada işgəncə ilə yetişdirilməsi (Qualzucht) qadağandır, çünki bu zaman yetişdirilən heyvanlar böyük əzab çəkirlər.