Sumqayıt Apellyasiya məhkəməsinin hakimi ilə biznes ortağının əmlak davası davam edir-VİDEO
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əliyeva Kəmalə Misirxan qızı cənab Prezident İlham Əliyevə, Birinci xanım Mehriban Əliyeva müraciət edərək, Sumqayıt Apellyasiya məhkəməsinin hakimi Səyyad Qafari tərəfindən yaradılan problemin həllində köməklik istəmişdir. Xanım Əliyeva bildirir ki, keçmiş həyat yoldaşı Eldar Əliyev iş adamı olmuşdur, uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə əvvəllər vəkil işləyən Səyyad Qafari tərəfindən aralarında münasibət yaranmışdır. Sonradan bu əlaqələr dostluğa çevrilib. Indi isə tərəflər əmlak üstündə bir birlərini məhkəməyə vermişdir. 15 illik dost, həcc yoldaşı və Yasamalda yerləşən obyekt üzrə şərikli iş görən şəxslər indi məhkəmədə çəkişirlər. Təkcə onu demək kifayətdir ki, Kəmalə Əliyevanın oğlu, Sumqayıt Apellyasiya məhkəməsində hakim Səyyad Qafarinin yanında işləmşdir.
Korrupsiya.org xəbər verir ki, hakim Səyyad Qafari arasında olan mübahisə barədə elektron informasiya vasitələrində və sosial şəbəkələrdə yazılar verilmişdir. Hazırda tərəflər arasında çəkişmə daha da gərginləşib və iş üzrə yeni hallar ortaya çıxıb. Belə ki, hakim Səyyad Qafari Eldar Əliyevi onun malını qəsb etməkdə günahlandıraraq, hüquq mühafizə orqanlarına şikayət etməklə xəbərdar edib və bu vəziyyət davam edərsə başı agrayacağı ilə hədələyib. Belə ki, prokurorluq orqanlarına edilən şikayətdən sonra, Eldar Əliyev polis bölməsinə dəvət edilərək, izahatı alınıb. Eldar Əliyev isə bildirir ki, şərikli olan obyektə çəkilən xərcin yarı hissəsi Səyyad Qafari tərəfindən ödənməzsə, onun obyektə iddiası ola bilməz. Lakin qarşı tərəf bununla razılaşmır və tələb edilən 200 min manat pulu vermədən, obyektin yarı hissəsinə şərik olduğunu bildirir.
Azərbaycan qanunları hakim vəzifəsinə təyin edilmiş şəxsə kommersiya fəaliyyəti ilə məşğul olmağı qadağan etdiyinə görə, hakim Səyyad Qafari qardaşı Seyran Kafarinin adı altında öz biznes fəaliyyətini qurmuşdur. Onun bu fənni öz şəxsi əmlaklarını qohumları olan başqa-başqa şəxslərin adına almasında da özünü göstərmişdir.
Hakim Səyyad Qafarinin, keçmiş dostu Eldar Əliyevə qalib gəlmək üçün düşündüyü fənlər öz əmlaklarını başqa şəxslərin adına rəsmiləşdirməklə bitmir. Belə ki, o, hazırda rəsmi nikahda olduğu Aybəniz Əsədova ilə məhkəmə qaydasında boşanaraq, həm birgə nikah dövründə əldə edilən əmlakı bölərək, nisbətən azaldılmasına, həm də, qayınatası, respublikada nüfuzlu hüquq alimi olan Bağır Əsədovun hazırki vəziyyətdə narahatlıq keçirməsinin qarşısının alınmasına çalışır. Belə ki, Eldar Əliyev Bağır əmi dediyi ağsaqqal ilə dəfələrlə bu barədə danışmış, kömək istəyərək, dostlar arasında münasibətlərin mal-mülk üstündə pozulmamasına dəstək olmasını xahiş etmişdir. Əvvəllər Bağır müəllim Eldar Əliyevə demişdir ki, narahat olma, hər şey yaxşı olacaq. Sonra isə bu məsələvə ümumiyyətlə kürəkəni olan hakim Səyyad Qafarinin işlərinə qarışmadığını bildirmişdir. Bu istiqamətdə ağsaqqal tənzimləməsinə ehtiyac duyan Eldar Əliyev, hətta İsmayıllı rayonu, Lahıc qəsəbəsinə gedərək, Bağır müəllimdən münaqişəyə kritik müdaxilə etməsini, tərəfləri barışıq masasına oturtmasını xahiş etsə də, Bağır müəllim müsbət fikir deməmişdir.
Lakin birmənalı olaraq görünür ki, bütün situasiya Bağır Əsədovun diqqətindədir. Belə ki, hakim Səyyad Qafarinin qardaşı Seyran Kafari məhkəmədə Kəmalə Əliyevaya qarşı iddia qaldırarkən, müqavilə münasibətlərində tətbiq olunan 3 illik iddia müddətigözlənilmiş və daha sonra məhkəmə gedişi edilmişdir. Eldar Əliyev bildirir ki, hakim Səyyad Qafari hələ Nəsimi rayon məhkəməsində işləyən zaman hər bir vaxt qayınatası Bağır müəllim ilə məsləhətləşir, onun dəyərli fikirləri əsasında lazım olan qanunu tətbiq etməklə, qətnamələr qəbul edirdi.
Bundan əlavə işin mübahisəsiz halı ondan ibarətdir ki, hazırda hakim Səyyad Qafari arvadı Aybəniz Əsədovadan rəsmi olaraq boşanaraq, bir növ öz qayınatasını və ailənin ağsaqqalını gərəksiz söz – söhbətdən və arzuolunmaz narahatçılıqdan qorumağa çalışır. Belə ki, nikahın rəsmi pozulmasından sonra böyük bir hüquqşünas ailəsinə başçılıq edən Bağır müəllim rahatca bildirəcək ki, daha Səyyad Qafari mənim kürəkənim deyil və onun etdiyi xoşagəlməz hərəkətlərə görə nə mən, nə də qızım narahat edilməsin. Göründüyü kimi çox gözəl ssenari qurulub və bütün güclər işə salınıb ki, Eldar Əliyev 4 illik zəhmətinin bəhrəsi olan obyektin sökülmə qorxusuna görə Səyyad Qafariyə minnətçi düşsün və iddia etdiyi 200 min pulu istəməyərək, qarşı tərəfin irəli sürdüyü şərtlərə razılıq versin.
Yuxarıda sadalananların fonunda, Eldar Əliyevin ailəsindəki vəziyyət daha öncədən gərginləşmişdir. Kəmalə Əliyeva keçmiş həyat yoldaşından onun razılığı olmadan Seyran Kafarinin adına keçirilən torpaq sahəsinin geri qaytarılmasını tələb edir. Belə ki, Səyyadın hərəkətləri nəticəsində ailədə soyuqluq yaranmış və münasibətlər zaman-zaman kəskinləşmişdir. Belə ki, Eldar Əliyev Səyyad Qafari ilə şərikli tikdiyi obyekt üçün şəriki pul verməyən zaman, bir neçə daşınmaz əmlakını sataraq pulunu tikintiyə yönəltmişdir ki, sonradan dostu öz payına düşən hissəni verəcək. İndi isə Səyyad Qafari həmin pulu vermək istəmir, dostluqlar pozulub və hətta məsələ məhkəmə müstəvisinə keçib. Bu barədə dəfələrlə Eldar Əliyevlə Səyyad Qafari arasında görüşlər olmuş, hər dəfə də, Səyyad Qafari Eldar Əliyevə narahat olmamağı məsləhət görmüşdür. Hətta bir dəfə Səyyad Qafari obyektin sənədlərini Eldar Əliyevdən alaraq, respublikada nüfuzlu şirniyyat markalarından birinə verəcəyini bildirmiş və gələcəkdə obyektin icarəsindən Eldar Əliyevə öz payına düşən vəsaiti də təklif etmişdir ki, bir müddət obyektin icarə haqqını Eldar götürər, sonra tərəflər bərabərləşəndən sonra daxil olan icarə haqları bölünər.
Yuxarıdakılar barədə Kəmalə Əliyeva dəfələrlə hüquq mühafizə orqanlarına və Məhkəmə hüquq şurasına çoxsaylı müraciətlər ünvanlamışdır. Lakin həmin müraciətlərə heç bir cavab olmamış və məsələ obyektiv həllini tapmamışdır. Eyni zamanda hakim Səyyad Qafari də dəfələrlə Eldar Əliyevi xəbərdar etmişdir ki, əgər mövcud mübahisəyə görə məni işdən çıxarsalar, sənin başını pis formada ağrıdacam. Bəlkə də, bütün bu gərginlik və stressdəndir ki, Eldar Əliyev onkoloji xəstəlik tapmışdır.
Bundan əlavə Kəmalə Əliyeva Məhkəmə hüquq şurasına da müraciət etmişdir. Eyni zamanda əlində olan materiallar hüquq mühafizə orqanlarına təqdim edilmişdir. Kəmalə Əliyeva bildirir ki, nə qədər Səyyad Qafari öz obyektini qardaşının adına rəsmiləşdirsə də, əslində bütün işlər onun tərəfindən idarə olunur. Belə ki, ilk əvvəl Məhkəmə hüquq şurasına çağırılan Səyyad Qafarinin kefinə soğan doğransa da, sonradan hardansa əldə etdiyi köməklik nəticəsində öz yalanları ilə Məhkəmə Hüquq şurasını inandıra bilmişdir. Kəmalə Əliyeva narahatçılığını bəyan etməklə, eyni zamanda kommersiya fəaliyyəti ilə məşğul olan hakim barədə tədbir görülməməsinə təəccüb edir. Belə çıxır ki, Sayyad Qafarinin və vəzifələrdə işləyən qohumlarının hər yerə əli çatır. Lakin Kəmalə Əliyeva inanır ki, cənab Prezident və Birinci xanım Mehriban Əliyeva bu barədə məlumatlı olandan sonra haqq-ədalət öz yerini tapacaq.
Tərəflər arasında hazırda iki məhkəmə çəkişməsi mövcuddur. Yasamal rayon məhkəməsində hakim Orxan Məmmədlini icraatında olan iş və hakim Emin Mehdiyevin icraatında olan iş. Birinci iş üzrə Səyyad Qafari qanuni olaraq tikilən obyektin sökülməsini iddia edir və bu iddianı öz qardaşının adı altında başladıb. İkinci iş üzrə isə iddia ərizəsini Kəmalə Əliyeva qaldırmışdır. Belə ki, onun xəbəri olmadan və üzərində əmlak olan torpaq sahəsinin bölünməsi tam qanunsuz olmuşdur və barədə olan alqı-satqı-müqaviləsinin etibarsızlığı zəruridir.
Kəmalə Əliyeva cənab Prezidentə müraciət edərək, onun yeni təyin olunmuş İqtisadiyyat naziri cənab Mikayıl Cabbarovla görüşündə dediyi fikirlərin tətbiq olunacağına, sahibkarların incidilməməsinə və yeni iş yerlərini yaradılması üzrə sahibkarlara köməklik olunmasına inandığını bildirir. Eyni zamanda Kəmalə Əliyeva 5 il ərzində bütün ailə üzvlərinin, qohumların köməkliyi ilə ərsəyə gətirdiyi obyektin, bir hakimin şəxsi marağı ucbatından sökülməsinə dövlətimizin rəhbərinin icazə verməyəcəyinə əmin olduğunu dilə gətirir. Nə qədər vəzifəli şəxslər iş adamlarını sıxışdırmaq istəsə də, cənab Prezident buna imkan verməyəcək, çünki o, hər zaman xalqın tərəfindədir və yanındadır.
Səyyad Qafari haqqında kifayət qədər sübutlar, yazılar və materiallar var ki, hamısında o deyir ki, obyekt mənimkidir. Lakin bu məlumatlar dövlət orqanları tərəfindən yaxşı araşdırılmır. Belə çıxır ki, hamı Səyyad Qafarinin tərəfini tutur və ya o, hamıya təsir edir.
Kommersiya fəaliyyəti ilə məşğul olan hakim Səyyad Qafarinin eyni zamanda Nəsimi rayon məhkəməsində işlədiyi vaxtlardakı fəaliyyəti barədə də kifayət qədər xoşagəlməz hallar və faktlar mövcuddur ki, hüquq mühafizə orqanları tərəfindən araşdırılarsa hansı ağır nəticələrə gətirib çıxaracağını təsəvvür etmək belə çətindir.
Kəmalə Əliyeva cənab Prezident İlham Əliyevdən, Birinci xanım Mehriban Əliyevadan pozulmuş hüquqlarının bərpa olunmasını xahiş edir və Seyran Qafari ilə, daha doğrusu onun qardaşı və bütün məhkəmə sistemində öz pis fəaliyyəti ilə ad çıxarmış Səyyad Qafari ilə Yasamal rayon məhkəməsində olan mübahisənin qanuni və ədalətli yolla həll olunmasını istəyir.
Hazirda bu iş üzrə məhkəmə prosesi davam edir. Sayyad Qafari müxtəlif adamlar vasitəsilə Eldar Əliyevdən məhz qardaşı ilə şərik olması baradə ifadə verməyini istəyir. Təbbi ki, Eldar Əliyev bununla razılaşmır. Məsələyə qayıdacağıq.