“Tək qiymət artımı ilə bu məsələnin tamamilə həlli mümkün deyil” - BAHALAŞMA ANONSU...
Məlum olduğu kimi, 2020-ci ildən Azərbaycanda aksiz dərəcələrinin, o cümlədən siqaretin qiymətinin artımı gözlənilir. Belə ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə bildirilir ki, ölkədə içməli spirt, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litri üçün aksiz vergisi 2 manatdan 3,2 manata qaldırılır. Siqarilla (nazik siqarlar) üçün aksizlər - 1.000 ədədinə görə 20,0 manatdan 31 manata qaldırılıb. Tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri üçün aksizlər - 1.000 ədədinə 20 manatdan 31 manata qaldırılıb.
Bəzi ekspertlər düşünür ki, siqaretin qiyməti artırılarsa, ölkədə siqaret istifadəçilərinin də sayı azalmış olar. Xatırladaq ki, ÜST-in Azərbaycandakı nümayəndəsi Hande Harmancı qeyd edib ki, Azərbaycanda tütünçəkmə ilə mübarizədə bir çox işlər görülüb, amma ölkədə siqaretin qiyməti hələ də çox ucuzdur, buna görə də hazırda bu istiqamətdə işlər aparılır: “Azərbaycanda tütünlə mübarizə üzrə çox yaxşı qanun qəbul edilib. Amma qanunun qəbulu əsas olsa da, onun icra mexanizminin tətbiqi daha vacibdir. Hazırda bununla bağlı sıxıntılar var”.
Qeyd edək ki, Azərbaycanda son aylarda siqaretin qiymətində bir neçə dəfə müxtəlif məbləğlərdə artım edilib. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, cari ilin sentyabr ayında avqust ayına nisbətən içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz bahalaşıb. Dünyada da bu tendensiya gedir. Belə ki, Beynəlxalq Müstəqil Tədqiqat İnstitutu məlumat yayıb ki, ən bahalı siqaret brendləri Avstraliyada, ən ucuz siqaret markaları isə Pakistanda satılır. Sözügedən məhsulun müvafiq ölkədə ən yüksək qiyməti 20,42 dollar təşkil edir. 2018-ci ilin hesabatına görə, Avstraliyanı 18,31 dollarla Yeni Zelandiya, 13,42 dollarla isə Norveç izləyir. Siyahıya əsasən Avropa ölkələri liderlik edir.
Dünyanın ən ucuz siqareti Asiya ölkələrində satışa buraxılır. Beləliklə, ən ucuz siqaret Pakistanda orta hesabla 1 dollara təklif olunur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, müxtəlif ölkələrdə siqaretlə bağlı tətbiq olunan məhdudiyyətlər fərqli nəticələr ortaya qoyur. Adıçəkilən təşkilatın 15 yaşdan yuxarı siqaret çəkənlərin nisbəti ilə bağlı 2016-cı ilə məxsus hesabatına görə 103 min əhalisi olan Kiribati 47,4 faizlə mövcud sektora liderlik edir. Növbəti yerləri 46 və 43 faizlə müvafiq olaraq Monteneqro və Yunanıstan bölüşür. Azərbaycanda isə siqaretlər 1.2 manatdan başlamaqla müxtəlif qiymətlərə satılır.
Məlumat üçün bildirək ki, statistikaya görə ölkəmizdə 20-44 yaş arası kişilərin 30 faizi, 44-65 yaş kişilərin isə 51 faizi tütün məmulatlarından istifadə edir. Təxminən onların hər biri gün ərzində 16 ədəd siqaret çəkir. Aparılan statistikaya görə qadınların 52,3, kişilərin 67,5 faizi siqaret çəkməyən, amma tütünün zərərlərindən əziyyət çəkən şəxslərdir.
Bəs siqaretin qiyməti artırılarsa, istifadəçiləri nə dərəcədə azalacaq və ya imtina edəcək?
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb:
“Əslində bir çox ölkələrdə hökumətlər siqaret və alkoqollu içkilərin qiymətinin artırılması, bununla da vergi gəlirlərinin yüksəldilməsi ilə bağlı qərar verdikdə rahat olurlar. Çünki bu sosial məsələ olmadığı üçün əhali tərəfindən də o qədər aqressiv deyil, normal qarşılanır. Tək qiymətin artırılması yolu ilə sağlam həyat tərzinə keçidin tezləşdirilməsi və yaxud sürətləndirilməsi mümkün deyil. Amma təbii ki, qiymətin artması insanları müəyyən qədər pis vərdişlərdən çəkindirə bilir. Yəni belə bir məsələ olur”.
Ekspert qeyd edib ki, ölkəmizdə bu məsələyə daha diqqətli yanaşılmalıdır:
“Çünki qeyri-aksizlərin artırılması zamanı qonşu ölkələrdə qiymət baxımından fərq yaranarsa, bu, kontraband yolu ilə ölkəyə daxil olan tütün məhsullarının həcmini artırmış olacaq. Bu, bir aksiomadır və dünyanın hər yerində bu cür baş verir. Ona görə də qonşu ölkələrdəki qiymətləri də nəzərə almaq lazımdır.
Həmçinin spirtli içkilərlə də bağlı ciddi qiymət artımı olanda ev şəraitində müxtəlif kustar üsulu ilə hazırlanan məhsulların bazara və ya istehlaka daxil olması artır ki, bu da insan sağlamlığına daha çox ziyan vurur, hətta ölüm hadisələri baş verir.
Bu təcrübəni artıq Rusiyada görmüşük. Belə ki, bir neçə il bundan əvvəl Rusiyada alkoqolizmlə mübarizə çərçivəsində spirtli içkilərin qiyməti artırıldı və nəticədə ev şəraitində hazırlanan məhsullar bazarda artdı və çox saylı ölüm hadisələri yaşandı. Yəni bu iki məsələ, qonşu dövlətlərdəki qiymətləri nəzərə almaq və ev şəraitində kustar üsulu ilə hazırlanan məhsulların sağlamlığa daha çox zərər vuracağını unutmamaq lazımdır. Yəni tək qiymət artımı yolu ilə işanları pis vərdişlərdən çəkindirmək mümkün deyil. Paralel olaraq təşviqedici, izahedici addımlar atılmalı, sosial çarxlar təşkil edilməli, insanların sağlam həyat tərzi üçün gəlir düzəyinin artması lazımdır. Çünki daha çox gəlir əldə edən insanlar idman zallarına yazılır, müxtəlif aktiv həyat tərzində iştirak edirlər. Yəni məsələlər paralel aparılmasa, bu işin öhdəsindən gəlmək mümkün olmayacaq".
Xatırladaq ki, 2017-ci ildə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanun qəbul edilib. Qanuna əsasən motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı 24 saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektlərində siqaret çəkilməsini qadağan edir. Həmçinin siqaretin çəkilməsinin qadağan edildiyi yerlərə səhiyyə, elm, təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, sirk binalarında, sərgi və nümayiş salonları, idman yarışları, konsert və digər kütləvi tədbirlərin keçirildiyi zallar, ticarət, məişət, sosial xidmət obyektləri daxildir.
Siqaret çəkməkdən ötrü ayrılan xüsusi yerlər istisna olmaqla, hava, dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobus dayanacaq məntəqələrində də siqaret çəkilişi qadağandır. Bundan başqa, qanunda idarə, təşkilat, müəssisə və iaşə obyektlərində xüsusi yerlərin yaradılması üçün qoyulan tələb ləğv edilib. Ayrıca yer yaratmaq müəssisə rəhbərliyinin ixtiyarına buraxılır. Qadağaları pozanlar mülki, inzibati məsuliyyət daşıyır.
Siqaretin sağlamlıq üçün hansı zərərləri var?
Ekspertlər qeyd edir ki, insan ömrünün qısa olmasının əsas günahkarı siqaretdir. Siqaret ildə milyonlarla adamın həyatına son qoyur.
Bədxassəli şişləri əmələ gətirən əsas səbəblərdən biri siqaretdir.
Sənayeləşmiş ölkələrdə hər beş nəfərdən biri siqaretdən ölür. Siqaret çəkənlər çəkməyənlərdən 6-8 il az yaşayır.
Siqaret çəkənlərdə bədənin müqaviməti zəiflədiyinə görə belə adamlar xəstəliklərə daha tez yoluxurlar.
Siqaret çəkənlərdə digərlərinə nisbətən 10 dəfə çox mədə yarası, 13 dəfə çox stenokardiya, 12 dəfə çox infarkt olur.
Siqaret çəkənlərdə vərəmə tutulma hallarına başqaları ilə müqayisədə 2 dəfə çox rast gəlinir.
Siqaret tüstüsünün tərkibində 1000-ə yaxın maddə var. Bunların çoxu insan sağlamlığı üçün təhlükəlidir. Ən təhlükəlisi nikotindir.
Nikotin bitki zəhərlərinin ən güclüsüdür. O, tütün tüstüsünün əsas hissəsini təşkil edir. Təmiz halda nikotin rəngsiz, pis qoxulu, yağlıtəhər olur.
Siqaret çəkərkən yüksək temperaturda onun “quru destilləsi” prosesi gedir. Bu zaman salisil turşusu, ammonyak və qatran əmələ gəlir. Yeni əmələ gələn maddələr karbon 2-oksiddən, yəni dəm qazından ibarətdir. Karbon 2-oksid siqaret tüstüsünün on altıda bir hissəsini təşkil edir. Tütünün və siqaret kağızının tam yanmasından əmələ gələn karbon 4-oksid (karbon qazı) tənəffüsü çətinləşdirir.
Siqaret ürək-damar sisteminə çox zərər verir. O, ateroskleroz adlanan ürək xəstəliyini yaradır. Tütünün təsiredici maddələri böyrəküstü vəzə təsir göstərdikdə qanda yağa oxşar maddənin miqdarı artır. Qanın hərəkəti zəifləyir və ateroskleroz güclənir.
Miokard infarktını yaradanlardan biri də siqaretdir. Aterosklerozla əlaqədar olaraq qan damarları daralır və ürək əzələlərinin qidalanması yavaşıyır. Çox vaxt qan damarlarının spazması baş verir və ürək əzələləri qidalanmadığından toxuma ölür. Nəticədə miokard infarktı baş verir.
Siqaret çəkən adamlarda qan təzyiqi həmişə yüksək olur. Bu, böyrəküstü vəzilərdən qana adrenalin ifrazı ilə əlaqədardır. Adrenalin simpatik sinir sistemini fəallaşdırır. Nəticədə ürək normal işləmir. Qan təzyiqinin artması hipertoniya xəstəliyi üçün xarakterikdir.
Siqaret çəkmək endoartrit adlanan qorxulu xəstəliyi də meydana gətirə bilər. Bu zaman ayaq damarları daralır, ayaq arterial damarlarının zədələnməsi nəticəsində ayaq toxumasının qanla təchizi yavaşıyır. Ayaqda kəskin ağrılar başlayır, sonra ayağa qan gəlməsi tamam dayanır. Bu da toxumaların ölməsinə səbəb olur. Bu vaxt ağır nəticə verən qanqren başlanır.
Siqaretin tənəffüs sisteminə vurduğu ziyan, tənəffüsün funksional fəaliyyətinin pozulması gecə və səhər bolluca öskürəkdə özünü büruzə verir.
Siqaret çəkən adamların dodaqlarında, ağzında xərçəng şişlərinə təsadüf olunur. Tütünün tərkibindəki polonium-210 tənəffüs üzvləri sisteminə düşdükdə dərhal qana sorulur, nəticədə bədxassəli şişlər törənir.
Siqaret tüstüsünün tərkibində olan maddələr nəsil dəcərəsinə də mənfi təsir edir...