Kafedə hesaba görə qadın müştərini döyən icarədara HÖKM OXUNDU
Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Anar Yusifovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Anar Yusifov 1 il 11 ay 29 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.
İttihama görə, hadisə ötən il Abşeron rayonu, Xırdalan şəhəri, "Emin" şadlıq sarayının yaxınlığında yerləşən kafedə qeydə alınıb.
Belə ki, Anar Yusifov icarə əsasında işlətdiyi həmin kafedə müştəri qismində əyləşən zərərçəkmiş Gülnar İsmayılova (ad, soyadı şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin verdiyi sifarişin pulunun çox olmasına irad bildirməsi olub. Bu zaman Anar qadına nalayiq ifadələr işlədib, stolun üzərindəki pivə bakalını Gülnarın alın nahiyəsindən qəsdən vuraraq, ona xəsarət yetirib.
Hadisədən sonra Anar Yusifov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.